QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qubadlıda tütün emalı müəssisəsinin yaradılmasında investorlara dəstək göstəriləcək

© AP PhotoTütün istehsalı zavodu, arxiv şəkli
Tütün istehsalı zavodu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.06.2022
Abunə olmaq
Dövlət Qubadlıda mövcud emal müəssisəsinin özəlləşdirilməsi üçün imkanlar yaratmağa, investora güzəştli kredit təqdim etməyə hazırdır
BAKI, 14 iyun — Sputnik. Azərbaycan hökuməti Qubadlı rayonunda (Şərqi Zəngəzur iqtisadi rayonu) tütün emalı üzrə müəssisə yaradılmasında investorlara köməklik etməyə hazırdır.
"Dövlət strukturları tərəfindən Qubadlı rayonu ərazisində 1192 kvadratmetr sahədə tütün emalı üzrə yerli xammaldan istifadəni və mövcud imkanların genişləndirilməsini nəzərdə tutan müvafiq layihə hazırlanıb. Layihə təqribən 1 milyon manat dəyərində qiymətləndirilir", - "İnterfaks-Azərbaycan"a hökumətdəki mənbə bildirib.
Onun məlumatına görə, 1 ton quru tütünün istehsalı üçün elektrik enerjisi sərfiyyatı 135 kVt/saat, qaz sərfiyyatı – 125 kubmetr təşkil edəcək.
"Hesablamalara əsasən, 6,7 ton yaş tütündən 1 ton quru tütün alınır. Dövlət layihənin icrası üçün Qubadlı rayonunda mövcud emal müəssisəsinin özəlləşdirilməsi üçün imkanlar yaratmağa, investora güzəştli kredit təqdim etməyə və investisiyaların təşviqinə dair sənəd verməyə hazırdır", - mənbə qeyd edib.
Hökumətin qiymətləndirmələrinə görə, layihənin əsas üstünlükləri tütün qurudulması üzrə müəssisənin olması, quru tütün istehsalı üçün iqlim və coğrafi şəraitin uyğunluğu, yüksək ixrac imkanlarıdır.
Bütövlükdə, hazırda Azərbaycanda 10-dan çox siqaret və fermentləşdirilmiş tütün istehsalı üzrə müəssisə fəaliyyət göstərir.
Tütün istehsalı potensialı
Xatırladaq ki, tütünçülük sahəsi Qubadlı rayon əhalisi tərəfindən ən çox istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsidir. 1980-ci ildə 504 hektar sahədən 1366 ton, 1985-ci ildə 519 hektar sahədən 2070 ton, 1988-ci ildə isə 589 hektar sahədən 2101 ton məhsul istehsal edilib. 1980-1988-ci illərdə rayonda tütün istehsalı ölkə üzrə istehsalın 3,6 faizini təşkil edib. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsindən 7,8 faiz çox olması tütün istehsalında Qubadlı rayonunun daha artıq məhsul istehsal etmə imkanlarının mövcud olduğunu göstərir.
Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Qubadlı rayonunda tütünün intensiv üsullarla əkilib-becərilməsi hesabına istehsalın 2 min tona çatdırılması proqnozlaşdırılır. Bu da ölkədə tütün istehsalının təxminən 25-27 faizinin məhz Qubadlı rayonu hesabına formalaşacağı deməkdir.
Bu ilin I rübündə Azərbaycanda 3 milyard 48,4 milyon ədəd papiros və siqaret, 1297,8 ton fermentləşdirilmiş tütün istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə fermentləşdirilmiş tütünün istehsalı 6 dəfə artıb, papiros və siqaretlərin istehsalı isə 4,8% azalıb.
Xəbər lenti
0