Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Tağıyevin adı ilə bağlı bina yox olmaq təhlükəsində - FOTO/VİDEO

© Sputnik / Murad OrujovHacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Vaxtilə Tağıyev tərəfindən yaradılan, 6 min işçinin ailəsinə çörək pulu apardığı toxuculuq kombinatı tamamilə yararsız vəziyyətdədir, 121 illik tarixi olsa da, müəssisə uçulub-dağılır.
BAKI, 7 fevral — Sputnik. Azərbaycanda ilk toxuculuq kombinatı, neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin yaratdığı müəssisə hazırda tamamilə yararsız vəziyyətdədir. Kombinatın binası başqa məqsədlə istifadə edilir. Son günlər bununla bağlı sosial şəbəkələrdə müxtəlif paylaşımlar qarşımıza çıxır.
Bu səbəbdən Sputnik Azərbaycan toxuculuq kombinatının vəziyyəti ilə yerindəcə tanış olmağa çalışıb.

Kombinatın qısa tarixçəsi

XX əsrin əvvəllərində müsəlmanların dəfni üçün kəfənlik parçalar Rusiya və digər ölkələrdən gətirilirdi. Məhz yerli tələbatın ödənilməsi məqsədilə ötən əsrin əvvəllərində azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev toxuculuq kombinatını yaratmağı qərarlaşdırır.
Həmin dövrdə Azərbaycanda pambıq yetişdirilirdi və həmin xammaldan toxuculuq sənayesində istifadə etmək mümkün idi. Beləliklə, 1897-ci ildə Hacı Zeynalabdin Tağıyev özünə məxsus neft mədənlərinin müəyyən hissəsini Britaniya şirkətlərindən birinə satır və əldə etdiyi vəsaiti qeyri-neft sektoruna yatırır. Əsas məqsəd Bakıda böyük toxuculuq fabriki tikmək idi.
Azərbaycanlı milyonçu Yevlax rayonu yaxınlığında sahələr alır və orada pambıq əkdirir, Bakının Zığ qəsəbəsində isə toxuculuq fabriki tikdirir. Toxuculuq fabriki elə Tağıyevə məxsus dəyirmanların düz yanında inşa edilir. Kombinat 1901-ci ildən etibarən fəaliyyətə başlayır. Kombinatın ərazisi 19 hektar idi. Bir vaxtlar 6 min nəfər işçisi olan müəssisə ötən əsrin 90-cı illərindən sonra fəaliyyətini dayandırır.
© Sputnik / Murad OrujovHacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı

Sanki müharibədən çıxıb

Zığ qəsəbəsində, 121 illik tarixi olan böyük müəssisənin, toxuculuq kombinatının qarşısındayıq. Bina ilə bağlı ilkin təəssüratlarımız heç də ürəkaçan deyil. Müharibənin təsirindən zərbə alaraq yararsız vəziyyətə düşən tikililəri xatırladır.
Şüşələr qırıq-qırıqdır, bəzi yerlərdə ümumiyyətlə şüşə yoxdur, sanki bir əsrə yaxındır ki, bina təmir üzü görməyib. Uçulmuş vəziyyətdə olan binaya daxil olmaq istəsək də, nəzarətçi buraxmır. Mədəni, kübar təsir bağışlayan yaşlı nəzarətçi: "Məndən olsaydı, sizi içəri buraxardım, amma icazə yoxdur", - deyir.
Bunun səbəbini isə binanın müdirinin qoyduğu qadağa ilə izah edir: "Yaşlı vaxtımda kimdənsə söz eşitməli deyiləm. Mənə deyiblər ki, kənar şəxsləri içəri buraxma, burada mənlik bir şey yoxdur".

İçi çölündən bərbad?

"Bəs burada hansı fəaliyyətlər var?" sualımıza cavab olaraq nəzarətçi müxtəlif sexlərin fəaliyyət göstərdiyini dedi.
© Sputnik / Murad Orujov
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı - Sputnik Azərbaycan
1/3
© Sputnik / Murad Orujov
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı - Sputnik Azərbaycan
2/3
© Sputnik / Murad Orujov
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3
Buradakı sexlərə qida daşıyan "paketçi" gənc oğlan isə içəridə mebel sexlərinin fəaliyyət göstərdiyini bildirdi: "Burada müxtəlif taxta sexləri fəaliyyət göstərir. Müxtəlif divan sexləri var. Mən hər gün bura verdikləri yemək sifarişlərini çatdırıram".
Binanın ərazisindən çıxan işçilərdən biri heç bir məlumat verməsə də, binanın içi ilə müqayisədə xarici görünüşünün daha yaxşı olduğunu söyləyir.
Demək olar ki, hər dəqiqə buradan həm böyük, həm də kiçik ölçülü müxtəlif avtomobillər çıxır. Bir neçəsini saxlayıb məlumat almağa çalışsaq da, onlar müdiriyyətin buna icazə vermədiyini, ümumiyyətlə, müdiriyyətin yaşlı və sərt biri olduğunu bildirirlər.
Binanın arxa tərəfinə keçdik. Ön hissədəki kimi arxa divarları da bərbad vəziyyətdədir. Dəliklər, pəncərəsi olmayan divarlar içərini görməyə imkan verir. Kimsəsiz, ucsuz-bucaqsız yer təsiri bağışlayan binanın xüsusən axşam saatlarında daha təhlükəli yer ola biləcəyini söyləmək mümkündür.
© Sputnik / Murad OrujovHacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı

Tağıyevin əmlakından da nəsə saxlamaq lazımdır...

