QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İki il əvvəl azad edilmiş Füzuli necə dirçəldilir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycan hərbçiləri, arxiv şəkli
Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.10.2022
Abunə olmaq
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 17-də Füzuli şəhəri erməni işğalından azad edilib
BAKI, 17 oktyabr — Sputnik. Bu gün Füzulinin işğaldan azad edilməsindən 2 il ötür.
Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatlarının ilk günlərində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən azad olundu. Oktyabrın 17-də, döyüşlərin 21-ci günündə Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri erməni işğalından azad edildi.
Füzuli uğrunda gedən və qalibiyyətlə bitən döyüşlər ordumuzun döyüş bacarığının, şəhid və qazilərimizin fədakarlığının nəticəsidir. Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin, bu mühüm qələbədə payı olanların şücaət və vətənpərvərliyi diqqətdən kənarda qalmayıb, dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə "Füzulinin azad olunmasına görə" medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25167 hərbi qulluqçusu "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.
Füzuli rayonu doğma Azərbaycanımızın qədim tarixə, zəngin infrastruktur və tarixi abidələrə malik olan bölgələrindəndir. Əsası 1827-ci ildə qoyulan Füzulinin ilkin adı yerləşdiyi yaşayış məskəninə uyğun olaraq Qarabulaq adlandırılıb. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb.
© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidFüzulidə dağılmış bina
Füzulidə dağılmış bina - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Füzulidə dağılmış bina
Nəhəng bərpa və quruculuq işləri aparılır
Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş ərazilərə səfərləri əlbəttə ki, yerli şəraitlə tanışlıq, bərpa-quruculuq işləri ilə bağlı olub. Dövlət başçısının bu məqsədlə ilk səfəri 2020-ci ilin noyabrın 16-da, böyük qələbədən dərhal sonra Füzuliyə olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Füzuli rayonuna gəliblər. Bu səfərində Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun çəkilişinə start verilib.
Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi
Ötən ilin oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.
Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.
Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında iştirak ediblər - Sputnik Azərbaycan, 1920, 14.10.2022
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışında
Füzuli-Hadrut avtomobil yolunun tikintisi son mərhələdə icra olunur
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə və son mərhələ üzrə davam etdirilir.
Avtomobil yolunun uzunluğu 12 kilometrdir. I texniki dərəcəli olacaq bu yol başlanğıcını "Zəfər Yolu"ndan götürür və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.
Füzuli-Hadrut avtomobil yolu 4 hərəkət zolaqlıdır. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21.5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.
Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası 8.5 km-lik hissədə yekunlaşıb. Həmin hissəyə asfalt örtüyünün alt layının döşənməsi işləri də icra olunub.
Füzuli-Hadrut avtomobil yolunda torpaq yatağının və yol əsasının inşası ilə yanaşı yolboyu atmosfer suların ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametlərə malik suötürücü boruların, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də yekunlaşmaq üzrədir.
Yolun 6.7 kilometrində, "Qarğabazarı" adlanan ərazidən keçən hissəsində tikintisi aparılan iki aşırımlı avtomobil körpüsündə hazırda gövdə dayaqlarının inşası icra olunur. Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun cari ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
Qeyd edək ki, Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir.
© Photo : Azerbaijan Highway State AgencyFüzuli-Hadrut avtomobil yolu
Füzuli-Hadrut avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Füzuli-Hadrut avtomobil yolu
Horadiz-Ağbənd dəmir yolunun çəkilişi sürətlə davam etdirilir
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ötən il fevralın 14-də təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi sürətlə davam etdirilir.
Ölkəmiz üçün həm strateji, həm də iqtisadi əhəmiyyətə malik Horadiz-Ağbənd dəmir yolu xətti Zəngəzur koridorunun tərkib hissəsidir. Layihənin icrası nəticəsində Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birbaşa nəqliyyat əlaqələri yaranacaq, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Dəmir yolu işğaldan azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Zəngəzur dəhlizinin açılması bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına da öz təsirini göstərəcək, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıracaq.
Qeyd edək ki, Horadiz-Ağbənd dəmir yolu xətti 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğal edilməsindən sonra dağıdılmış və fəaliyyətini dayandırmışdı. Lakin düşmən üzərində qazandığımız şanlı Qələbə ilə bu yol yenidən aydınlığa çıxır. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
© Sputnik / Emin AlisahibHoradiz-Ağbənd dəmir yolunun tikintisi
Horadiz-Ağbənd dəmir yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Horadiz-Ağbənd dəmir yolunun tikintisi
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında iştirak ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il noyabrın 7-də Şuşa şəhərinə səfərə gəliblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Füzuli rayonunda Zəfər yolunun açılışında iştirak ediblər.
Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Ali mühəndislik düşüncəsinin, yüksək texnoloji imkanların istifadə olunduğu bu layihə ilin bütün fəsillərində çətin relyef şəraitində, keçilməz dağ yolları yarılaraq həyata keçirilib. Belə bir qısa vaxtda icra olunan və dünyada analoqu olmayan layihə Azərbaycan dövlətinin gücünü, onun malik olduğu potensialı və ən əsası Prezident İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Zəfər yolu" adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub.
Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında  - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəfər yolunun açılışında
İlham Əliyev "Füzuli" yarımstansiyasının açılışını edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il iyunun 14-də yeni tikilən "Füzuli" yarımstansiyasının açılışında iştirak ediblər. Dövlətimizin başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.
Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Bildirilib ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin "Azərenerji" ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Füzuli” yarımstansiyasının açılışında
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Füzuli” yarımstansiyasının açılışında - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Füzuli” yarımstansiyasının açılışında
İlham Əliyev Füzuli rayonunun Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlini qoyub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ötən il oktyabrın 17-də Füzuli rayonunun Dövlətyarlı kəndində yeni salınacaq "Ağıllı kənd" layihəsi ilə tanış olublar.
Kənd təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına və birinci xanıma layihə haqqında məlumat verib. Yaşıl və alternativ enerjinin, "ağıllı idarəetmə" sisteminin tətbiq ediləcəyi "Ağıllı kənd" layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək, kəndin mərkəzində meydan salınacaq, bazar yaradılacaq. Kəndin ətrafında isə "Ağıllı kənd" təsərrüfatı sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.
Prezident İlham Əliyevə kəndə yatırılacaq özəl investisiyalar və məşğulluq layihələri ilə bağlı da məlumat verildi. Bildirildi ki, burada xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. İnvestisiya layihəsinin gücü 50 meqavat olacaq. Tarlada 20 daimi iş yeri yaradılacaq.
Kənddə biznes layihələri də icra olunacaq. Burada kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Bu müəssisələrdə 40 daimi, 300-dək mövsümi iş yeri yaradılacaq.
Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. Burada quşçuluq təsərrüfatı da yaradılacaq, ilkin mərhələdə 85 daimi iş yeri olacaq.
Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturunun formalaşdırılması və otel infrastrukturunun yaradılması nəzərdə tutulub. Prezident İlham Əliyev Dövlətyarlı kəndində yeni salınacaq "Ağıllı kənd"in təməlini qoyub.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoyub
İlham Əliyev Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoyub - Sputnik Azərbaycan, 1920, 14.10.2022
İlham Əliyev Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd”in təməlini qoyub
İşğaldan azad olunmuş Füzuli rayonunun aqrar potensialı
Füzuli rayonunun çoxşaxəli aqrar potensialı var. İşğal nəticəsində rayonun sərvətləri düşmən tərəfindən talan edilib, kənd yerlərində təsərrüfatla məşğul olan əhali məcburi köçkün vəziyyətində ölkənin digər və şəhər rayonlarında məskunlaşmağa məcbur qalıb, yaşayış binaları, ümumi infrastruktur, o cümlədən kənd təsərrüfatı istehsalı üçün zəruri infrastruktur obyektləri darmadağın edilib.
İşğaldan azad edilmiş rayonların arasında əhalinin sayına görə Füzuli Ağdamdan sonra ikinci ən böyük rayondur. Ölkə ərazisinin 1,6 faizi əhatə edən və sahəsi 1386 kvadratkilometr olan rayonun relyefi əsasən düzənliklərdən və qismən dağlıq ərazilərdən ibarətdir. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ərazi baxımından Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxildir. İşğaldan öncə Füzuli rayonunda 89 min insan yaşayırdı. Rayon əhalisi əsasən kənd yerlərində məskunlaşmışdı və əsas məşğuliyyəti kənd təsərrüfatı idi. Uzun illər ərzində aparılmış islahatlar və böyük investisiyalar hesabına Füzuli rayonunun əhalisinin məcburi köçkün vəziyyətinə düşmüş 51 min nəfər sakini Füzuli rayonunun işğala məruz qalmamış ərazilərində məskunlaşıb. Rayon ərazisinin 85 min hektara yaxını kənd təsərrüfatına yararlı torpaqlardan ibarətdir.
Füzuli rayonunun iqlimi şimal hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru-çöl, qərb hissədə yayı quraq keçən mülayim-isti olması ilə səciyyələnir. Rayonun mövcud torpaq örtüyündə əsasən boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi torpaq tipləri yayılıb. Yuxarı Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdamdan sonra Füzuli rayonundadır. Rayonun ərazisi əsasən Araz, Köndələnçay, Şapartı, Quruçay və Qozluçay çayları ilə suvarılır. Lakin bununla belə, əkin dövriyyəsinə cəlb edilən azad ərazilərin suvarılması üçün yeni potensial da yaranıb. Belə ki, Suqovuşan, Xudafərin və Sərsəng su anbarlarının Füzulinin əkin torpaqlarının suvarılması üçün istifadə edilməsi nəticəsində rayonun kənd təsərrüfatının inkişafına çox yüksək töhfə verməsi gözlənilir.
