Yüz on üç gün kahada - Başlıbel faciəsinin şahidləri danışır
© Sputnik / Ibrahim HashimovBaşlıbel faciəsinin şahidləri
© Sputnik / Ibrahim Hashimov
Abunə olmaq
Azərbaycanın ən yeni tarixində qanlı faciələrdən birinin şahidləri bu gün də çəkdikləri ağrı=acını unuda bilmirlər.
BAKI, 18 aprel — Sputnik. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan biri də Başlıbel faciəsidir. Hadisələr 1993-cü ilin aprelində baş verib. Ayın 3-də Kəlbəcərlə yanaşı, rayonun Başlıbel kəndi də erməni işğalına məruz qalıb. Müəyyən səbəblərdən kəndi tərk edə bilməyən sakinlər isə ətrafdakı dağlıq əraziyə, daha dəqiqi "Portda" adlanan mağaraya sığınıblar. Həmin vaxt orada olan sakinlərdən biri, Başlıbel kənd sakini Elşad Əzizov bildirib ki, aprelin 3-də onunla birlikdə 62 nəfər sözügedən kahada sığınacaq tapıb.
© Sputnik / Ibrahim HashimovBaşlıbel faciəsinin qurbanları anılır
Başlıbel faciəsinin qurbanları anılır
© Sputnik / Ibrahim Hashimov
"İnformasiya çatışmazlığından, məlumatsızlıqdan sakinlərdən 62 nəfəri kəndi tərk edə bilməmişdi. Nəhayət, biz - kənd sakinləri aprel ayının 3-də axşam saatlarında radiodan eşitdik ki, ermənilər Kəlbəcər rayonunu işğal ediblər. Ona görə də qərara gəldik ki, ermənilərin qətlə yetirməməsi üçün sakinləri harasa təhlükəsiz bir əraziyə çıxarmalıyıq. Axşam saatlarında insanları "Portda" deyilən əraziyə köçürdük. Ondan sonra ərzaq daşımağa başladıq, aprelin 18-nə qədər. Aprelin 18-də erməni kəşfiyyatı bizim yerimizi öyrəndikdən sonra onların qoşunları məskunlaşdığımız yerə hücum etdilər. Atışma nəticəsində sol qolumdan güllə yarası aldım. Axıra qədər döyüşdük. Bizim 12 nəfərimizi ermənilər qətlə yetirdilər, 14 nəfər əsir oldu, qalanları isə ərazini tərk edə bildilər".
Qruplara bölünən sakinlər on iki gün bir-birini görə bilməyib. On iki gündən sonra isə başqa bir kahada toplaşıblar.
© Sputnik / Ibrahim HashimovBaşlıbel faciəsinin baş verdiyi ərazi
Başlıbel faciəsinin baş verdiyi ərazi
© Sputnik / Ibrahim Hashimov
"Yüz on üç gün mühasirədən sonra qərara gəldik ki, dağ ərazilərində yaşamaq artıq təhlükəlidir, kəndi tərk etmək lazımdır. Çünki, ermənilər bütün əraziləri axtarırdılar. İnsanların içərisində yaşlılar, körpələr var idi. O vaxt bizim əsas məqsədimiz insanları ərzaqla təmin etmək idi. Tərtər çayını keçərək xilas ola bildik", - deyə Elşad Əzizov əlavə edib.
Kahalarda toplaşan insanların köməyinə çatanlar arasında Laçından gələn 9 nəfər əsgər də olub. Onlardan biri də Səlim Mehdiyevdir. O bildirib ki, Başlıbel sakinlərini ərazidən keçərkən təsadüfən görüblər.
© Sputnik / Ibrahim HashimovBaşlıbel faciəsinin şahidi
Başlıbel faciəsinin şahidi
© Sputnik / Ibrahim Hashimov
"Laçın işğal olunduqdan sonra, 1993-cü il martın 28-də oradan çıxaraq ovaxtkı Xanlar rayonuna keçmək məcburiyyətində idik. Bu kənddə əhalinin çıxmadığını gördük. Soruşub öyrəndik ki, camaatın keçəcəyi tunel bağlanıb, ona görə də qayıdıblar kəndə. Biz - doqquz əsgər qərara gəldik ki, buranı tərk etməyək və buradakı insanları harasa təxliyə etməyi qərarlaşdırdıq. Kənd camaatı ilə məsləhətləşdik ki, haraya sığına bilərik. Kəndin ətrafındakı qayalıqlar və kahalar məsləhət görüldü. Sakinləri kahalara təxliyə etdik. 18 gün onlara kənddən ərzaq filan gətirmişik. Ayın 18-də ermənilərin hücumu nəticəsində şəhidlər və girovlar olandan sonra qalan insanlar birləşərək "Nəbi" mağarasına getdik", - deyə Səlim Mehdiyev qeyd edib.
© Sputnik / Ibrahim HashimovBaşlıbel faciəsinin baş verdiyi ərazi
Başlıbel faciəsinin baş verdiyi ərazi
© Sputnik / Ibrahim Hashimov
S.Mehdiyev deyir ki, aprelin 18-də baş verən erməni hücumu nəticəsində mülki insanlarla yanaşı, 1 nəfər əsgər də şəhid olub.
"Səkkiz nəfər əsgərlə sakinləri kahaya yerləşdirdik və kənddən ərzaq gətirdik. Dörd aydan sonra, 113-cü gündə biz buradan Daşkəsən istiqamətində yola çıxdıq. Yaralı, körpə və yaşlı insanlar var idi. Sona ehtiyat üçün saxladığımız patronlar var idi. Çətinliklə də olsa, 8 əsgər və kəndin gənc sakinləri ilə insanları təhlükədən çıxara bildik".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.