Ötən əsrin 80-ci illərində burada partiya komitəsinin katibi kimi çalışan Telman Nurəliyev hazırda orada texniki direktorun müavini işləyir. O, Sputnik Azərbaycan-a binanın fəaliyyəti haqda danışıb. Müsahibimizin sözlərinə görə, hələ ötən əsrdə Hacı Zeynalabdin Tağıyevin 90 illiyi ilə əlaqədar olaraq onun xatirəsini əbədiləşdirmək məqsədilə muzey açmağı düşünüblər:
"Sonra elə oldu ki, sovet hökuməti dağıldı, baş qarışdı, Qarabağ işğal olundu və 30 il bu problem davam etdi. Beləcə, Tağıyevin toxuculuq kombinatı yaddan çıxdı. Bu bina hazırda dövlətin sərəncamındadır. Heç bir istehsal yoxdur, sadəcə anbar kimi istifadə olunur.
Evdə yaşamasan, orada nəfəs olmasa, o ev də sökülər. Bura 100 ildən artıq tarixi olan müəssisədir. Yavaş-yavaş uçulub dağılır. Müəssisənin özünün imkanı yoxdur ki, onu təmir eləsin. Kombinatın divarları qalıb, biz sadəcə olaraq nəzarətçi kimi buranı qoruyuruq. Onsuz burada nə pul verirlər, nə bir şey. Sadəcə oturub binanı qoruyuruq. Görək bu işlərin axırı nə olur?!"
© Sputnik / Murad OrujovHacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı
Həmsöhbətimiz deyir ki, kombinat böyük tarixi olan müəssisədir, onun haqqında fikirləşmək lazımdır: "Amma əfsuslar olsun ki, dövlətin hələlik bu işə nə vaxtı, nə də imkanı var. Amma yəqin ki, yaxın gələcəkdə həm bu bina, həm də dəyirmanın aqibəti haqda düşünüləcək. Bu da tarixi binalardan biridir, onları qoruyub saxlamaq lazımdır".
"Ərazi icarəyə verilibmi?" sualına qarşı tərəf təsdiq cavabı verir, bildirir ki, hazırda burada müxtəlif sexlər fəaliyyət göstərir: "İcarə haqqını dövlət təyin edib, bu, bizdən asılı məsələ deyil".
Onun sözlərinə görə, hazırda binada heç bir ədəd də köhnə toxuculuq dəzgahı yoxdur:
"Heç nə yoxdur. Həmin dəzgahlar ötən ərsin 90-cı illərində ərazidən çıxarılmışdı, çünki artıq funksiyalarını itirmişdi. Sonradan bu dəzgahların hamısı "metallolom"a verildi.
Bundan başqa, qeyd edim ki, şəhərin mərkəzində toxuculuq kombinatı fəaliyyət göstərə bilməz. Çünki toxuculuq zavodları neft zavodları qədər ətraf aləm üçün təhlükəli müəssisədir. Orada kifayət qədər çox kimyəvi maddələrdən istifadə olunurdu. Bunları şəhərdən kənarda yaratmaq lazım idi. Lakin bilirsiz, o vaxtı şəhərin mərkəzi İçərişəhər və onun ətrafı idi. Zığ kimi yerlər ətraf ərazilər sayılırdı. Sadəcə olaraq istəyərdim ki, bina muzey olaraq istifadəyə verilsin. Bu, bizim tariximizdir. Tağıyevin əmlakından da nəsə saxlamaq lazımdır".
Kombinatda sovet dövründə 150 milyon metr parça buraxıldığını vurğulayan Telman Nurəliyev Tağıyevin heykəlindən də danışıb. O bildirib ki, hələ o dövrdə məşhur azərbaycanlı milyonçunun heykəli müəssisənin həyətində qoyulub: "O dövrdə biz bu büstü kombinatın həyətinə qoymuşduq. Qəşəng büst idi. Sonradan onu aparıb yataqxananın qabağına qoydular. İcra hakmiyyəti onu zirzəmiyə qoydu. Təzə müdir gələndən sonra xahiş edib, büstü geri qaytara bildik, artıq 7-8 il olar ki, büst yenidən öz yerindədir".
© Sputnik / Murad OrujovHacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Hacı Zeynalabdin Tağıyev adına toxuculuq kombinatı
Binanın müdirinə gəldikdə isə, həmsöhbətimiz müəssisənin rəhbəri Rafael Tağıyevin mehriban biri olduğunu vurğulayıb.
Binanın aqibətinin necə olacağı barədə sual isə, yəqin ki, tək bizi düşündürmür...
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0