QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Albert Aqarunovun anım mərasimi keçirilib

© Sputnik / Shahperi AbbasovaAnım günündə əfsanəvi tankçı Albert Aqarunovun xatirəsi yad edildi
Anım günündə əfsanəvi tankçı Albert Aqarunovun xatirəsi yad edildi - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
Birinci Qarabağ müharibəsində könüllü olaraq cəbhəyə yollanan milli qəhrəman 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olub.
BAKI, 25 aprel - Sputnik. Aprelin 25-də Birinci Qarabağ müharibəsində şəhid olan yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirdə Müdafiə Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Tankçı Veteranlar İctimai Birliyinin və Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının nümayəndələri iştirak ediblər.
Əvvəlcə Milli Qəhrəman Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarı, sonra isə Bakının Nərimanov rayonunda ucaldılmış abidəsi ziyarət edilib, önünə əklil və gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad olunub.
Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Veteran Tankçılar İctimai Birliyinin üzvlərinin, şəhidin ailə üzvləri və yaxınlarının, döyüşçü yoldaşlarının, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər Albert Aqarunovun şərəfli həyat və döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.
Qeyd olunub ki, döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Milli Qəhrəmanın ailə üzvləri və yaxınları igid döyüşçünün xatirəsinin daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0