QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paraqvay rəsmiləri işğaldan azad olunmuş torpaqlara səfər ediblər

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 11.06.2022
Abunə olmaq
Paraqvay parlamenti və senatının nümayəndələrinin Qarabağa səfəri başlayıb. Qonaqlar ilk olaraq Füzuli aeroportunda olublar
Bakı, 11 iyun — Sputnik. Paraqvay parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri, Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Valter Enrike Harms və Paraqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Lukas Akino Xara Azərbaycanın işğaldan azad edilən ərazilərinə səfər ediblər.
Qonaqlar ilk olaraq Füzuli aeroportunda olublar. Burada qonaqlara aeroportun inşası zamanı ərazinin minalardan təmizlənməsi və inşa müddətinin rekord müddətə - 8 ay ərzində inşa edilərək başa çatdırılması bildirilib. Səfərin davamında qonaqlar Füzuli şəhərində olublar.
Azərbaycan Prezidentinin işğaldan azad edilən ərazilər üzrə xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov qonaqlara Füzuli şəhəri və ümumilikdə işğal olunan ərazilərdə törədilən erməni vandallığı barədə geniş məlumat verib.
Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar sonra Şuşa şəhərinə gəliblər. Onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Paraqvaylı qonaqlar Xurşidbanu Natəvanın evi və Xan qızı bulağı olan ərazi ilə tanış olub, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq dəmir konstruksiyasını əritmək və satmaq istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Şuşa şəhər qala divarları ilə tanış olan nümayəndə heyətinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib.
Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Qonaqlar daha sonra Cıdır düzündə olub, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
Xatırladaq ki, Paraqvay Cənubi Amerikda Xocalı soyqırımını rəsmən tanıyan respublikalardan biri olub. Xocalı faciəsinin tanınmasında bu şəxslərin müstəsna rolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0