QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Zəngilanlılar Böyük qayıdışa necə hazırlaşır

© Official website of President of Azerbaijan RepublicZəngilanda “Ağıllı kənd” layihəsi
Zəngilanda “Ağıllı kənd” layihəsi - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Abunə olmaq
Təxminən 1200 nəfər sakin yaxın vaxtlarda Ağalı "ağıllı kəndindəki" 200 yeni evə köçəcək. Keçmiş məcburi köçkünlər öz doğma yerlərinə - evlərinə göndərilməzdən əvvəl öz gözləntilərini bölüşüblər.
BAKI, 15 iyul — Sputnik. Zəngilan rayonundan olan məcburi köçkünlər ata-baba yurdlarına qayıtmazdan əvvəl son hazırlıq işlərini görürlər. Ağalı kəndində yeni evlərinə köçməzdən əvvəl bir neçə gün ərzində onlar tam tibbi müayinədən keçməlidirlər.
İyulun 19-da Zəngilan rayon icra hakimiyyəti ilk on ailəni təntənəli şəkildə işğaldan azad edilmiş kəndə yola salacaq.
İşğal illərində dağıdılmış ərazidə zəngilanlılar üçün salınan yeni "ağıllı kənd"də ilk sakinlərdən biri 54 yaşlı Mina Mirzəyevanın iki oğlunun 9 nəfərdən ibarət ailələri olacaq. Onlara kənddə iki ev verilib.
Hökumət gələcək sakinlərə köçmək üçün minik və yük maşınları ayırıb.
"Köçürülmə nə qədər çətin olsa da, 30 illik intizar və ümidlərdən sonrakı sevinc bütün çətinliklərə qalib gəlməlidir. Biz ora qayıtmalıyıq ki, yeni həyat qurmağa başlayaq. Bu, bizim şəhid övladlarımızın həyatı bahasına qaytarılan vətənimizdir", - deyən M.Mirzəyeva göstərdiyi köməyə görə hökumətə təşəkkürünü bildirib.
© Official website of President of Azerbaijan RepublicZəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində yaşayış evləri
Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində yaşayış evləri - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində yaşayış evləri
Qadın işğaldan azad edildikdən sonra bir neçə dəfə Zəngilana gedib. Orada o, hətta, yaşamaq üçün lazım olan hər şeylə təchiz olunmuş yeni evlərə baxmağa vaxt tapıb.
Hələ gənc olan Mina erməni hərbçilərindən qaçaraq həyat yoldaşı, qardaşı, anası və körpələri ilə birlikdə Zəngilanı tərk edib. Özləri ilə heç nə götürməyə imkan tapmayıblar. Çünki Araz çayını üzüb keçmək lazım idi.
İndi o, uzun illər ərzində Bakı yataqxanasında ağır həyat yolu ilə əldə etdiyi məişət əşyaları və mebellərlə qayıdacaq. Ancaq o uzaq 1993-cü ildə onunla birlikdə olanların çoxu artıq yanında deyillər. Mirzəyeva həyat yoldaşını, qardaşını və anasını Bakıda dəfn edib. Buna görə də, bu gün qadın sevincin kədərlə həmsərhəd olduğu qarışıq hisslər yaşadığını etiraf edir.
Minanı yalnız həmyaşıdları başa düşə bilərlər - onların da heç də hamısı həyatda deyil. Böyük bir ailənin gənc üzvləri indi öz vətənlərində əsl xoşbəxtlik tapacaqlarına görə sevinirlər. Yaşlı olanlar isə uşaqlıqda kənd küçələrində necə qaçdıqlarını, qonaq getdiklərini indi də xatırlayırlar.
Bu gün Mirzəyevanın yeganə istədiyi odur ki, hökumət onları layiqli işlə təmin etsin. Oğullarından birinə artıq ayda 350 manat maaşla mühafizəçi işi təklif olunub.
"Maaşın az olması bizi maraqlandırmır, nə olur-olsun, biz qayıtmalıyıq", - deyən keçmiş qaçqın hökumətin vətənlərinə qayıdan kəndlilərin hər hansı məişət problemi yaşamasına imkan verməyəcəyinə əminliyini ifadə edib.
© Official website of President of Azerbaijan RepublicZəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində yaşayış evləri
Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində yaşayış evləri - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində yaşayış evləri
Taksi sürücüsü, 48 yaşlı Habil Abdullayev həyat yoldaşı və qızı ilə birlikdə həkim qəbulundakı uzun növbədə gözləyir.
Növbədəkilərin hamısı Zəngilana göndərilməyə hazırlaşır. Lakin yeni evə köçəndən sonra səhhətlərində qəfil ağırlaşmalarla üzləşməmək üçün bundan əvvəl tibbi müayinədən keçmələri xahiş olunub. Köçürüldükdən sonra ilk zamanlar həkim tapmaq çətin olacaq, - deyə Zəngilan sakini izah edir.
