QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Üç mindən artıq itkinin ailə üzvlərindən bioloji nümunələr toplanıb

© Sputnik / Murad OrujovKütləvi məzarlıq
Kütləvi məzarlıq - Sputnik Azərbaycan, 1920, 13.03.2023
Abunə olmaq
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi bildirib ki, toplanmış bioloji nümunələr onlardan DNT profillərinin çıxarılması məqsədilə aidiyyəti üzrə laboratoriyaya təqdim edilib.
BAKI, 13 mart — Sputnik. "Artıq ictimaiyyətə məlumat verildiyi kimi, Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə imzalanmış müvafiq çərçivə sazişinə uyğun olaraq I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işinə 2014-cü ildən etibarən başlayıb. BQXK ilə birgə icra edilmiş bu əhəmiyyətli layihə 2022-ci ilin dekabr ayında başa çatdırılıb".
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya müsahibəsində deyib.
İsmayıl Axundov bildirib ki, hazırda 3492 itkinin ailə üzvlərindən 10805 bioloji nümunə toplanıb. Bu o deməkdir ki, işğaldan azad edilmiş ərazilərdə müəyyənləşdirilərək götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi üçün mütəxəssislərin sərəncamında kifayət qədər DNT materialı var:

"Ancaq sözsüz ki, iş prosesində zərurət yarandıqda qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə bioloji nümunələrin götürülməsi işi aparılacaq. Toplanmış bioloji nümunələr onlardan DNT profillərinin çıxarılması məqsədilə aidiyyəti üzrə laboratoriyaya təqdim edilib. Hazırda DNT profillərinin çıxarılması sahəsində zəruri işlər davam etdirilir".

Dövlət Komissiyası fəaliyyətə başladığı vaxtdan etibarən itkin düşmüş şəxslərə, o cümlədən onlara aid məzar yerlərinə dair məlumatların toplanması işi diqqət mərkəzində saxlanılıb.
Onun sözlərinə görə, materialların təhlilinə əsasən, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri və erməni silahlı-separatçı dəstələri tərəfindən qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının kütləvi və fərdi dəfn yerləri barədə məlumatlar sistemləşdirilir.
Dövlət Komissiyasının katibi qeyd edib ki, eyni zamanda, bu sahədə BQXK ilə yaxından əməkdaşlıq edilir:
“Əldə edilmiş razılığa uyğun olaraq BQXK ötən il qurumda olan müəyyən məlumatları Dövlət Komissiyasına təqdim edib. Toplanmış məlumatlar əsasında ötən il xüsusi xəritələr tərtib edilib. Bununla yanaşı, Dövlət Komissiyasının İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini hazırda da davam etdirir. Ancaq yuxarıda da qeyd etdiyim kimi, itkinlər barədə təfsilatlı məlumatlar daha çox Ermənistan tərəfdədir. Ümid edək ki, Ermənistan bu sahədə məlumatların təqdim edilməsi və konstruktiv əməkdaşlıq nümayiş etdirilməsi imkanını özündə tapacaq”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0