Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda məktəb çatışmazlığı - siniflərdə boş yer tapılmır

© Sputnik / Murad Orujov20 nömrəli məktəbdə tədris prosesi
20 nömrəli məktəbdə tədris prosesi - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Kamran Əsədov bildirir ki, şagird sıxlığına görə ən kritik vəziyyət Abşeron məktəblərində müşahidə olunur.
BAKI, 12 sentyabr — Sputnik. Bakı və Abşeronda əksər məktəblərdə şagird sıxlığı müşahidə olunur. Bakıda elə məktəblər var ki, şagirdlər məktəbə qəbul üçün elektron sistemdə yeni sinifin açılması üçün növbə gözləyirlər. Buna əsasən birinci sinifə qəbulda daha çox rast gəlinsə də, problem şagird yerdəyişməsi zamanı da yaranır. Yuxarı siniflərdə də elə məktəblər var ki, şagird sayı çox olduğundan, yeni şagird qəbul edə bilmir.
Uşaqlar 1-ci sinfə getməyə məktəb tapmır
Valideyn Roman Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, övladını yaşadığı ərazidə, Xırdalan şəhər 5 nömrəli məktəbə yerləşdirmək istəsə də, 1-ci sinifdə boş yer yoxdur. Onun sözlərinə görə, ona görə elektron məktəbəqəbul sistemində növbə gözləyir:
"Mən Xırdalan şəhər Osmanbəyli küçəsində yaşayıram. Bu barədə ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsinə müraciət edib arayış almışam. Amma boş sinif olmadığından, şagird qəbulu məktəbdə dayandırılıb. Sentyabrın 14-ə qədər gözləyəcəm. Əgər sinif boş olmasa, məcburam uşağı bu il məktəbdən saxlayım. Çünki, uzaqdakı məktəblərə aparıb-gətirmək işimizlə əlaqədar mümkün deyil".
Digər məktəblərdə isə yuxarı siniflərə şagird yerdəyişməsi zamanı məktəblərin əksəriyyətində boş sinif tapmaq mümkün deyil. Hətta artıq Bakı ətrafında, eləcə də Abşerondakı qəsəbələrdə yerləşən məktəblərdə belə siniflərdə boş yer tapmaq müşkülə çevrilib.
Məlumat üçün bildirək ki, anoloji problem hər il yaşanır. Ötən tədris ili valideynlər Bakının 6 nömrəli məktəbində 60 şagirdin bir sinifdə oxuduğundan şikayətlənmişdilər. Elm və Təhsil Nazirliyi isə Bakıda siniflərdə 60 yox, 50 şagirdin təhsil aldığını təsdiqləmişdi.
Bəs görəsən yaranmış problemi aradan qaldırmaq üçün hansı işlər görülməlidir?
Məktəblərdə boş sinif otağı tapılmır
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı və Abşeronda məktəblərdə sıxlığın müxtəlif səbəbləri var. Həmsöhbətimiz deyir ki, bu gün məktəblərdə yeni korpusların yaradılması ilə problemi həll etmək mümkün deyil. İ. Orucovun sözlərinə görə, bəzən müəyyən fənlər üzrə müəllim çatışmazlığı yaranır. Belə halda yeni siniflərin açılması problemə çevrilir.
İ. Orucovun fikrincə, pedoqoji fəaliyyətlə məşğul olan müəllimlərin sayı artırılmalıdır. Bundan əlavə gənc müəllimlərin stimullaşdırılması yönündə tədbir görülməlidir ki, müəllim işləmək istəyən ixtisaslı kadrların sayı çox olsun.
İ. Orucov bildirir ki, digər problem məktəblərdə boş sinif otaqlarının çatışmazlığı ilə bağlıdır. Bu problemin həlli üçün isə sinif otaqlarının sayının artırılması və yeni məktəblərin inşası tələb olunur.
Ən böyük sıxlıq Bakı məktəblərindədir
Təhsil üzrə ekspert Kamran Əsədov isə problemin yaranmasının kökündə əsasən sinif çatışmazlığının dayandığını söyləyir.
Onun sözlərinə görə, ölkədə 4432 ümumtəhsil müəssisəsində 1,6 milyon şagird təhsil alır. K. Əsədovun sözlərinə görə, bu məktəblərin 320-i Bakının payına düşür. 500 min şagird isə paytaxtda təhsil alır.
K. Əsədov deyir ki, Elm və Təhsil Nazirliyi hər il hansı məktəbdə nə qədər şagirdin təhsil alacağını proqnozlaşdıra bilmir: "Nazirlik planlaya bilmir ki, hansı ərazi üzrə məktəbə hər il nə qədər şagird 1-ci sinfə gedəcək. Bakı şəhərində 1-ci sinfə gedənlərin 48 mini Bakının payına düşür. Bakıda yaşayanların əksəriyyəti yaşayış yeri üzrə qeydiyyata düşmədiyindən, çoxu kirayələrdə yaşadığından hansı məktəbə nə qədər 1-ci sinfə şagirdin gedəcəyini dəqiq hesablamaq mümkün deyil. Urbanizasiya probleminin olması buna rəvac verən əsas amildir".