Füzuli rayonunda geniş örüş-otlaq və biçənək sahələri (25.5 min ha) var və əhalinin maldarlıq sahəsində olan təsərrüfatçılıq ənənələri saxlanılıb. Rayonda bitkiçilik sektoru ağırlıqlı kənd təsərrüfatına malik olsa da, heyvandarlıq sektoru ilə bağlı aqrar potensialı heç də az olmamışdır. Qeyd edək ki, burada mövcud olan örüş-otlaq və biçənək sahələri respublikanın müvafiq sahələrinin təxminən 1,1 faizini təşkil edir. Ərazisində hakim olan iqlimin və bol sulu çaylarının verdiyi imkanlara görə rayon sakinləri həm bir illik əkmələr, həm də çoxillik əkmələri rahat becərə bilirdilər. Füzuli rayonunda sovetlər dönəmində əkinçiliyin əsas sahələri olan taxılçılıq, pambıqçılıq, şəkər çuğunduru, üzümçülük və tərəvəzçilik inkişaf etdirilmişdi. Rayon ərazisində taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları geniş sahələri əhatə edirdi. Heyvandarlıq sahəsində isə baramaçılıq xüsusilə fərqlənmişdi.
© Photo : Azerbaijan Highway State AgencyƏhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi
Füzuli rayonunda 1980-ci ilin əkin sahələrinin strukturuna nəzər saldıqda taxıl sahələrinin (77.4%) və pambıq sahələrinin (21.0%) daha geniş sahələri əhatə etdiyi müşahidə olunur. Bu bitkilərlə yanaşı, 1980-ci ildə Füzuli rayonunda çoxillik əkmələr üzrə 18.2 min hektar sahədə üzümlüklərin mövcud olması və bu üzümlüklərin ölkədəki payının 6.9 faizlik bir hissəsini təşkil etməsi üzümçülüyün bu rayonda prioritet sahə olduğunu göstərməkdədir. Üzümçülüklə yanaşı, 1980-ci illərdə 79 hektar sahədə meyvə və giləmeyvəliklərin mövcudluğu rayonun çoxillik bitkiçilik təcrübəsinə də malik olduğunu göstərmişdir.
Ümumilikdə, Füzuli rayonunda kənd təsərrüfatı infrastrukturun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcədə heyvandarlıq sahəsinin inkişafı üçün zəruri infrastrukturun bərpası nəticəsində məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsinin 147.8 milyon manat, başqa sözlə 1.6 faiz olacağı proqnozlaşdırılır. Təbii ki, bu proqnozlar sadəcə aqrar potensialı əhatə edib. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da hesablanarsa, dolayı olaraq daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılması baxımından həndəsi silsilə ilə müsbət effekti hiss olunacaq.
Qarabağ iqtisadi rayonunda ilk mərhələdə 2026-cı ilədək Ağdam və Füzuli şəhərləri və 32 kənd yenidən qurulacaq
İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələni 2026-cı ilədək başa çatdırmalıyıq. Burada əsas hədəflərimiz Ağdam və Füzuli şəhərlərinin 2 şəhər mərkəzini və 32 kəndi yenidən qurmaqdır. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
"Bundan əlavə, Hadrut, Tuğ və Suqovuşan kimi 3 potensial turizm istiqaməti inkişaf etdiriləcək. İlkin proqnoza görə, birinci mərhələdə 66 minə yaxın keçmiş məcburi köçkün öz yeni evlərinə qayıda biləcək. Ümumiyyətlə, hər bir layihənin uğurlu olması üçün onun öz məqsədləri olmalıdır. Biz Qarabağ iqtisadi rayonunun hər bir şəhərini öz potensial gücü ilə yüksək səviyyədə inkişaf etdirərək bərpa etməyi qarşımıza məqsəd qoymuşuq", - deyə Emin Hüseynov bildirib.
© Photo : REPORTBakı-Füzuli avtobusu
Автобус Баку Физули - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Bakı-Füzuli avtobusu
İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna son səfəri
Bu il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.
Azərbaycan Prezidenti burada çıxış edib. Prezident bildirib ki, biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.
Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə strateji çərçivə
Qeyd edək ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaq.
Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik "ağıllı şəhər və ağıllı kənd" konsepsiyaları həyata keçiriləcək. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaq.
İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək
İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan "ağıllı" biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər - Sputnik Azərbaycan, 1920, 14.10.2022
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzulidə Anım Günü ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin xatirəsini yad ediblər
İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarətxidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək.
İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə "yaşıl enerji zonası" konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq.
Azərbaycanın böyük uğur salnaməsi olan işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi sistemə effektiv reinteqrasiyası təmin edilir
Bu strateji məqsədin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla bərpa-quruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi tələb olunur.
Sözügedən işlər müasir təcrübə və yanaşmalar əsasında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırılmaqdadır. İşğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı və dayanıqlı inkişaf üçün geniş imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq üzrə qət olunan məsafə qarşıya qoyulmuş məqsədlərin yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verir. Məhz uzunmüddətli dövrə hədəflənən strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.
Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcək.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Xəbər lenti
0