Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

II Dünya müharibəsi Azərbaycan kinosunda

© Photo : AzerbaijanfilmNodar Şaşıqoğlu "Uzaq sahillərdə" filmində, arxiv şəkli
Nodar Şaşıqoğlu Uzaq sahillərdə filmində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.05.2023
Abunə olmaq
Kinoşünas qeyd edir ki, İkinci Dünya müharibəsi illərinə həsr olunmuş bir-birindən dəyərli onlarla film lentə alınıb. Əfsuslar olsun ki, Qarabağ müharibəsinə həsr olunan filmlər çox az çəkilib.
BAKI, 9 may — Sputnik. İkinci Dünya müharibəsi illərində Azərbaycandan 600 mindən çox oğlan və qızları cəbhəyə yola düşmüşdü. Bu böyük Qələbənin əldə olunmasında xalqımızın və Azərbaycan nefti vəböyük rolu var. Azərbaycan kinematoqrafiyası da bu böyük qələbəyə öz töhfəsini verib.
"Azərbaycanfilm" ötən əsrin 90-cı illərinə qədər müharibə mövzusunda kifayət qədər film çəkib. Müharibə haqqında ilk filmi Tofiq Tağızadə lentə alıb. Rejissor 1958-ci ildə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən "Uzaq sahillərdə" filmini çəkdi. Mehdi Hüseynzadənin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi, onun döyüşlərdə kəşfiyyatçı kimi fəaliyyətinin qabardılması, faktlara əsaslanaraq haqqında ssenari yazılması (hətta ilk ssenari qənaətbəxş olmadığı üçün, ikinci dəfə ssenari İmran Qasımovla, Həsən Seyidbəyli tərəfindən qələmə alınıb) o dövr üçün əhəmiyyətli idi.
Həmin il İmran Qasımovun başqa bir ssenarisi əsasında ikinci bir film lentə alındı. Rejissor işi Əjdər İbrahimova məxsus olan "Onun böyük ürəyi" filmi istehsalata buraxılır. "Onun böyük ürəyi" filminin yalnız bir neçə epizodunda arxa cəbhədə baş verənlər real faktlara əsaslanmasa da, müəyyən mənada ekrana gətirilir. Ümumiyyətlə, filmin süjet xətti müharibənin başladığı və ondan sonrakı illər üzərində qurulub.
1961-ci ildə İmran Qasımovun daha bir ssenarisi əsasında film ekranlaşdırıldı. “Bizim küçə" adlı filmdə müharibə dövründə itkin düşmüş bir qızın taleyindən söhbət açılır. Filmin rejissoru Əlisəttar Atakişiyevdir. Ssenariyə əsasən filmdə yalnız bir neçə epizodda - azyaşlı Saranın partlayış nəticəsində anasından ayrı düşməsi və sonrakı proseslərdə Mixaylo tərəfindən qorunaraq azərbaycanlıların yanına aparılması kimi kadrlar var.
1966-cı ildə “Azərbaycanfilm"in yeni direktoru Adil İsgəndərovun təşəbbüsü ilə Bayram Bayramovun müharibə mövzusunda qələmə aldığı ədəbi ssenari ilin planına salınır. Ədəbi materialın rejissor işi Ramiz Əsgərova həvalə edilir. Ssenariyə əsasən hadisələr, müharibə səhnələri, xüsusən Rostov uğrunda gedən döyüşlər üzərində qurulmalı idi. Baxmayaraq ki, söhbət arxa cəbhədən gedirdi. Ancaq pirotexniklərin çox böyük səhvi ucbatından müharibə səhnələri çəkilərkən partlayış baş vermiş, nəticədə çəkiliş qrupunun olduğu qayıq partlamışdı. Ramiz Əsgərov başda olmaqla 4 nəfər həlak olur, bir neçə nəfər isə yaralanır. Tofiq Tağızadə rəhbərliyin etimadını doğruldaraq filmin çəkilişini öz öhdəsinə götürür və az müddət ərzində onu tamaşaçılara təqdim edir. “Mən ki, gözəl deyildim" filmində yalnız arxa cəbhə canlandırılır. T.Tağızadə bu filmlə Moskva Bədii Şurasını sözün həqiqi mənasında təəccübləndirə bildi. Çünki "Azərbaycanfilm" kinostudiyası ilk dəfə olaraq məhz bu filmdə arxa cəbhəni olduğu kimi canlandıra bilib. Bu, Moskvanın fikri idi. “Mən ki, gözəl deyildim" filminin çəkilişləri Qarabağın Bayan kəndində aparılıb. Bayan kəndi hər cəhətdən çəkiliş üçün əlverişli məkan olduğu üçün filmdəki arxa cəbhə mənzərələri təbii alınıb.
1969-cu ildə “Şərikli çörək""Bizim Cəbiş müəllim" filmləri ekrana çıxdı. Hər iki filmdə arxa cəbhə kimi paytaxt Bakının məhəllələrindən birində yaşayan sakinlərin gün-güzəranı təsvir olunur. Arxa cəbhədə yaşayan uşaqların həyatından bəhs edən "Şərikli çörək" filmində müharibə dövrünün uşaqlarına bənzəyən azyaşlı aktyorların seçimi rejissor Şamil Mahmudbəyov tərəfindən ustalıqla aparılıb. Uşaqların bir qarnı ac, bir qarnı tox təsvirləri buna canlı misaldır. "Bizim Cəbiş müəllim"də isə bir qədər situasiya fərqlidir. Doğrudur, buradakı hadisələrdə də əsasən uşaqları görürük, ancaq əsas süjet xətti Cəbiş müəllimin saf mənəviyyat sahibi olması üzərində qurulub. Rejissor Həsən Seyidbəyli 1941-45-ci illərin Bakısını, daha doğrusu, Bakı məhəllələrindən birini təsvir etməyə nail ola bilib.
Filmdəki səhnələrin birində Cəbiş məllim (Süleyman Ələsgərov) qonşusu Nəcəfovla (Muxtar Manıyev) ön cəbhədə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparır. Ssenariyə əsasən Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, daima onların nəzarətdə saxladığı faktlar üzə çıxarılmışdır. Həmin fakt ondan ibarət idi ki, Böyük Vətən müharibəsində hər 1000 zirehli texnikanın 700-nü yanacaqla Azərbaycan təmin edib.
1976-cı ildə İsa Hüseynovun "Tütək səsi" və "Saz" povestlərinin motivləri əsasında qələmə aldığı ədəbi ssenari Rasim Ocaqova həvalə edilir. Uşaqlıq dövrü müharibə illərinə təsadüf edən rejissor az vaxt ərzində "Tütək səsi" adlı maraqlı bir sənət nümunəsi yaradır. Filmdəki hadisələr müharibə illərində Azərbaycan kəndlərinin birində cərəyan edir. Sadə kənd camaatının arxa cəbhədə göstərdiyi şücaət, ən ağır məqamlarda belə vətəni düşünmək və s. kimi hisslərin qabarıq təqdim edilməsində rejissor böyük güc sərf etmişdir. Flmə baxanda inandırıcı şəkildə lentə alınan kadrlar adamı doğrudan da müharibə dövrünə aparır. Kinoşünas Aydın Kazımzadə bildirib ki, həmin filmdə olan hadisələr real həyatda baş verib:

