Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda sürüşmə zonasında tikinti aparılır? VİDEO

© Sputnik / Murad OrujovBakıda sürüşmə
Bakıda sürüşmə - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Yeni Günəşlinin Kərpiczavod adlanan əraizisi sürüşmə zonasıdır. Buna baxmayaraq orada tikinti işləri aparılır.
BAKI, 9 fevral — Sputnik. Bakı seysmik ərazi hesab edildiyindən burada aktiv sürüşmə zonaları çoxdur. Bu ərazilərdən biri də Yeni Günəşli qəsəbəsidir. Ümumiyyətlə, son 7-8 ildə qəsəbədə çoxsaylı tikintilərin olması, hündürmərtəbəli binaların tikilməsi həyəcan təbili çalmağa əsas verir.
Qəsəbənin vaxtı ilə göl olan və sürüşməyə meyilli ərazilərində beşmərtəbəli binalar, obyektlər tikilir.
Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq problemlə maraqlanıb.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində seysmik hesab edilən ərazilər az deyil. Zamanla şəhərin müxtəlif ərazilərində sürüşmələrin baş verdiyini görürük. Müəyyən bərkidilmə işləri getsə də, həmin ərazilərdə tikinti işlər davam edir.
"Təəssüf ki, həmin yerlər təhlükəli ərazi kimi qeydə alınmır. Qeydə alınsa belə, burada tikinti işləri dayandırılmır. Bakı neft şəhəridir. Neftli torpaqların altında yaranan boşluqlar belə, bu cür təbiət hadisələrinin baş verməsinə səbəb olur", - ekspert deyib.
O qeyd edir ki, ilk növbədə həmin sahələr qeydə alınmalı, orada yaşayış, qeyri-yaşayış sahələrinin inşası qadağan olunmalıdır. Həmin ərazilərdə ağaclar da əkilməlidir. Çünki bəzi ağaclar sırf yerin altında bərkidilmə işlərinin aparılması üçün əkilir.
Elnur Fərzəliyevin fikrincə, Bakının baş planının hazır olmaması da bir sıra problemlər yaradır:
"Ən sonuncu baş plan 1986-cı ildə hazırlanıb. O dövrdən xeyli zaman keçməsinə baxmayaraq, yeni baş plan yoxdur. Digər tərəfdən şəhərin yeraltı xəritəsi də hazırlanmalıdır. Bilinməlidir ki, hansı ərazilərdə inşaat işlərini aparmaq olar, harada olmaz. Bir sıra hündürmərətbəli binaları inşa etmək üçün yer qazılan zaman orada yeraltı çaylara, sualara rast gəlinib. Onların bəzilərində işlər dayandırılsa da, bəzilərində çayın səmti dəyişdirilib, tikinti aparılıb. Şəhərdə yeraltı sular çoxdur. Hansısa yeraltı hadisə baş verərsə, böyük təhlükə yaranar".
E.Fərzəliyev bildirir ki, bu gün şəhərdə tikinti işlərini aparmaq üçün torpaq sahələri, demək olar ki, qalmayıb. Şəhər artıq genişlənib, Sumqayıtla birləşib.
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə bildirir ki, torpağın xüsusi kateqoriyaları var, dövlət onu təhlil edir. Ondan nümunələr götürülür, həmin nümunələrə əsasən onun konstruksiyası hazırlanır. Sürüşmə yerləri ilə bağlı dövlətin öz xəritəsi var. Dövlətin aidiyyəti qurumları buna nəzarət edir. Ona görə ciddi risklər yoxdur. Sadəcə olaraq bəzi yerlərdə, məsələn, Bayıl yamacında vaxtilə hansısa qurum tərəfindən fərdi evlərin tikintisinə icazə verilib. Nəzarət mexanizmi güclü olmayıb.
"Çoxmənzilli binaların layihələndirilməsi, inşası FHN-nə veriləndən sonra bu sahəyə çox ciddi nəzarət var. Son illərdə tikintiyə nəzarət güclənib", - deyə ekspert bildirib.
AMEA-nın aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov bildirir ki, Yeni Günəşlinin Kərpiczavod adlanan əraizisi sürüşmə zonasıdır. Buna baxmayaraq, orada tikinti işləri aparılır:
"Həmin ərazidə texnogen sürüşmələr mövcuddur. Yamacın sol tərəfində sürüşmə var. Bu, Köhnə Günəşlinin yamaclarıdır. Ona görə də Yeni Günəşlinin Kərpiczavod adlanan ərazisi çox təhlükəlidir. Orada tikintinin aparılması düzgün deyil. Çünki sürüşmə bu il baş vermirsə, o demək deyil ki, baş verməyəcək. Bəlkə də 20 il sonra bu sürüşmə baş verəcək".
İsmayılov qeyd edir ki, Yeni Günəşli ilə yanaşı, Zığ tərəfdə də belə sahələr var:
"Belə yerlərdə obyektlər, evlər tikirlər, yavaş-yavaş hamısı çökür. Yəni, bu o deməkdir ki, yaxın gələcəkdə həmin o beşmərtəbəli binaları eyni aqibət gözləyir. Tikinti aparmazdan öncə yarğanı doldururlar. Amma onu axıracan doldurmaq mümkün deyil. Pullarını verib bir az aşağı məbləğlə tikinti aparırlar, beləcə gələcək üçün böyük təhlükə yaradırlar".
Mütəxəssis icra qurumlarının bu tikinti işlərindən xəbərdar olduğunu bildirir:
"Bir hadisə olanda kompensasiya alacaqlar ki, o da büdcəyə ziyan olacaq. İcra orqanları həssas məsələdə diqqətli olmalıdır. Çünki sürüşmənin vaxtını, zamanını bilmək çətindir. Heç kim gözləməzdi ki, Badamdarda sürüşmə baş verəcək. Yuxarı hissədə gedən tikinti işləri sürüşməni aktivləşdirdi, beləcə böyük sürüşmə sahəsi yarandı. Oradakı sürüşmənin səbəbi hazırda Yeni Günəşlidə gedən proseslə eynilik təşkil edir. Yeni Günəşlidə də sürüşmə yuxarıdan başlayıb aşağıya doğru hərəkət edəcək".
Qeyd edək ki, mövzu ilə əlaqədar FHN-in münasibətini işıqlandıracağıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0