QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Otuz il əvvəl baş verən faciə haqqında eşitmədikləriniz…

© Sputnik / Emin AlisahibSəlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva
Səlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Abunə olmaq
Qaradağlı kəndi Xocavənd-Xankəndi magistral yolun üzərində yerləşdiyindən ermənilər sonralar bu yolda qətliamlar törədiblər.
BAKI, 17 fevral — Sputnik. Otuz il əvvəl Xocavənd rayonunun Qaradağlı kəndində törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırım siyasətinin davamı, Azərbaycan türklərinə bəslədikləri nifrətin nəticəsi idi.
Faciədən əvvəl Vərəndəli kəndi niyə boşaldılıb?
Qaradağlı kəndi Xocavənd rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun kənarında, dağətəyi ərazidə yerləşir. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı vaxt, Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlayır.
Vərəndəli kəndi ermənilər tərəfindən boşaldılır
1988-ci ildən kənddə hadisələrin baş verdiyinin canlı şahidi olan Sputnik Azərbaycan-ın müsahibi, Xocavənd rayon Qaradağlı kənd sakini, Səlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva deyir ki, Qaradağlı kəndinin ətrafındakı 20-dən artıq kənddə ermənilər yerləşdirildiyindən kənd daim mühasirədə olub. O, Qaradağlı ilə bağlı acı xatirələrini də bizimlə bölüşür.
“Hələ 1988-ci ildən bizim kəndin camaatına ermənilər tərəfindən təzyiqlər, hədələr olurdu ki, bu kəndin camaatı burdan köçüb getsin. Qaradağlı kəndi Xocavənd ərazisində iki kənddən biri idi. Vərəndəli kəndi, Qaradağlı kəndi. Lakin ermənilər burada öz yerlərin möhkəmləndirmək üçün 1950-ci illərin sonunda Vərəndəli kəndini ləğv edir və 250-dən artıq əhalini köçürürülər, Qaradağlı kəndinə. Kənd boşaldıldıqdan sonra isə torpaqlar ermənilər arasında bölüşdürüldü. Ancaq ermənilər bununlada kifayətlənmədi. Qarabağın böyük çayı olan Xoraşın çayı Qaradağlıdan keçirdi. Çayın bir tərəfində kənd yerləşirdi. Çayın o tayında əkin və otlaq sahələri idi. Ermənilər bütün torpaq sahələrin zəbt eləmişdilər. Və camaatın o əraziyə keçməyə, mal-qara saxlamağa hüququ yox idi”.
© Sputnik / Emin AlisahibSəlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva
Səlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Səlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva
Erməni qolçomaqları Bakıdan gələn 2 dinc sakini qətlə yetirirlər
1990-cı ildən sonra ermənilər yavaş-yavaş azərbaycanlılar yaşayan kəndlərə hücumlar təşkil edir. Ermənilərin yaşadığı kəndlərdən keçən avtobuslardakı azərbaycanlılar daşlanılır, maşınlar əzilir, insanlar yaralanır. Silahlı basqın isə 1990-cı ilin noyabr ayında başlayır.
Hadisələrin baş verdiyinin canlı şahidi olan Telli Alıyevanın sözlərinə görə, Qaradağlı kəndi Xocavənd-Xankəndi magistral yolun üzərində yerləşdiyindən ermənilər sonralar bu yolda qətliamlar törədiblər.

“Bizim kəndə Bakıdan bir avtomobil gəlmişdi, mebel satırdı. Və onlar geri qayıdarkən xahiş elədilər ki, bizim kəndin rəhbərliyindən bizə bir bələdçi verin, yolda bizi ermənilər hədələyirlər. Bizim kəndimizdən də vaxtı ilə ermənilərin yanında işləmiş Xandəmir Hüseynov adlı bir kişi vardı, ağsaqqal kişi idi. Dedi ki, mən sizi ötürərəm, onlar məni tanıyır”.

Amma heç nə gözlənilən kimi olmur. Kənd sakini paytaxtdan kəndə üz tutan qonaqları sağ-salamat yola salmaq istəsə də, özü kəndə sağ qayıda bilmir. Elə Bakıdan kəndə üz tutan qonaqlarla birgə yolda ermənilərlə qarşı-qarşıya gəlir. Qaradağlı sakinlərinin də yaxşı tanıdığı “Kar Daş” deyilən ərazidə ermənilər tərəfindən qətlə yetirilirlər. Telli Alıyevanın sözlərinə görə, qonaqlarla Xandəmir Hüseynov həmin avtomobilə minib gedəndən 1 saat sonra kəndə qara xəbər gəlir.
