Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Kiyev kabusu" Avropanı gəzir. Zelenskinin qanadları kəsilib

© AP Photo / Efrem LukatskyVladimir Zelenski, arxiv şəkli
Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2023
Abunə olmaq
Səfərinin əsas məqsədi - Qərbdən döyüş təyyarələri dilənmək olan Ukrayna prezidentinin Avropa turnesi uğursuzluqla nəticələnib. Avropa Şurasının fövqəladə iclası Zelenskinin turunun finalı oldu.
BAKI, 11 fevral — Sputnik, Mixail Katkov, Renat Abdullin. Ukrayna prezidentinin Avropa turnesi başa çatıb. Səfərin əsas məqsədi - Qərbdən döyüş təyyarələri dilənmək idi - o, bu istəyinə nail ola bilmədi. Müttəfiqlərin Zelenskini necə qarşıladığı və istədiyinin ona niyə hələ də verilmədiyi barədə - "RİA Novosti"nin materialında.
ABŞ-ın icazəsi ilə
İlk dayanacaq London olub. Burada Ukrayna rəhbəri Böyük Britaniyanın baş naziri Rişi Sunak, Kral III Çarlz ilə görüşüb, həmçinin, parlamentdə çıxış edib.
Zelenskinin tezliklə Böyük Britaniyanın paytaxtına gələcəyi prezident təyyarəsi havada olarkən məlum olub. Səfərin tarixi təsadüfi seçilməyib. Bundan bir qədər əvvəl Co Bayden ABŞ Konqresində çıxış edib və Kiyevə "lazım olduğu qədər" kömək edəcəyinə söz verib. Yəqin ki, Ağ Ev sahibinin bəyanatı okeanın o tayındakı tərəfdaşlar üçün yaşıl işığa çevrilib.
Böyük Britaniyanın baş naziri Rişi Sunak Baydenin ardınca Zelenskini davamlı dəstəyin olacağına əmin edib. Onun sözlərinə görə, London "Ukraynalı hərbçilərə təlim keçmək, bunu qırıcı pilotlara da şamil etmək" üçün əlindən gələni edəcək.
Zelenski də öz növbəsində yenidən "möhtəşəm" addım atıb. Dekabrda o, Ukrayna silahlı qüvvələrinin əsgərlərinin müraciətləri ilə birgə ABŞ Konqresinə Ukrayna bayrağını gətirib. Hazırda isə o, İcmalar Palatasına üzərində aşağıdakı yazı olan aviasiya dəbilqəsini təqdim edib: "Bizim azadlığımız var, onu qorumaq üçün bizə qanad verin."
Hətta internetdə "hədiyyə"nin "Kiyevin kabusu"na - onlarla rus qırıcısını vurduğu iddia edilən mifik pilota aid olması barədə söhbətlər getdi.
Bundan əvvəl Sunakın ofisinin nümayəndəsi ehtiyatla bəyan etmişdi ki, yaxın vaxtlarda Ukraynaya döyüş təyyarələrinin köçürülməsi planı yoxdur, lakin məsələ öyrəniləcək. Rəsmi nümayəndəyə görə, "Eurofighter Typhoon"un göndərilməsi üçün İtaliya, İspaniya və Almaniyadan icazə, "F-35" üçün isə ABŞ-ın icazəsi lazımdır.
Böyük Britaniyanın baş nazirinin özü qırıcıların tədarükü barədə birbaşa danışmasa da, kifayət qədər aydın eyhamlar verib. "Təlim (Ukraynalı pilotlar) pilotlara NATO standartlarına cavab verən müasir döyüş təyyarələrini idarə etməyə imkan verəcək", - deyə Sunak vurğulayıb.
"Dəyişən" Makron
Londondan birbaşa Parisə uçan Zelenski burada fransalı həmkarı Emmanuel Makron və Almaniyadan xüsusi olaraq gəlmiş Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Hər iki Avropa lideri amerikalılar və ingilislər kimi Ukrayna prezidentini dəstəkləyəcəklərinə əmin ediblər. Amma yenə də konkretliksiz qalıblar.
"Biz son həftələrdə müdafiə avadanlığının yeni tədarüklərinə başlamışıq, bu səyləri davam etdirəcəyik və Ukraynanın əməliyyat ehtiyaclarını birlikdə müzakirə edəcəyik. Biz hər zaman tərəfdaşlarımız və müttəfiqlərimizlə tam koordinasiyada hərəkət edəcəyik", - deyə Makron bildirib.
Şolts, tankların tədarükü ilə bağlı son qərarını xatırladıb və "gələcəkdə lazım olan qədər eyni cür hərəkət edəcəyini" vəd edib.
Zelenski Parisi açıq-aşkar yüksək ruhla tərk edib. "Le Figaro"ya müsahibəsində o, Fransa prezidentinin rəsmi mövqeyində düzəlişləri qeyd edib. Hələ ötən yay o, açıq şəkildə bəyan etmişdi ki, Qərb Rusiyanı aşağılamağa çalışmamalıdır. Makronun əvvəllər anti-Rusiya şahini deyil, sülhməramlı rolunu öz üzərinə götürməyə çalışdığını nəzərə alsaq, bu cür ritorika tənqid dalğasına səbəb olub.