Abdullayev vətənini tərk edəndə onun 17 yaşı var idi. Kişi etiraf etdi ki, səfərə qədər günləri sayır. Özü ilə mebel və zəruri əşyalarını aparacaq.
"Bakıda ticarətlə məşğul idim, pandemiya başlayandan sonra maşınımla taksi kimi işləməyə başladım. Çoxları soruşur ki, Zəngilanda nə edəcəyəm, amma mən cavab verirəm ki, bilmirəm. Gələcəkdə, inşallah, yəqin ki, bizə pay torpaqları ayrılacaq ki, orada işləyə bilək", - deyə Abdullayev ümid edir.
Böyük qayıdış
Yaxın vaxtlarda azərbaycanlılar - keçmiş məcburi köçkünlər işğaldan azad edilmiş Zəngilan rayonunda məskunlaşmağa başlayacaqlar. Ağalı "ağıllı kəndi"ndə onlar üçün tikilmiş 200 evə, təxminən, 1200 nəfər köçəcək.
Bu, ikinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilmiş Azərbaycan torpaqlarına Böyük qayıdış layihəsinin ilk bəndi olacaq.
Ümumilikdə, birinci Qarabağ müharibəsi zamanı Zəngilan rayonundan 43 mindən çox insan öz yurd-yuvasını tərk edib, canlarını qurtararaq qaçmağa məcbur olub. Onların 90%-dən çoxu artıq öz doğma torpaqlarına qayıtmaq arzusunu ifadə edib.
Zəngilanlıların məskunlaşması üçün Ağalı-1, Ağalı-2 və Ağalı-3 kəndlərindən başqa daha iki qəsəbə - Məmmədbəyli və Cahangirbəyli kəndləri salınır.
"Ağıllı kənd" və "ağıllı şəhər"
2021-ci ilin aprelində Azərbaycan prezidenti İlham Əliyev "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının hazırlanması üzrə işçi qrupunun yaradılması haqqında sərəncam verib. Konsepsiyanın hazırlanması və tətbiqinin sürətləndirilməsi üçün işçi qrupuna müxtəlif nazirlik və idarələrin yüksək vəzifəli nümayəndələri daxil edilib.
Layihə beş sahəni əhatə edir: mənzil, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji.
Məşğulluq məsələsi həll olunacaq
Artıq bu gün beynəlxalq təşkilatlar zəngilanlılara yenidən rayonda məskunlaşmağa, onların ehtiyaclarını öyrənməyə, torpaqla işləməyi öyrətməyə, iş yerləri ilə təmin etməyə hazır olduqlarını bildiriblər.
Keçmiş məcburi köçkünlərin gələcək taleyi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısı Zəngilan rayonu üzrə xüsusi nümayəndə Vahid Hacıyevlə görüşdə keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş torpaqlara tezliklə qayıtması üçün səylərin səfərbər olunmasından danışıb.
Ötən il və bu il bu məqsədlər üçün 2,2 milyard manat, yəni ümumilikdə 4,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
Zəngilanın kənd təsərrüfatının inkişafı üçün çox böyük imkanları var. Bununla belə, rayonun bütün kənd təsərrüfatı potensialını dəqiq təhlil edib rayona qayıdacaq insanlara tövsiyələr vermək lazımdır.
Bundan başqa, prezident Əliyev rayonun turizm potensialının təhlili ilə bağlı tapşırıq verib: "Yeni mehmanxanalar, istirahət zonaları yaratmaq lazımdır. Kənd turizmi inkişaf etdirilməlidir. Bu, ora qayıdan insanların məşğulluq və gəlir mənbəyinə çevriləcək", - deyə dövlət başçısı bildirib.
Azərbaycan lideri xatırladıb ki, ikinci Qarabağ müharibəsindən sonra keçmiş məcburi köçkünlər arasında nə qədər insanın geri qayıtmaq istədiyini öyrənmək üçün sorğu aparılıb, çünki qarşıda duran işlər, tikilən binalar buna uyğun olmalıdır.
"Mən şadam ki, məcburi köçkünlərin böyük əksəriyyəti geri qayıtmaq istəyini ifadə edib.Amma təbii ki, onlar 30 ilə yaxındır Bakıda, Sumqayıtda və başqa yerlərdə yaşayırlar, bu həyata öyrəşiblər, işləri var, uşaqlar, nəvələr məktəbə gedirlər. Bütün bunları başa düşürük. Bir yerdən başqa yerə köçmək o qədər də asan iş deyil. Amma əminəm ki, Vətən sevgisi onları ora aparacaq. Çalışmalıyıq ki, onlar ora qayıdanda özlərini rahat hiss etsinlər", - deyə İlham Əliyev bir müddət əvvəl bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0