“Bizə xəbər gəldi ki, həmin şəxslər güllələnib. "Kar Daş" deyilən yerdə 3 nəfəri güllələmişdilər. O maşında olan bütün pulu, sərvəti götürmüşdülər. Onların üçünü də elə güllələmişdilər, sinələrinə güllə ilə xaç şəkli çəkmişdilər. İkisi Bakıdan idi, biri də bizim kənddən. İlk qurbanımız Xandəmir Hüseynovdur. Bizim kəndin camaatı güllə yağışı altında gedib, onların meyitini götürüb, gətirdilər”.
Kəndə seçilən kolxoz sədri ermənilər tərəfindən öldürülür
Amma ermənilər bununla kifayətlənmir. 1991-ci ilin yanvarında daha bir şəxsi güllə yağışına tutur. Müsahibimiz o günü də yaxşı xatırladığını deyir. Telli Alıyeva danışır ki, ermənilər 1991-ci ilin yanvar ayında onun sinif yoldaşı, kolxoza yeni təyin olunan sədri də yolda güllələyirlər.
“Mənim sinif yoldaşım Soltan Bayramov kolxoza sədr təyin olunmuşdu. O vaxt da bizim Xocavəndə getməyimiz mümkün deyildi, ermənilər imkan vermirdi. Ona görə biz Ağdama gedirdik, ordan kəndimizə dəstək, kömək alırdıq. Bütün bazarlığı ordan edirdik. Soltanda gedirdi ki, Ağdamda təsdiq olunsun, kolxoz sədri kimi gəlib kəndi idarə eləsin”.
Amma bir gün də olsun vəzifəsini icra etməyə ona ermənilər imkan vermir. Elə təsdiqlənmək üçün Ağdama yollanan Soltan Bayramov həmin gün şəhid olur.
“Xocavənddən 4-5 kilometr uzaqlaşmış maşını arxadan güllə yağışına tuturlar. Maşının da içində 5 nəfər olur. O, beş nəfərdən ikisi ağır yaralandı, həmin Soltan Bayramov da aldığı güllə yarasından həyatını itirdi. Onu yaralı vəziyyətdə gətirdilər kəndə, təcili yardım olmadı. Kənddə də bir həkim yox idi ki, ona yardım eləsin. Təkrar onu Ağdama qaytardılar. Yolda o adam şəhid oldu. 4 övladı sahibsiz qaldı”.
© Sputnik / Emin AlisahibSəlakətin kənd məktəbində
Səlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Səlakətin kənd məktəbində
Qız-gəlinlər kənddən çıxarılır
Qarakənd hadisəsindən sonra münaqişə daha da dərinləşir. Müsahibimiz deyir ki, kəndin ağsaqqalları yığışıb, belə qərara gəlirlər ki, bu cür yaşamaq mümkün deyil. Qız-gəlinlər, körpələr kənddən çıxmalıdır.
“Ona görə vertolyot xahiş elədilər. Hətta gələn vertolyotları da ermənilər vururdular. Vertolyotun pərinə güllə dəymişdi, vertolyotun içində adamlarımıza güllə dəymişdi. Onları da qoymurdular yerə düşməyə. Bir təhər körpələr və cavan qadınlar kənddən çıxarıldı. Kənddə 100-ə qədər kişi qaldı. Onlar kəndi buraxmadılar. Eyni zamanda o kişilərlə bərabər onların həyat yoldaşları, anaları qaldı.
Ermənilər ağbirçək qadının əlini kəsirlər
Bütün baş verənlərə baxmayaraq, ermənilərin 4 il Qaradağlıya gücü çatmır. Onlar Qaradağlını "qaranlıq dərə", "qanlı dərə" və "ayı yuvası" adlandırır. Bu yerə girə bilməyən düşmən müxtəlif hiylələrə əl atsa da, Qaradağlıya girməyə nail ola bilmir. Nəhayət kənd sakinlərinin bütün ehtiyyatları tükənir, amma yenə də Qaradağlı sakinləri təslim olmur.