"Düşünürəm ki, o dəyişib – və bu dəfə o, həqiqətən dəyişib", – deyə Zelenski bildirib. Ola bilsin ki, bu, arzunu reallıq kimi qələmə vermək cəhdidir: Paris Ukraynaya hərbi yardım göstərməsinə baxmayaraq, hələ də münaqişənin diplomatiya yolu ilə həllində israrlıdır.
Avropa İttifaqı üçün planlar
Paris görüşündən sonra Zelenski Makronla birlikdə Avropa Parlamentində və Aİ sammitində çıxış etmək üçün Brüsselə yollanıb.
Ukrayna prezidenti avropalı deputatlar qarşısındakı çıxışında ölkəyə siyasi dəstək məsələsinə də toxunub.
"Aİ öz tarixində ilk dəfədir ki, belə miqyasda hərbi yardım göstərir. Və inanıram ki, tarixdə ilk dəfə olaraq, özünü müdafiə edən və eyni zamanda öz institutlarını modernləşdirən Avropa ölkəsində daxili islahatların müsbət qiymətləndirilməsini hazırlayır. Biz Avropa Birliyinə yaxınlaşırıq. Ukrayna Aİ-nin üzvü olacaq", - deyə Zelenski öz inamını bildirib.
Avropa Parlamentinin rəhbəri Roberta Metsola Ukrayna prezidentini dəstəkləyib və daha da irəli gedib. "Aİ ölkələri hazırda ölkənizi uzaq mənzilli təyyarə və sistemlərlə təmin etmək üçün tez qərar verməlidir" – deyə Metsola bildirib.
Təyyarələr havadan asılı qalıblar
Avropa Şurasının fövqəladə iclası Zelenskinin turunun finalı oldu.
O, Aİ liderlərinə təşəkkür edib və yenidən Kiyevə daha çox silah, o cümlədən qırıcı təyyarələrin verilməsinə səsləyib.
"Mən kömək edən hər kəsə minnətdaram, Ukraynanın hazırda bu imkanlara nə qədər ehtiyacı olduğunu anlayan hər kəsə minnətdaram. Bizə artilleriya qurğuları, onlar üçün mərmi, müasir tanklar, uzaqmənzilli raketlər, müasir aviasiya lazımdır", - deyə o bəyan edib.
Eyni zamanda, Makron Brüssel görüşündə jurnalistlərə bildirib ki, Parisdə təyyarə tədarükü ilə bağlı heç bir söhbət olmayıb. Fransa prezidentinin sözlərinə görə, hazırda uzunmüddətli perspektivləri deyil, razılaşdırılmış addımları müzakirə etmək daha vacibdir.
Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun (REA DİBMİ) Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri, REA-nın müxbir üzvü Aleksey Arbatov hesab edir ki, Ukrayna yalnız təyyarələrin alınması ilə bağlı vədlərlə kifayətlənməli olacaq.
"Sırf maddi səbəblərə görə Avropa dərhal Kiyevə istədiyi hər şeyi verə bilməz. Eyni zamanda, Zelenski, çox güman ki, tərəfdaşlarını iki-üç aydan daha tez bir zamanda onu tanklarla təmin etməyə inandıracaq, çünki onların bəziləri artıq Şərqi Avropadadır", - deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, avropalılar üçün təyyarələrin Ukraynaya təhvil verilməsi xeyli mürəkkəb və məsuliyyətli əməliyyatdır, çünki onların necə istifadə olunacağına, hara göndəriləcəyinə və nə ilə təchiz olunacağına nəzarət etmək çətindir. "Qeyd etmək lazımdır ki, bütün müasir qırıcılar yüzlərlə kilometr uzaqdakı hədəfləri vurmağa qadirdir. Kiyevin Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün onlardan istifadə etməyə başlaması təhlükəsi var", - deyə Arbatov vurğulayıb.
Avropa İnstitutunun Alman Tədqiqatları Mərkəzinin rəhbəri Vladislav Belov diqqəti Avropa İttifaqı liderlərinin indiyədək inamla qırıcılarla təmin etməkdən imtina etməsinə yönəldir. Bu, xüsusilə Şoltsun timsalında aydın görünür. Almaniya kanslerinin fikrincə, belə bir addım Rusiya ilə NATO arasında qəbuledilməz müharibə riskinə gətirib çıxaracaq.
"Moskva Kiyevə təhvil verilən təyyarələrin havaya qalxacağı Polşadakı aviabazalara zərbələr endirə bilər", - Belov belə ehtimal edir.
Buna baxmayaraq, bu o demək deyil ki, Ukrayna və aparıcı Qərb dövlətlərinin daxil olduğu anti-Rusiya alyansının üzvləri Almaniya kanslerinin müqavimətini qırmayacaqlar. Axı, Almaniyada Kiyevin silahlandırılmasını davam etdirməyi tələb edən siyasi qüvvələr var.
Xəbər lenti
0