Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Səs-küydən partlayan şəhər: Hər il on iki min adam vaxtından əvvəl ölür

© Official website of President of Azerbaijan RepublicBina
Bina - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Cahid Həsənov deyir ki, binalar arası məsafənin düzgün müəyyənləşməməsi də küləyin vıyıltısına, ətrafda əlavə səs-küyə səbəb olur.
BAKI, 11 may — Sputnik. Əhalinin çox, yaxud da orta sıxlıqda yaşadığı ərazidə betonqarışdıran maşınların, kranların işləməsi şəhər əhalisinin rahatlığını pozur. Sübh tezdən başlayan bu tikinti işləri körpə uşaqların yuxusuna haram qatır, evdən qadınları narahat edir. Səhərləri ağır dəmir-beton və yük maşınlarının səs-küyünə, siqnallarına oyananlar gecələr də yatmaq üçün gec saatlara qədər bu səslərin kəsilməsini gözləməli olurlar.
Türkdilli Ölkələrin Beynəlxalq Araşdırmaları Elmlər Akademiyasının professoru, Hannover Elmlər Akademiyasının akademiki, Roma şəhərinin fəxri alimi, Azərbaycan Memarlar İttifaqının üzvü, bir çox maraqlı layihələr, yeni formatlı heykəl layihələrinin müəllifi Cahid Həsənov Azərbaycan paytaxtında baş verənlərdən narahtdır.
Qocaman memar bildirir ki, elə yerlər var, ətrafda yaşayışın olmasına baxmayaraq, binanın tez istismara verilməsi üçün səhər saatlarınadək tikintisi gedir.
"Səs-küyün qarşısının alınması üçün xüsusi qanun olmalıdır. Bu qayda-qanunlar mütəxəssislər, ekspertlər tərəfindən yazılmalıdır. Bu qaydalarda tikintinin hansı saatarda aparılmasının vacibliyi də vurğulanmalıdır. Ekspertlər tərəfindən səsin yayılma diapozonu hesablanmalıdır. Təsəvvür edin, axşam saatlarında səsin 300 metrədək dalğası yayıla bilər", - memar deyir.
Onun sözlərinə görə, bunun üçün xaricdən hansısa mütəxəssisi gətirməyə ehtiyac yoxdur. Yerli mütəxəssislərimiz var, onlara müraciət edib yüksək maaş verməklə işə cəlb etmək lazımdır.
Bu prosesi - yəni, tikinti zamanı səsin izolyasiya edilməsinə əməl olunmasını sosial tikinti adlandıran memar deyir ki, təsbit olunacaq qayda-qanunlarda pozuntu hallarına görə bəndlər də nəzərdə tutulmalıdır.
Binalar arası məsafənin düzgün müəyyənləşməməsi də küləyin vıyıltısına, ətrafda əlavə səs-küyə səbəb olur:
"Binalararası 15 metrlik məsafədə tikinti işləri aparılırsa, burada bir sıra ciddi nüanslara diqqət yetirmək lazımıdır. Öncə səsin yayılma diapozonu öyrənilməlidir. Əks halda səs-küydən evdə, ofisdə oturmaq mümkün olmayacaq".
Bakı və Abşeron yarımadasının çox küləkli olmasına diqqət çəkən mütəxəssis, bunun da əlavə səs-küyə səbəb olduğunu deyib. Küləyin sürəti saniyədə 20-25 olsa da, vıyıltıdan otaqda oturmaq mümkün olmur.
Müştərilər ev alanda nəyə diqqət etməlidirlər?
C.Həsənov təəssüflə qeyd edir ki, bu gün müştərilər ev alarkən daha çox mənzilin üzü dənizə olub-olmaması ilə maraqlanırlar. Lakin səs izolyasiya sisteminin varlığı-yoxluğu kimsə üçün xüsusi əhəmiyyət kəsb etmir:
"Mənzilin üzünün dənizə, meşəyə tərəf olub-olmaması ilə maraqlanmaqdansa, binanın səs izolyasiya sisteminin olub-olmaması ilə maraqlanmaq lazımdır. İnandırım sizi ki, müştərilərin heç 99.9 faizi binanın səs izolyasiyasının olub-olmadığını soruşmur. Yaxud, elə üzü dənizə baxan pəncərələrin, şüşənin çərçivəsinin qalınlığı nə qədərdir, bununla hansısa müştəri maraqlanmır?".
Memar təkcə yaşayış binalarında deyil, digər obyektlərin, məsələn, elə şadlıq sarayları və restoranların tikintisində də səsuducu materiallardan istifadənin vacibliyini vurğulayır:
"Təsəvvür edin, hündürmərtəbəli binaların altında restoran var və səs-küydən sakinlər evlərində otura bilmirlər. Baxın, görün, hansı sahibkar yaşayış binası, yaxud da şadlıq sarayı tikərkən səsin udulmasının, ötürülməsinin qarşısını almaq üçün bu işi bilən bir mütəxəssisi çağırır? Mədəni, sosial xarakterli inkişaf budur ki, 4 divar arasında rahat, səssiz-səmirsiz, kimsə səni narahat etmədən otura biləsən".
Səs-küy insanların səhhətinə necə təsir edir?
Avropa Ətraf Mühit Agentliyinin "EEA" (Ətraf Mühitdə yaranan səs-küy) hesabatına görə, bu gün 113 milyon avropalı gündüz və gecə saatlarında uzun müddət yollarda ən azı 55 desibel olan səs-küyə məruz qalırlar. Bundan əlavə, 22 milyon avropalı dəmir yollarındakı yüksək səs-küydən, 4 milyon isə təyyarənin yüksək səsindən, 1 milyona yaxın şəxs sənayenin yaratdığı yüksək səviyyəli səsdən narahatlığını ifadə edir.
Həkimlər bildirir ki, yüksək səs-küy insanlarda getdikcə daha böyük problemlər - əsəb gərginliyi, stress, depressiya yaradır. Lakin faciə bununla bitmir. Araşdımalara görə, yüksək səs-küylə əlaqədar olaraq hər il təkcə Avropada 12 min insan vaxtından əvvəl ölür, 48 min şəxsə ilk dəfə ürəyin işemik xəstəliyi diaqnozu qoyulur. Yüksək səs-küyün yaratdığı problemlə əlaqədar olaraq 6,5 milyon şəxs xroniki yuxu pozğunluğundan əziyyət çəkir.
Avropa İttifaqı yüksək səs-küylə necə mübarizə aparır?
Səsin səviyyəsini ölçmək üçün gündüz və gecə saatlarına görə xüsusi indikatorlar var. Avropalılar həmin indikatorun köməyi ilə səs-küylü bölgələri müəyyən edə bilir, işdən sonrakı istirahətlərini sakit rayonlarda keçirməyə üstünlük verirlər.
Səs-küydən qaçmaq üçün mütəxəssislərin bəsit tövsiyələr də var. Yolda nəqliyyatın sayını azaltmaqla, piyada gəzintiyə, velosipedlə səyahətə üstünlük verməklə, şəhərlərdəki səs kirliliyinin qarşısını almaq olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0