Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Şahidlər gecə klubunda partlayışa görə inzibatçını günahlandırıblar

© Sputnik / Murad OrujovPartlayış baş vermiş gecə klubunun binası, arxiv şəkli
Partlayış baş vermiş gecə klubunun binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Gecə klubundakı partlayışa görə təqsirləndirilən Orxan Səfərlinin qardaşı Elşən Səfərov isə qardaşının klubda heç bir fəaliyyətinin olmadığını, bütün işlərə Rəsul Rəsulovun nəzarət etdiyini deyib.
BAKI, 6 sentyabr — Sputnik. Bakıda "Location" gecə klubundakı partlayışa görə ittiham olunan Rəsul Rəsulov, Orxan Səfərov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxslərin ifadələrinin başa çatdığı bildirilib. Hakim iş üzrə zərərçəkənlərin əksəriyyətinin heç bir şikayət və tələblərinin olmadığı barədə məhkəməyə ərizə göndərdiklərini deyib.
APA xəbər verir ki, məhkəmədə şahid qismində ifadə verənlər "Location"da rəhbərliyi Rəsul Rəsulovun etdiyini, bütün tapşırıqları da onun verdiyini deyiblər.
Klubda DJ, "Merser Food" və nəzarətçi işləmiş şəxslər ittiham olunan Orxan Səfərlini formal rəhbər kimi tanıdıqlarını, işləri inzibatçı Rəsul Rəsulovun apardığını qeyd ediblər.
Təqsirləndirilən Orxan Səfərlinin qardaşı Elşən Səfərov isə qardaşının klubda heç bir fəaliyyətinin olmadığını, bütün işlərə Rəsul Rəsulovun nəzarət etdiyini deyib: "İşçilərin hamısını Rəsul özü yığdı. İşə nəzarət də onda idi. Yəni qardaşımın orada heç bir fəaliyyəti olmayıb, sadəcə, kağız üzərində MMC-nin rəhbəri olub".
Proses sentyabrın 12-də davam etdiriləcək.
Xatırladaq ki, bu il aprelin 3-də gecə saat 03 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Location" gecə klubunda partlayış baş verməsi nəticəsində 1 nəfərin ölməsi, 37 şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyməsi faktı əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən aparılıb.
Toplanmış ilkin sübutlarla müəyyən edilib ki, qeyd olunan obyektin mətbəxində qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib, həmin qaz balonunun partlaması binada dağıntılara və yanğına səbəb olub.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food" MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda istintaq zamanı, qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edildiyindən, sonuncu Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hər üç şəxs barəsində Binəqədi rayon məhkəməsinin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Daha sonra iş üzrə təqsirləndirilən şəxslərdən Ruslan Məmmədov ev dustaqlığına buraxılıb.
İş üzrə 52 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Xəbər lenti
0