Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda sovet dövründə tikilmiş hansı binalar söküləcək?

© Sputnik / Murad OrujovBakıda evlərin söküntüsü, arxiv şəkli
Bakıda evlərin söküntüsü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.11.2022
Abunə olmaq
Ekspert deyir ki, tikinti şirkətlərinə öz mənfəətləri üçün sıxlıq əmsalı 2, 5-2,6 nəzərdə tutulan ərazidə 3, 5 sıxlıq əmsalla tikintiyə icazə verilərsə Bakıda tıxac qaçılmaz olacaq.
BAKI, 12 noyabr — Sputnik. Paytaxtda istismar müddəti başa çatan 9 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək. Bunu "XəzərXəbər"ə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. Onun sözlərinə görə, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Ona görə də Bakıda köhnə binalar sökülüb əvəzində yeniləri inşa ediləcək. Söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq. Söküləcək binalar beşmərtəbəli və doqquzmərtəbəlilərdir. Şəhər meri qeyd edib ki, həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər. Onun sözlərinə görə, belə binaların sayı minə yaxındır.
Sovet dövründən qalan binaların sökülməsi xəbəri istismar müddətini başa vuran tikililərdə yaşayanları sevindirsə də, bunun tikinti bazarına təsiri, paytaxtda sıxlığa təsiri cəmiyyəti narahat edir.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sovet dövründən qalan binaların söküb sakinlərini köçürmək üçün dövlətin o qədər vəsaiti yoxdur. Ona görə də, bu işə özəl şirkətlər, investorlar cəlb edilməlidir: "Bunun üçün isə müəyyən investisiya proqramları hazırlanmalıdır ki, hansı şirkət hansı ərazidə tikinti aparmaq istəyir. Eyni zamanda tikinti şirkətlərinin burada nə qədər mənfəət əldə edəcəyi hesablanmalıdır. Bakının Baş Planı üçün sovet dövründən qalan tikililərin sökülməsi priotetdir. Qəzalı və istismar müddətini başa vurmuş binaların sökülməsi, onların yerində yenilərinin inşası vacibdir. Amma bu iş elə həyata keçirilməlidir ki, paytxatda sıxlıqla bağlı vəziyyət daha da pisləşməsin".
R. Osmanlı bildirdi ki, Bakıda köhnə yaşayış fondu adlanan çoxmənzilli binalar, şəhər mərkəzində yerləşən gecəqondular var. Köhnə binaların sökülməsində məqsəd də odur ki, həmin tikililər tədricən şəhərin mərkəzindən çıxardılsın, yeniləri ilə əvəzlənsin. Həmsöhbətimiz bildirir ki, bu binaların saxlanılması üçün dövlət maddi itkilərə məruz qalır. Eyni zamanda R. Osmanlı bildirdi ki, həmin mənzillərin sökülməsi ilə qismən də olsa infrastrukturun inkişaf etdirilməsi mümkündür: "Köhnə binaları sökməklə rabitə, nəqliyyat insfrastrukturu layihələrinin, eləcə də şəhərsalmanın müasir standartlara həyata keçirilməsi nəzərdə tutulub".
R. Osmanlı qeyd edib ki, əgər sıxlıq əmsalları tikinti prosesləri zamanı gözlənilərsə, paytaxtda köhnə binaları söküb yerində yeni yaşayış mənzilləri inşa etmək sıxlığa səbəb olmayacaq: "Amma tikinti şirkətlərinə öz mənfəətləri üçün sıxlıq əmsalı 2, 5-2,6 nəzərdə tutulan ərazidə 3, 5 sıxlıq əmsalla tikintiyə icazə verilərsə Bakıda tıxac qaçılmaz olacaq".
Ekspert deyir ki, dünyanın inkişaf etmiş ölkələrində bu proqramlar təkcə infrastruktur üçün həyata keçirilmir. Həm də yeni sənaye zonalarına uyğun şəkildə həyata keçirilir. Belə olanda isə sıxlıq problemi yaranmır.
R. Osmanlının sözlərinə görə, paytaxtın şəhərdən kənarlara doğru genişlənməsi şərtdir: "Bakının 12 rayonu olsa da şəhərsalma, yeni tikililər əsasən mərkəz rayonlarda aparılır. Qalan rayonlar inkişafdan geri qalıb. Şəhər mərkəzdən kənara doğru genişlənərsə tıxac, infrastruktur problemi də aradan qalxacaq".
O ki, qaldı hansı dövrdə inşa olunan binaların sökülməsinə, ekspert deyir ki, birdən-birə sovet dövründə inşa edilmiş bütün binları sökmək olmaz. Ekspert deyir ki, 1980-ci illərdə tiklmiş kooperativ binaların sökülməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, "Leninqirad"və "Kiyev" layihəli binalar hələ tam qəzalı vəziyyətdə deyil. Söküntüyə "İtalyan", "Fransız", "komunalka" adlanan " Xruşovka" binalarda başlamaq daha məqsədəuyğundur.