“Təsəvvür edin ki, bütün silah-sursat, qida, ərzaq qurtarır. Və I-II postlarda artıq ilk şəhidlər verildi. Mobil müəllim var, məktəbin direktoru o şəhid oldu. Altay Məmmədov var, sonra Rəşid kişi var, Əsgər kişi var, ağsaqqal. Fevralın 14-dən 17-nə kimi 20-yə qədər o kənddə şəhid verilib”.
Amma ən dəhşətlisi qadınlara-qızlara qarşı edilən amansızlıq olur ki, bu da erməni vəhşiliyini bir daha sübuta yetirir. Ermənilər həmin vaxt öldürdükləri qadına ağır işgəncə verir. Belə ki, qoca qadının əlini kəsərək, özləri ilə aparırlar.
“Ən dəhşətli hadisələrdən biri kimi xatırlayırıq o faktı. Zivər adlı ağbirçək qadın orda şəhid olur, ermənilərin alçaqlığını görün ki, o qadının əlini kəsiblər. Çünki onun əlində qızıl üzük varmış. Bu vəhşilik ermənilərin nə qədər acgöz, qəsbkar olduğunu bir daha sübut edir”.
33 gənc güllələnərək, silos quyusuna atılır
Günlərlə ermənilərə tab gətirən əliyalın xalq artıq mübarizə apara bilmir. Əhalinin son gülləsi qurtardığına görə Qaradağlı kəndində kolxoz idarəsinə sığınır. Müdafiə, sığınacaq üçün yığışdıqları bu məkana qadınlar, uşaqlar, hətta ölənlərin meyitləri də gətrilir. Müsahibimiz bildirir ki, köməksiz qalan camaat fevralın 17-də təslim olmağa məcbur olur.
“Qocaları, qadınları bir "Kamaz"a, cavanları da bir "Kamaz"a yığıb, Xankəndinə aparırlar. Yolda "Bəylik bağı" deyilən yer var, orda maşınları saxlayıb deyirlər ki, cavanlar düşməlidir. Orda da məktəbimizin Tağıyev Telman adında hərbi müəllimi vardı. O, üstündə bir əl qumbarası gizləyibmiş. Aşağı düşəndə onu atır ermənilərin topasına. 7 nəfər erməni orda ölür. Bu ölən ermənilərin intiqamını almaq üçün ermənilər maşının içinə atəş açırlar. 33 nəfəri güllələyirlər. 33 gənc şəhid olur orda”.
Müəllim danışır ki, ölənlər arasında onun dayısı da olur. Hansı ki, sonralar onun meyitini də ermənilərdən almaq mümkün olmur. Çünki ermənilər Telli Alıyevanın dayısının meyitini silos quyusuna atır.
“Mənim dayım Əliyev Zahid 35 yaşında şəhid olur. Orada güllələnir, onların meyitini götürüb yaxınlıqda ki, silos quyusuna atırlar və üstünə torpaq töküb basdırırlar”.
© Sputnik / Emin AlisahibSəlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva
Səlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva  - Sputnik Azərbaycan, 1920, 17.02.2022
Səlakətin kənd məktəbinin tarix müəllimi Telli Alıyeva
Müharibədə iştirak edənlər həmin şəhidlərin övladları imiş...
Müsahibmiz deyir ki, həmin dövrdə kənddə 800-ə yaxın adam yaşayırdı. 800 nəfərin hər 10 nəfərindən biri şəhid olub. 2020-ci ilin 44 günlük Vətən müharibəsində döyüşən o şəhid ailələrinin övladları atalarının, doğmalarının qisasını layiqincə aldı. İndi Qaradağlı sakinlərinin bir arzusu var. O da ki, öz doğma kəndlərinə dönüb, orda silos quyusunda dəfn olunan 33 şəhidin abidəsini əbədiləşdirmək.
“Mən inanıram ki, tez bir zamanda Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında görülən abadlıq-quruculuq işləri nəticəsində biz doğma torpaqlarımıza qayıdacağıq. Qaradağlıya gedəcəyik. O 33 nəfər şəhid ki, orda dəfn olunub, onun üzərində bir qələbə rəmzi olaraq abidə ucaldacayıq, onlara deyəcəyik ki, ruhunuz şad olsun, siz azad bir torpaqda uyuyursunuz. Sizin varisləriniz sizin intiqamınızı düşməndən aldı”.
Qeyd edək ki, Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırım həyata keçirilib. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırım cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq atasız-anasız qalıb. Qaradağlı kəndində 91 nəfər qətlə yetirilib. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0