QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zəngilanın işğaldan azad edilməsindən iki il ötür

© Official website of President of Azerbaijan RepublicZəngilan rayonu
Zəngilan rayonu - Sputnik Azərbaycan, 1920, 20.10.2022
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində "ağıllı kənd", "ağıllı şəhər" layihələrinə üstünlük verilir, artıq 70-ə yaxın ailə Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır.
BAKI, 20 oktyabr — Sputnik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 2 il ötür.
Düz 2 il öncə düşmənə qan udduran qəhrəman Azərbaycan əsgəri bununla bağlı Ali Baş Komandana məruzə etdi: "Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!".
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 20-də Zəngilan rayonu tam olaraq erməni işğalından azad olundu.
Oktyabrın 20-də Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib.
Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb. Azərbaycan Respublikasında "Zəngilanın azad olunmasına görə" medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif olunub.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb.
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Zəngilan şəhərini və rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib. İşğalçılar Zəngilanın zəngin təbiətinə qarşı da ekoloji terror törədib, rayon ərazisindəki təbii yataqlar vəhşicəsinə istismar edilib, "Bəsitçay" dövlət təbiət qoruğunda nadir Şərq çinarları qırılıb, yandırılıb.
Ermənistandakı Qacaran mis-molibden və Qafan filizsaflaşdırma kombinatlarının tərkibində ağır metallar, fenol, və radioaktiv maddələrin miqdarı normadan min dəfələrlə çox olan tullantı suları Zəngilandan keçərək Araz çayına tökülən Oxçuçayı çirkləndirib. Nəticədə təbiətə, ətraf mühiti ciddi ziyan dəyib, çaydakı nadir balıq növləri məhv olub. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi böyük ekoloji terror kimi qiymətləndirilir.
Zəngilan Azərbaycan Respublikasının cənub-qərbində Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir. Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. Zəngilan rayonu inzibati ərazi vahidi kimi 1930-cu ildə təşkil edilib. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir.
Azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq işləri geniş vüsət alıb
Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri əlbəttə ki, yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə bağlı olub.
2021-ci il aprelin 26-da Prezident İlham Əliyev Zəngilanda Beynəlxalq Hava Limanının təməlini qoyub. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq və azad edilmiş torpaqlarda ikinci hava limanı olacaq. Yeni hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Zəngilanın coğrafi mövqeyi və burada olan imkanlar təbii ki, rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan da daxil olmaq şərtilə əhatə edəcək.
Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış torpaqlarımızda nəqliyyat infrastrukturu ilə yanaşı, kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına da start verilib. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci "Ağıllı kənd" pilot layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi keçirilib.
Dövlətimizin başçısı Ağalı kəndində sakinlərlə görüşündə bildirib ki, Böyük Qayıdış bu gündən başlayır. İşğal ayı olan oktyabr bundan sonra zəngilanlılar üçün ancaq bayram ayı kimi qeyd ediləcək. Çünki Zəngilan, o cümlədən Ağalı kəndi mənfur düşməndən oktyabr ayında azad olundu.
Bütün dünya bir daha gördü ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi, doğma torpağa bağlılığı var. Hətta bu torpaqları görməyən gənclər öz ata-baba torpaqlarını azadlığa qovuşdurmaq arzusu ilə yaşayırdı və buna da Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə nail oldu. İndi qalır qurub-yaratmaq. Bu istiqamətdə də ilk addımlar atılıb. Ağalı kəndi heç bir il keçmədən "Ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulacaq.
Birinci "Ağıllı kənd" pilot layihəsi Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələridir. "Ağıllı kənd təsərrüfatı" özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti özündə ehtiva edir. "Ağıllı" təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir.
Prezidentin azad edilmiş ərazilərdə kəndlərin "Ağıllı kənd" konsepsiyası əsasında qurulması təşəbbüsü yerli sakinlər tərəfindən də müsbət qarşılanır. "Ağıllı kənd" layihəsi bərpa olunacaq kəndlərimizə qayıdacaq insanların həyat şəraitinin yaxşılaşmasında, aqrar sahə ilə məşğul olacaq fermerlərimizin "ağıllı kənd təsərrüfatı" sisteminə inteqrasiyasında mühüm rol oynayacaq.
Yüksək texnologiyaların inkişafı və aqrar sahədə bu cür həllərin reallaşması "Ağıllı kənd" layihəsini zamanın zərurətinə çevirib. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu layihənin işğaldan azad olunmuş ərazilərdə tətbiqinə start verilməsi Böyük Qayıdış proqramının icrasında davamlı müsbət nəticələrə gətirib çıxaracaq.
Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
2021-ci il oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Bildirilib ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. "Ağıllı kənd"də müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq.
Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. "Ağıllı kənd təsərrüfatı"nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada "Ağıllı idarəetmə sistemi" data və təhlil mərkəzindən həyata keçiriləcək.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il mayın 26-da Füzuli rayonuna səfər ediblər.
Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır.
Qeyd edək ki, hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir. Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanışlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonuna da səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım Zəngilan Beynəlxalq Hava Limanında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya hava limanında görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, perronda torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək.
Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.
Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır.
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Zəngilanın işğaldan azad edilməsi ölkəmizin mineral resurs istehsalını və ixracını artıracaq
Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir. Hər iki tərəfdən müxtəlif ölkələrlə həmsərhəd olan rayon qərbdə dağlıq, şərqdə düzənlik əraziyə malikdir. Bu özəlliklər Zəngilan rayonunun şaxəli resurslara malik olması ilə bağlı ilkin təəssüratları formalaşdırır. Kəlbəcər-Laçın iqtisadi rayonu mineral yataqların sayı üzrə coğrafi şaxələndirməyə malikdir. Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır.
Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 kilometrə çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilan şəhərinin işğaldan azad olunması ölkəmizin iqtisadi inkişafını daha da sürətləndirəcək. İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynayacaq.
İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görülür
Hazırda Azərbaycan dövlətinin qarşısında işğaldan azad edilmiş ərazilərin bərpasını, davamlı inkişafını, məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtmasını və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görülür, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində "ağıllı kənd", "ağıllı şəhər" layihələrinə üstünlük verilir, artıq 70-ə yaxın ailə Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Məcburi köçkünlərin Böyük Qayıdışı Azərbaycanın 2030-cu ilədək əldə olunacaq sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən edilib.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə strateji çərçivə
"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək
İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq.
İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarətxidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək.
İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə "yaşıl enerji zonası" konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.
Azərbaycanın böyük uğur salnaməsi olan işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi sistemə effektiv reinteqrasiyası təmin edilir
Bu strateji məqsədin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla bərpa-quruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi tələb olunur.
Sözügedən işlər müasir təcrübə və yanaşmalar əsasında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmaqdadır. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı və dayanıqlı inkişaf üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq üzrə qət olunan məsafə qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verir. Məhz uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.
Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcək.
Xəbər lenti
0