Həmsöhbərimiz deyir ki, bu söküntü əmlak bazarında qiymətləri də artıracaq: "Əslində iqtisadi nəzəriyyəyə görə yeni binalar tikildikcə mənzil bazarında ucuzlaşma olmaldıır. Amma Azərbaycanda bazara pul axınları qiymətə təsir etmir. Tikinti şirkətləri dövriyyə vəsaitləri ilə işləmirlər. Ona görə də, bazarda tələb-təklifdən asılı olmayaraq qiymətləri tikinti şirkətləri diktə edir. Azərbaycanda tikinti şirkətlərinin kifayət qədər kənar maliyyə resursları var. Onlar inşa etdiyi binanı satmasa da, yenisini inşa etməyə vəsaiti var. Bu da yeni tikililərin qiymətinin artmasına təsir edən əsas amillərdəndir. Qiymətin azalmasını gözləmək gülüncdür".
Memar Memar Cahid Həsənov da Sputnik Azərbaycan-a açıqlanmasında bildirib ki, Bakıda sovet dövründə inşa olunan binaların istismar müddəti başa çatıb. Onun sözlərinə görə, əsas söküldükdən sonra bu binaların ərazisində yeni binaların inşa olunacağıdır: "Əgər hər binanın yerində bir çoxmənzilli bina inşa etsələr, Bakıda sıxlıq daha da artacaq. Ümumi sökülən binaların sayında o ərazidə göydələn inşa etmək olmaz. Bu rəqəm ən azı beş dəfə az olmaldır. Yaşıl şəhər prinsipinə əməl edilməlidir. Yüklənmiş şəhəri daha da yükləmək olmaz. On min kvadrat ərazidə binalar sökülərsə, onun iki min beş yüz kvadratında yeni mənzillər inşa olunmalı, qalanı isə yaşıllıqların, parkların salınması üçün istifadə olunmalıdır. Sovet dövründə yaşıllıq zolaqları o qədər də inkişaf etdirilmirdi. Müasir dövrüdə isə yaşıl şəhər prinsipi əsas götürülür. Beş mərtəbəli binanın yerində on beş mərtəbəli bina inşa edilərsə onsuz da sıx olan Bakıda addım atmaq mümkün olmayacaq".
C. Həsənov onu da söylədi ki, köhnə binaların söküldüyü ərazidə yeni tikililər Bakının yeni Baş Planına əsasən aparılarsa, şəhərdə yaşayan əhali oksigen çatışmazlığından əziyyət çəkməz: " İnsanlar axşam evə gələndə istirahət etməyə park, yaşıllıq olmalıdır. Ona görə də söküntü ərazilərində 75 faiz yaşıllıqlara üstünlük verilməlidir. Bu tələblərə əməl edən şirkətlərlə müqavilələr bağlanılmalıdır. Əgər tikinti şirkətləri hazırda olduğu kimi ancaq öz maraqlarını düşünsələr o zaman Bakıda vəziyyət indikindən də acınacaqlı duruma düşəcək".
Qeyd edək ki, Bakı şəhərinin yeni qəbul olunacaq Baş Planına əsasən çoxmərkəzli inkişaf modeli yaradılacaq. "Bakı şəhərinin Baş Planı-2040" sənədində öz əksini tapıb. Belə ki, Baş Plan çərçivəsində mövcud planlaşdırma strukturu nəzərə alınmaqla ərazinin çoxmərkəzli inkişaf modelinin yaradılması təklif olunur. Çoxmərkəzlilik konsepsiyası bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanlar və xidmət standartları təqdim edəcək. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur. Təklif edilən sistem üzrə hər bir mərkəz özünün təsir dairəsinə daxil olan əraziləri müvafiq şəhər xidmətləri ilə təmin edərək əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəkdir.
Baş Plan çərçivəsində mərkəzlər aşağıdakı kateqoriyalara bölünübdür:
Mərkəzi Bakı (Mərkəzi Planlaşdırma Rayonu) paytaxt Bakı üçün spesifik və ixtisaslaşmış şəhər xidmətlərinin təmin edildiyi və yüksək səviyyəli mədəniyyət obyektlərinin yerləşdiyi iqtisadi və inzibati mərkəz kimi fəaliyyət göstərəcək.
Regional Mərkəzlər (Ələt, Mərdəkan və Sumqayıt) Mərkəzi Bakının regional analoqları rolunu oynayaraq öz təsir dairəsinə daxil olan ərazilərdə yüksək səviyyəli şəhər xidmətlərinin göstərilməsini təmin edəcək. Regional şəhər mərkəzlərinin mövcud planlaşdırılan nəqliyyat infrastrukturu vasitəsilə Mərkəzi Bakı ilə əlaqəsi təmin edilir. Bu mərkəzlərin şəhərin genişlənməsi və ya əhali artımı üçün kifayət qədər ərazi imkanlarına malik olması nəzərdə tutulur.
Alt-mərkəzlər (Lökbatan, Binəqədi, Sabunçu, Zığ/Hövsan və Xırdalan) Mərkəzi Bakının hüdudlarında yerləşən strateji əhəmiyyətli mərkəzlər olaraq periferiyanın müxtəlif istiqamətlərindən şəhər mərkəzinə doğru giriş qapıları rolunu oynayacaq. Bu mərkəzlərlə əlaqə effektiv ictimai nəqliyyat sistemi və magistral yollar vasitəsilə təmin ediləcək.
Onu da xatırladaq ki, Bakı şəhərinin Baş Planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb.
Xəbər lenti
0