Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Novak: Qərb yaxın 5-10 il ərzində Rusiya neft-qazını əvəz edə bilməyəcək

© Sputnik / Grigory Sysoev / Mediabanka keçidRusiya baş nazirinin müavini Aleksandr Novak
Rusiya baş nazirinin müavini Aleksandr Novak - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Rusiya baş nazirinin müavini Aleksandr Novak "Energy Policy" jurnalında yazıb ki, vətəndaşlar və sənaye artıq Qərbin sanksiya siyasətinin əvəzini ödəmək məcburiyyətindədir.
BAKI, 15 aprel — Sputnik. Aİ ölkələri çətin ki, yaxın 5-10 ildə Rusiyadan gələn neft və qazı tamamilə əvəz edə bilsin. Rusiyanın enerji resursları olmadan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindən danışmaq mümkün deyil. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak "Energy Policy" jurnalı üçün yazdığı məqalədə bildirib.
"Avropa Parlamentinin Rusiyanın enerji resurslarının idxalına qadağa qoyulması ilə bağlı qətnaməsində qeyd olunur ki, qərar Aİ-nin enerji təchizatının təhlükəsizliyini təmin etməyə yönəlmiş fəaliyyət planı ilə müşayiət olunmalıdır. Bununla belə, sənayenin əsas oyunçuları razılaşırlar ki, bu, çətin ki, mümkün olsun. Gələcək 5-10 ildə Rusiya neftini və qazını tamamilə əvəzləmək mümkün deyil", - deyə o qeyd edib.
Novakın sözlərinə görə, Aİ ölkələrinə Rusiyadan neft tədarükünün payı 30%-ə, qazın payı 40%-ə çatır və Avropanın ümumi idxalında Rusiya kömürünün payı bütün satınalmaların təxminən üçdə birini təşkil edir.
O qeyd edib ki, qaz tədarükünün şaxələndirilməsi, qazın bərpa olunan növlərinə keçidin sürətləndirilməsi, istilik sistemlərində qazın digər yanacaq növləri ilə əvəz edilməsi və digər mənbələrdən elektrik enerjisi istehsalı ilə Rusiyanın enerji mənbələrindən imtinanın təmin edilməsi təklif olunur. Bütün bu tədbirlər bu ilin sonuna qədər Rusiya qazına tələbatı üçdə iki qədər azaldacaq.
Novak yazıb: "Bərpa olunan enerji mənbələrinin payını artırmaqla enerji müstəqilliyinə nail olmaq da planlaşdırılır. Bununla belə, mart ayında Avropada külək hesabına elektrik enerjisi istehsalının azalması müşahidə olunub".
Onun sözlərinə görə, Aİ ABŞ-dan başqa, Qətər, Əlcəzair, Səudiyyə Ərəbistanı, Küveyti karbohidrogenlərin mümkün idxalçıları kimi nəzərdən keçirir. Bununla yanaşı, OPEK artıq bəyan edib ki, alyans ölkələri Rusiya neftinin dünya bazarına tədarükünün azalmasını kompensasiya edə bilməyəcək.
"Beləliklə, bu gün Rusiyadan enerji mənbələrinə ağlabatan alternativ demək olar ki, mövcud deyil. Rusiyanın bazardakı payını nəzərə alsaq, aydın olur ki, Rusiyanın enerji resursları olmadan Avropanın enerji təhlükəsizliyinin təminatından danışmaq mümkün deyil. Ona görə də indi Avropanın taleyi - sənaye və Aİ vətəndaşlarının rahatlığı tamamilə lider Aİ ölkələrinin qərarlarının rasionallığından asılıdır", - deyə o yazıb.
"Bəzi ekspertlər inflyasiyanın 7%-ə qədər artacağını proqnozlaşdırır. Bütün bunlar ümumilikdə qlobal iqtisadi artımın ləngiməsinə səbəb olacaq. Bundan əlavə, inflyasiyaya səbəb olan yanacaq və elektrik enerjisinin qıtlığı və bahalaşması Aİ və ABŞ-da yaşayış minimumunun eləcə də kütləvi işsizliyin daha da artmasına səbəb ola bilər", - Novak bildirib.
Onun sözlərinə görə, Avropanın əsas sənaye sahələrinin nümayəndələri enerji bazarlarının sabitləşdirilməsi tələbi ilə Avropa Komissiyasına məktub göndəriblər. Alman Həmkarlar İttifaqları Assosiasiyası hesab edir ki, Rusiyadan enerji tədarükünə embarqonun tətbiqi bütün Avropada ciddi iqtisadi və sosial nəticələrə gətirib çıxaracaq, dəyər zəncirlərinə düzəlməz ziyan vuracaq və məşğulluq səviyyəsini azaldacaq.
"Artıq bir sıra şirkətlər hasilatı azaldır, digərləri isə tamamilə dayandırır. Beləliklə, on minlərlə müəssisə işçisi işsiz qalıb. Yəni vətəndaşlar və sənaye artıq Qərbin sanksiya siyasətinin əvəzini ödəmək məcburiyyətindədir", - o deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0