Bakıda məktəb tikməyə boş yer qalmayıb
K. Əsədov söyləyir ki, mövcud problemin həlli üçün məktəblərin yeni korpusları inşa olunmalıdır: "Buna isə Bakıda əksər məktəblərdə imkan yoxdur. Çünki, məktəblərin ətrafı göydələnlərlə əhatə olunub. Əgər məktəblərin öz ərazilərində yeni korpuslar inşa olunsa, bu zaman məktəbdə stadion və digər boş ərazilər itiriləcək".
K. Əsədov deyir ki, son 15 il ərzində 3600 yeni məktəb binası inşa olunub. Ekspert bildirir ki, hazırda çıxış yollarından biri iki və üç mərtəbəli məktəbləri söküb yerində dörd məktəbli məktəblər inşa etməkdir. Digər yol isə imkan daxilində boş yerlərdə yeni məktəblər inşa etməkdir.
K. Əsədovun sözlərinə görə, Bakıda boş yer az olduğundan sıxlıq olan ərazilərdə yeni məktəblər inşa etmək olmur. Ona görə də, paytaxtda problem günü-gündən böyüyür. Həmsöhbətimiz deyir ki, bu gün ən yaxşı halda Hövsan, Qala, Türkan kimi ərazilərdə yeni məktəb binaları tikməyə yer tapmaq olar. Bakının nəinki mərkəzində, Binəqədi, Xırdalan, Masazır kimi qəsəbələrində məktəb inşa etməyə boş torpaq sahəsi qalmayıb.
Məktəblər növbəli tədirs sisteminə keçirilib
Problemdən isə aidiyyatı qurumlar xəbərdardır. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bunu öz çıxışında şagird sıxlığı problemini təsdiqləmişdi. O bildirmişdi ki, əsasən, Qaradağ, Xəzər, Pirallahı, Suraxanı, Sabunçu rayonlarında məktəblərdə şagird sıxlığı müşahidə olunur. M. Məliyeva qeyd etmişdi ki, məktəblərdə sıxlıqla bağlı problemləri həll etmək üçün tədris növbəli şəkildə təşkil olunur.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, problemin aradan qaldırılması üçün həmçinin yeni ümumtəhsil müəssisələri inşa olunur. Bu il Bakıda 8 yeni məktəb binası istifadəyə verilib. Bunlardan 5-i yeni tədris ilindən fəaliyyətə başlayacaq. Artıq 4 məktəbin təmir və tikintisi başa çatıb.
Daha çox şagird sıxlığı olan digər məktəblərdən isə bildirdilər ki, problemin həlli üçün tədris iki növbədə təşkil olunur.
Abşeronda vəziyyət lap kritikdir
Abşeron – Xızı Regional Təhsil İdarəsindən isə bildirdilər ki, Abşeron məktəblərində şagird sıxlığı müşahidə olunur. Problem isə Abşeron rayonu üzrə hər il əhali sayının artması ilə bağlıdır. İdarədən onu da qeyd etdilər ki, Abşeronda yeni məktəblərin inşası davam edir.
Xatırladaq ki, Abşeronda şagird sıxlığı problemini hələ 2019-cu ildə, Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi qəbul edərkən gündəmə gətirmişdi. Prezident bildirmişdi ki, hələ də məktəblər var ki, orada uşaqlar üç növbədə oxuyurlar: "Nəyə görə? Çünki əhali artır. Müstəqillik dövründə əhali üç milyon artıb. İndi bəzi yerlərdə yeni məktəb tikintisi üçün yer tapa bilmirlər. Ona görə mən tapşırıq vermişəm və aidiyyəti qurumlar bu işlərlə çox ciddi məşğuldurlar, xüsusilə Abşeron rayonunda - orada böyük problemlər var. Üç növbədə oxuyan uşaqlar var. İndi yeni məktəblər üçün yer axtarırıq və bu da çox ciddi bir prosesdir".
Bir sinifdə 50-60 şagird oxuyarsa...
Ekspert Kamran Əsədov da Abşeron rayonunda vəziyyətin şagird sıxlığı ilə bağlı kritik olduğunu söylədi. Bildirdi ki, Xırdalan şəhərində təkcə 5 saylı məktəbdə 4 mindən çox şagird təhsil alır. Ekspert bildirir ki, şagird sıxlığı dərsin keyfiyyətinə təsirsiz ötüşmür. Onun sözlərinə görə, mövcud normalara görə, bir sinifdə 20-25 şagirddən artıq sayda şagird ola bilməz!
Məlumat üçün bildirək ki, 2020-ci ildə Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları"nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu Normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.
Xəbər lenti
0