“Müharibə dönəmində Azərbaycan qadınlarının əksəriyyəti saçını süpürgə edib övladlarını böyüdürdü. Amma bəzi qadınlar çarəsizlikdən ailə həyatı qururdular”.

1985-ci ildə Rasim İsmayılovun quruluş verdiyi "Sizi dünyalar qədər sevirdim" filmi iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının müəyyən səhifələrini canlandırır.
Filmdəki hadisələr Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir. "Uzaq sahillərdə" filmindən sonra bu ikinci filmdir ki, ön cəbhədə gedən döyüşləri tamaşaçıya təqdim edirdi.
Rasim Ocaqovun 1989-cu ildə çəkdiyi "Ölsəm, bağışla" filmi də inandırıcılıq baxımından heç də "Tütək səsi" filmindən geri qalmır. Bu filmdə Rasim Ocaqov müharibədən əzabla dönən insanların vətənində ikinci bir əzaba düçar olmalarını göstərməklə II Dünya müharibəsindən sonrakı sovet cəmiyyətinin iç üzünü aça bilmişdi.
Qeyd etmək lazımdır ki, Azərbaycan kinosunda əsasən arxa cəbhə mövzusundan bəhs edən filmlər ("Şərikli çörək", "Tütək səsi", "Bizim Cəbiş müəllim", "Mən ki, gözəl deyildim" və "Ölsəm, bağışla") bu mövzuda keçmiş sovetlər ölkəsindlə çəkilən filmlərdən heç də geri qalmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0