Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın BMT-dəki nümayəndəliyi Fransanın Laçın dəhlizi barədə mövqeyini ifşa etdi

© AP Photo / John MinchilloDmitri Polyanski, arxiv şəkli
Dmitri Polyanski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.01.2023
Abunə olmaq
Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini inanır ki, ermənilər özlərinin vicdansız geosiyasi oyunlara cəlb olunmasına imkan verməyəcəklər.
BAKI, 1 dekabr - Sputnik. Rusiya Federasiyasının BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı mətbuat üçün bəyanatı Fransanın yanaşmasına görə qəbul edilməyib.
“Mən BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ətrafındakı vəziyyətlə bağlı mətbuat üçün bəyanat qəbul etməməsinin səbəbləri ilə bağlı tamamilə yalan məlumatın təqdim edilməsini qeyd etməyə bilmərəm”, – Polyanski Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiya Federasiyasının daimi missiyası əvvəldən Təhlükəsizlik Şurasının reaksiyasının işlənib hazırlanması kontekstində konstruktiv mövqe nümayiş etdirmək əzmindədir.
"İrəvanın tələbi ilə bu prosesi fransızlar koordinasiya edib və onlar bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymayıb, baxmayaraq ki, Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alıblar. Parisdə bu cür natəmiz metodlardan istifadə göz qabağındadır", - diplomat deyib.
Onun sözlərinə görə, Rusiya Qərb ölkələrindən fərqli olaraq Qarabağ məsələsinin, o cümlədən Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin həlli ilə sözdə deyil, əməldə məşğul olur.
Polyanski qeyd edib ki, Rusiya sülhməramlıları təhlükəsizliyi təmin edir və tərəflərlə təmaslarda mübahisəli məsələlərin həlli yollarını axtarır.
"Mövcud vəziyyətin kəskinləşməsindən asılı olmayaraq, həm Bakı, həm də İrəvanın dəstəklədiyi ən yüksək səviyyədə dörd birgə bəyanat normallaşma üçün əsas olaraq qalır. Bəyanat üzərində iş zamanı keçmiş qərbli tərəfdaşlarımız bu sənədləri və Rusiya sülhməramlılarının səylərini xatırlamağa özlərində cəsarət tapmadılar”, - Polyanski yazıb.
Onun sözlərinə görə, “qərblilər münaqişə vəziyyətinin həllindən daha çox Təhlükəsizlik Şurasının hansısa məhsulunu qəbul etməklə məşğul idilər”.
Polyanski əmin olduğunu bildirib ki, Şuranın reaksiyası "tərəflərdən heç birinə damğa vurmadan" kompromisin tapılmasına və sülh prosesinin bərpasına töhfə verməlidir.
“Şəxsən mən həqiqətən inanmaq istəyirəm ki, erməni dostlarımız SSRİ-də bir yerdə yaşamış qardaş xalqları itələmək, evimizdəki ən kiçik ziddiyyətləri və problemləri şişirtmək üçün heç bir bəhanədən istifadə etməkdən çəkinməyənləri razı salmaq üçün özlərinin vicdansız geosiyasi oyunlara cəlb olunmasına imkan verməyəcəklər", - o, əlavə edib.
BMT-də Fransanın ermənipərəst bəyanatının qəbul edilməməsi
Xatırladaq ki, BMT-də Fransanın ermənipərəst bəyanatının qəbulunun qarşısı alınıb.
Dekabrın 20-21-dəki müzakirələrdən dərhal sonra Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü və hazırda onun sədri kimi (daimi və qeyri-daimi üzvlər hər biri bir ay sədrlik edir) tamamilə ermənipərəst bəyanat hazırlayıb ki, orada Laçın-Xankəndi yolundakı vəziyyət humanitar fəlakət kimi təqdim olunub.
"Caliber" nəşrinin yazdığına görə, "bəyanatın mətni üzərində diplomatik döyüş 10 gün davam edib”. Fransa tərəfdən prosesə birbaşa Fransa Prezident Administrasiyası və Emmanuel Makronun xarici siyasət üzrə müşavirləri rəhbərlik edib.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü, hazırda Təhlükəsizlik Şurasının sədri olan Fransa 10 gün içində Laçın yolunda vəziyyətlə bağlı bəyanat qəbul etdirə bilməyib.
Bəyanatın qəbul olunmamasında Azərbaycan Prezidenti İlham Əliyev və diplomatların müstəsna rolu olub:
“Azərbaycan fransız diplomatları uzun müddət və metodik şəkildə sıxışdırdı. Əvvəlcə ermənipərəst bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı. Sonra qeyd olundu ki, humanitar yardım yalnız Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında gerçəkləşdirilə bilər. Daha sonra ora Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi ifadələr əlavə edilib. Rəsmi Bakı tərəfdaşlarının köməyi ilə bəyanatın mətnini o qədər yumşaltmağa nail olub ki, 6-7-ci redaktəsindən sonra faktiki olaraq azərbaycanpərəstə çevrilib, rəsmi Paris ondan tamamilə imtina edib”.
Fransanın diplomatik uğursuzluğu o yerə gəlib çatıb ki, söhbət artıq bu ölkənin BMT-dəki daimi nümayəndəsi və müavininin Parisə çağırılmasından gedir.
Həmçinin portal Azərbaycanın bu diplomatik döyüşündə Rusiya, Böyük Britaniya, BƏƏ və Albaniyanın dəstəyini xüsusilə vurğulayıb.
Xəbər lenti
0