Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxtın çirkli havası ömrümüzü qısaldır - Səbəblər aradan qaldırılmasa, ...

© Sputnik / Антон ДенисовTıxacda avtomobillərdən xaric olunan qazlar, arxiv şəkli
Tıxacda avtomobillərdən xaric olunan qazlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.02.2023
Abunə olmaq
Nazir müşaviri tıxacların, yanacağın keyfiyyətinin ölkəmizdə havanı çirkləndirən əsas amillərdən biri olduğunu bildirib.
BAKI, 27 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir neçə gün öncə ölkə üzrə atmosfer havasının keyfiyyətini açıqlayıb. Monitorinq zamanı məlum olub ki, Bakıda ən çirkli hava Xətai rayonunda. Belə ki, paytaxtın Xətai rayonunda dəm qazının normadan 1.6 dəfə yüksək olduğu qeydə alınıb.
Aparılan təhlillərin nəticələri göstərib ki, sözügedən ərazilərin atmosfer havasının digər ərazilərdən fərqli olaraq daha çox çirklənməyə məruz qalmasının səbəbi həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, eyni zamanda, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərdir.
Sputnik Azərbaycan sağlamlığımıza ciddi təsir göstərən havanın keyfiyyətinin aşağı düşməsinin digər səbəblərini, eləcə də vəziyyətdən çıxış yollarını araşdırıb.
Yanacağın keyfiyyəti udduğumuz havaya təsir göstərir
Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daxili yanma mühərrikli avtomobillərdən xaric olunmuş işlənmiş qazlar havanın keyfiyyətinə təsirsiz ötüşmür. Nazirlik rəsmisi bildirib ki, meqapolislərdə, avtomobillərdən çox istifadə olunan şəhərlərdə atmosfer havasının daha çox çirklənməsi müşahidə olunur.
© Sputnik / Murad OrujovRasim Səttarzadə
Расим Саттарзаде в пресс-центре агентства Sputnik - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Rasim Səttarzadə
R.Səttarzadənin sözlərinə görə, yanacağın keyfiyyəti havanın keyfiyyətinə təsir göstərən əsas amillərdəndir.

"Yanacağın keyfiyyəti yüksək olduqda yanma prosesi yaxşı gedir. Bu zaman yanma məhsulları olan çirkləndirici maddələrin havaya tullanması daha aşağı olur".

Köhnə avtomobillər havaya qənim kəsilib
R.Səttarzadə onu da bildirib ki, yanacaqla yanaşı avtomobillərin texniki vəziyyəti də havanın keyfiyyətinə təsir göstərir. Onun sözlərinə görə, köhnə avtomobillərin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı artır:
"Ona görə də avtomobil parkının yenilənməsi, köhnə və istismar müddəti bitmiş avtomobillərin yollardan yığışdırılmasının ekoloji vəziyyətin qorunması baxımından vacibdir", - deyə nazirlik nümayəndəsi vurğulayıb.
Nazir müşaviri əlavə edib ki, daxiliyanma mühərriki ilə çalışan avtomobillərə deyil, elektromobillərə üstünlük verilməsi atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması baxımından önəmlidir.
Niyə bu ərazilərdə hava çirklidir?
R.Səttarzadənin sözlərinə görə, həm dəm qazı, həm də azot 4 oksid avtomobillərin işlənmiş qazının tərkib hissəsidir. O, bildirib ki, hansı ərazilərdə avtomobillərin hərəkəti intensivdirsə, həmin küçə və prospektlərdə sözügedən maddələrin miqdarı norma həddini keçir.

"Dəm qazı və azot 4 oksid avtomobillərin işlədiyi küçələrdə norma daxilində atılmalıdır. Amma görünür ki, həmin ərazilərdə hərəkət edən avtomobil sayının çoxluğu bu normanın ötməsinə səbəb olub", - deyə R.Səttarzadə vurğulayıb.

