Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Avtovağzallar bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

© Sputnik / Irade JELILAvtovağzal
Avtovağzal - Sputnik Azərbaycan, 1920, 26.12.2022
Abunə olmaq
Qurum vəd edir ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
BAKI, 26 dekabr — Sputnik. Dekabrın 28-dən yanvarın 5-nə qədər Azərbaycanın avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Sputnik Azərbaycan bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, məqsəd Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsidir. Nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası, rayonlararası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri "biletim.az" portalından onlayn qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.
Xatırladaq ki, Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı istifadəyə verilib. Bu portal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində hazırlanıb. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir.
Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Sistemin "Biletim" mobil tətbiqi də istifadəyə verilir. Mobil cihazlar üçün tətbiqi "App Store" və "Google Play"dan yükləmək mümkündür. Biletlər 10 gün əvvəldən satışa çıxarılır. Sərnişinlər bilet əldə etmək üçün biletim.az saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər.
QR-kod əsaslı bilet kağız və ya elektron formatda səyahət öncəsi təsdiq üçün sürücüyə və ya perron nəzarətçisinə təqdim olunmalıdır. Vətəndaşlar dekabrın 15-dən etibarən "biletim.az" portalı üzərindən onlayn biletləri əldə edə bilərlər. Məlumat üçün qeyd edək ki, indiyə qədər Bakıdan regionlara sərnişindaşımada biletlər ancaq onlayn satılır.
Xəbər lenti
0