Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Metropolitenin "Xocəsən" stansiyasının açılması nəyi dəyişəcək?

© Sputnik / Murad OrujovBakı Metropoliteninin "Xocasən" elektrik deposu və stansiyası
Bakı Metropoliteninin Xocasən  elektrik deposu və stansiyası - Sputnik Azərbaycan, 1920, 27.12.2022
Abunə olmaq
Ərşad Hüseynov bildirib ki, bundan sonra sərnişin daşıyan taksilərin də bəziləri tədricən "Xocəsən" stansiyasını seçəcək.
BAKI, 27 dekabr — Sputnik. Bakı Metropoliteninin "Xocəsən" metro stansiyasının istifadəyə verilməsinin tıxacların qarşısının alınmasında əhəmiyyəti müzakirə olunur. Sputnik Azərbaycan-ın məlumatına görə, məsələni nəqliyyat məsələləri üzrə ekspert, hüquqşunas Ərşad Hüseynov şərh edib.
O bildirib ki, "Xocəsən" stansiyasının istifadəyə verilməsi nəqliyyat sahəsində ilin ən yadda qalan hadisələrindən biridir. Ə.Hüseynovun sözlərinə görə, şəhərətrafı ictimai nəqliyyatla bu stansiyanın fəaliyyəti yaxşı əlaqələndirilsə, Bakının şimal-qərb istiqamətində, xüsusən də Avtovağzal, Şamaxinka və metronun "20 Yanvar" stansiyası tərəflərdə nəqliyyatın hərəkətinə, az da olsa, müsbət təsirini görmək mümkündür:
"Vaxtilə metronun "Avtovağzal" stansiyası istifadəyə veriləndə (19 aprel 2016-cı il) Şamaxinka, "Memar Əcəmi" və "20 Yanvar" stansiyaları tərəflərdə bir qədər yüngülləşmə olmuşdu (lakin təəssüf ki, ictimai nəqliyyatdakı son illərin durğunluğu və geriləmə həmin yerlərdə vəziyyəti 2016-cı ildən əvvələ və hətta daha gərgin səviyyəyə qaytarmışdır). "Xocəsən" stansiyasının istifadəyə verilməsi də vəziyyəti hiss edilən dərəcədə yaxşılaşdıra bilər. Bunun üçün stansiyanın yanında Nəqliyyat Mübadilə Mərkəzi yaratmaq zəruridir. Lökbatandan (o cümlədən "Sədərək", "Binə" və "Meyvəli" TM-lərindən) Ələtədək, şimal-qərb istiqamətində isə Sulutəpədən Pirəkəşkülədək, habelə Xırdalanın qərb tərəfindən sərnişin axınını bu stansiyaya yönəltmək lazımdır. Bunun üçün müəyyən marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilməlidir, stansiya ətrafındakı yollarda və oraya gətirən yollarda hərəkətin təşkilində ciddi dəyişikliklər edilməlidir. Düşünürəm ki, bundan sonra göstərilən istiqamətdən müntəzəm olaraq sərnişin daşıyan taksilərin də bəziləri tədricən "Xocəsən" stansiyasını seçəcək".
Hüquqşunas onu da qeyd edib ki, bu baş tutsa, Bakı Metropoliteninin Bənövşəyi xətti üzrə indiki hərəkət qrafiki (qatarlar arasında intervalın 8 dəqiqə olacağı deyilir) də Şamaxinkadakı və "20 Yanvar" zonasındakı sürəkli tixaclardan daha cazibədar olacaq.
Ekspert bildirib ki, perspektivdə "Xocasən" stansiyası yaxınlığındakı dəmiryol üzərində şəhərətrafı qatarlar üçün stansiya tikmək, Lökbatan-Ələt istiqamətində şəhərətrafı qatarlarla səmərəli sərnişin daşıma təşkil etmək lazımdır. Bənövşəyi xəttin "8 Noyabr" stansiyasından sonrakı hissəsinin tikintisinin sürətləndirilməsi və bu xətt üzrə qatarlararası intervalın azaldılması da çox vacibdir.
Qeyd edək ki, dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropoliteninin "Xocəsən" elektrik deposunun və "Xocəsən" stansiyasının açılışında iştirak edib.
Xəbər lenti
0