Qlobal transformasiya dövründə Bakı-Moskva münasibətləri
19:35 21.04.2022 (Yenilənib: 06:57 22.04.2022)
© Sputnik / Murad OrujovBayraqlar
Abunə olmaq
Yalnız Azərbaycan, Rusiya və bütövlükdə MDB ölkələri arasındakı daha sıx əməkdaşlıq ölkələri dünyada müşahidə olunan böhranın mümkün nəticələrinin zərbəsindən çıxaracaq.
BAKI, 21 aprel — Sputnik. Azərbaycanın ekspert ictimaiyyətinin nümayəndələri hazırkı qlobal dəyişikliklər zamanı Azərbaycan və Rusiya arasında münasibətləri müzakirə ediblər. Professor Elşad Məmmədovun rəhbərlik etdiyi UNEC-in Rusiya İqtisadiyyatı Məktəbinin təşkilatçılığı ilə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa keçirilib.
Ekspertlər iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsinin, eləcə də iqtisadiyyat və istehsalatda inteqrasiya proseslərinin intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.
© Sputnik / Murad OrujovSputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa
© Sputnik / Murad Orujov
Fevral Bəyannaməsi və İnteqrasiya
Müzakirəni açan E.Məmmədov hər bir ölkədə vəziyyətin daha yaxşı başa düşülməsi üçün Rusiya və Azərbaycanın ekspert ictimaiyyəti arasında fikir mübadiləsinin aparılmasının vacibliyini qeyd edib. Professor iki ölkə arasında ümumi humanitar və elmi əməkdaşlığın, o cümlədən universitet tələbələri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
İqtisadçı bu ilin fevralında Azərbaycan və Rusiya arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında Bəyannamənin imzalanmasını mühüm hadisə adlandırıb. Onun sözlərinə görə, bu, ölkələr arasında münasibətlərdə yeni mərhələ açır, eyni zamanda onların qarşılıqlı iqtisadi fəaliyyəti üçün yeni imkanlar yaradır. Sənədin imzalanması, həm də, Bakı ilə Moskva arasında inteqrasiya proseslərinin güclənməsinə töhfə verir.
© Sputnik / Murad OrujovSputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa
© Sputnik / Murad Orujov
Dünya ilə rəqabət aparmaq üçün əməkdaşlıq etmək
Dəyirmi masanın qonağı, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, iqtisadçı İnna Andronovanın fikrincə, qlobal transformasiya dövründə Bakı və Moskva açılmış fürsət pəncərəsindən yararlanmalıdırlar.
"Həm Rusiyanın, həm də Azərbaycanın əsas vəzifəsi neftdən və təbii ehtiyatların ixracından asılılıqdan yaxa qurtarmaq, iqtisadiyyatı şaxələndirməkdir, lakin burada xarici rəqiblərlə maraqların toqquşması var", - deyə professor vurğulayıb.
"Bəs xarici tərəfdaşlar bu geri çəkilməni, diversifikasiyanı istəyirlərmi? Xeyr. Amma indi, həmişəkindən daha çox, ölkələr üçün fürsət pəncərəsi yaranıb", - deyə iqtisadçı bildirib.
Andronova hesab edir ki, Rusiya və Azərbaycanın böyük təcrübəyə malik olduğu istənilən məhsulun, xüsusən də neft istehsalının birgə inkişaf etdirilməsi üçün imkanlar var.
O, həmçinin əsas vəzifələr sırasında ən mühüm sənaye sahələrində transmilli şirkətlərin formalaşdırılmasının zəruriliyini qeyd edib.
"Bu gün bizim strateji vəzifəmiz sənayenin vəziyyətinin və qalan kooperativ əlaqələrin yoxlanılması və birgə istehsal imkanlarına yenidən baxmaq olmalıdır", - deyə Andronova qeyd edib.
© Sputnik / Murad OrujovSputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa
© Sputnik / Murad Orujov
Rus dili
Politoloq İlqar Vəlizadə də öz növbəsində təkcə Azərbaycanla Rusiya arasında deyil, bütövlükdə regionda əməkdaşlığın inkişafında rus dilinin rolunu vurğulayıb.
"Bizim coğrafiyada rus dili beynəlxalq, Azərbaycanda isə millətlərarası ünsiyyətin, konfessiyalararası dialoqun dilidir", - deyə politoloq vurğulayıb.
Vəlizadə illərdir regional inkişafa mane olan Qarabağ münaqişəsinin həllindən sonra kommunikasiyaların açılmasının, region ölkələrinin inteqrasiyasının zəruriliyini qeyd edib. Bu proseslərdə onun sözlərinə görə, rus dilinin də rolu böyükdür.
Politoloq bildirib ki, rus dili ölkələrin ekspert ictimaiyyətləri arasında ünsiyyətə və qarşılıqlı fəaliyyətə töhfə verir.
"İngilis dili ilə yanaşı, rus dilini də bilmək üstünlükdür, o cümlədən, praktiki səviyyədə", – deyə o qeyd edib.
İqtisadçı ekspert Aslan Əzimzadə hesab edir ki, son bir neçə ildə dünya böhranları dedollarizasiya, regionallaşma və deqloballaşma istiqamətində geniş miqyaslı tendensiyaların artmasına səbəb olub.
O qeyd edib ki, ABŞ-ın dollar vasitəsilə ölkələrə təzyiqi bu valyutaya mənfi münasibət yaradır: ölkələrin hesablaşmalarda Amerika valyutasından imtina edərək digər, o cümlədən milli valyutalara keçmək istəyi və əməli hərəkətləri güclənir.
"Bunu Avropa İttifaqı, ASEAN və digər regional assosiasiyaların timsalında görmək olar", - deyə ekspert bildirib.
Onun qeyd etdiyi kimi, ABŞ-ın hərəkətləri nəticəsində son 23 ildə dolların ehtiyat valyuta kimi payı 71%-dən 59%-ə düşüb.
© Sputnik / Murad OrujovSputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində dəyirmi masa
© Sputnik / Murad Orujov
Gənc mütəxəssislər üçün proqramlar
"Rossotrudniçestvo"nun Azərbaycan nümayəndəliyinin rəhbəri İrek Zinnurov ekspert iclaslarının və görüşlərinin keçirilməsinin vacibliyini vurğulayaraq, Rusiya ilə Azərbaycan arasında ekspert əlaqələrini gücləndirmək üçün "Rossotrudniçestvo"nun malik olduğu vasitələrdən danışıb.
"Rossotrudniçestvo" "Yeni nəsil" proqramını həyata keçirir. Bu proqram çərçivəsində Azərbaycandan olan 25-35 yaşlı gənc mütəxəssislər və ekspertlər Rusiyaya səyahət etmək imkanı əldə edirlər.
Onlar nəhəng forumlarda - Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda, Şərq İqtisadi Forumunda, Diplomatların Qlobal Forumunda iştirak edirlər. Bu tədbirlərdə onlar Rusiyadan və digər ölkələrdən olan həmkarları ilə tanış olur, yeni əlaqələr yaradırlar ki, bu da ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. Hesab edirəm ki, bu iş formatının böyük potensialı var", - İrek Zinnurov dəyirmi masada deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.