Tıxacların qarşısını almasaq...
Nazir müşavirinin sözlərinə görə, tıxaclar da havanın keyfiyyətinə təsir edən amillərdəndir.
O, qeyd edib ki, atmosfer havasının çirklənməsinin qarşısını almaq üçün vasitələrdən biri də, tıxacların qarşısını almaqdır:

"Nəqliyyatın nizamlanması, intellektual idarədilməsi məhfumu da bundan ibarətdir ki, avtomobillər mümkün qədər işlək vəziyyətdə bir yerdə çox dayanmasın. Hazırki müasir avtomobillərdə əyləcə basan kimi mühərrikin sönməsi də atmosfer havasının qorunması məqsədini daşıyır. Bu tıxaclarda avtomobillərdən tullantıların atosferə atılmasını azaldır".

Ekoloq Telman Zeynalov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə atmosfer havasının çox çirklənməsinin əsas səbəblərindən biri tıxacların olmasıdır. Həmsöhbətimiz deyir ki, paytaxtda əhali sayının və avtomobillərin sayının artması Bakıda tıxacları artırır. O, əlavə edib ki, tıxac zamanı havaya daha çox zərərli maddələr atılır.
© Sputnik / Murad OrujovTelman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri
Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri  - Sputnik Azərbaycan, 1920, 26.02.2023
Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri
Avtomobil sayının artımının qarşısı alınmalıdır
Ekoloq bildirib ki, hazırda Azərbaycanda atmosfer havasını əsas çirkləndirən avtomobillərdir:

"Azərbaycanda zavod və fabriklərin çoxu bağlanıb. Bu, bir tərəfdən işsizliyə səbəb olsa da, ekologiyanın qorunması baxımından müsbət haldır. Amma Azərbaycanda avtomobillərin sayı durmadan artır. Bu da havaya zərərli qazların atılmasına gətirib çıxarır. Paytaxt əhalisinin sayının günü-gündən artması isə bu vəziyyəti daha da ağırlaşdırır".

Ölkəyə havanı korlayan avtomobillər idxal edilir
Ekoloq son illər xarici ölkələrdən köhnə avtomobillərin Azərbaycana idxalının artmasının da ekologiyaya mənfi təsir göstərdiyini qeyd edib.
"Xaricdən köhnə avtomobilləri alaraq təmir edib Azərbaycanda satırlar. Bu avtomobillər atmosferi çirkləndirir", - deyə ekoloq bildirib.
Məlumat üçün bildirək ki, avtonəqliyyatdan istifadə zamanı 1 ton benzin yandıqda havaya azot-4 oksid 20 kq, kükürd qazı 1.6 kq, karbohidrogenlər 34 kq, bərk hissəciklər (his, qurum) 2 kq, aldehidlər (üzvü turşular) 1.4 kq atılırsa,1 ton dizel yanacağı yandıqda isə havaya azot-4 oksid 33 kq, kükürd qazı 6 kq, karbohidrogenlər 20 kq, bərk hissəciklər 16 kq, aldehidlər 6 kq atılır.
Çirkli hava sağlamlığımıza təhlükədir
Havanın keyfiyyətinin pisləşməsi isə sağlamlığımıza təsirsiz ötüşmür. BMT-nin ötən il hazırladığı hesabatında bildirilir ki, dünya sakinlərinin 99%-i Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi standartları üstələyən çirkli hava ilə nəfəs alır.
ÜST isə havanın çirklənməsini insanların sağlamlığı üçün ən təhlükəli təhdidlərdən biri adlandırıb. Təxmini qiymətləndirmələrə görə, havanın çirklənməsi dünyada ildə 9 milyona yaxın insanın ölümünə səbəb olur.
Təşkilatın qiymətləndirmələrində qeyd edilir ki, ağciyər xərçəngindən ölümlərin 36 faizi hava çirkləndiricilərinin təsiri ilə əlaqəli hallardır. ÜST onu da bəyan edib ki, havanın çirklənməsi insanlarda insult riskini artırır ki, bu da dünyada ikinci ən çox yayılan ölüm səbəbidir. İnsultla bağlı ölüm hallarının təxminən üçdəbiri orqanizmə çirkləndirilmiş atmosferin təsiri ilə bağlıdır. Qeyd olunur ki, dünyada yalnız hər 10 insandan biri ÜST-ün standartlarına cavab verən, keyfiyyətli hava olan ərazilərdə yaşayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0