Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda bu qəbiristanlıqlara yiyə duran yoxdur - Şok səbəb

© Sputnik / Murad OrujovBakıda qəbiristanlıq
Bakıda qəbiristanlıq - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (BƏVXT) baş mühəndisi Sabir Həsənov deyib ki, bələdiyyələrə dörd dəfə getsə də, qəbiristanlıqları təhvil götürmək istəmirlər.
BAKI, 5 fevral — Sputnik. Azərbaycanda qəbiristanlıqların bələdiyyələrə verilməsi gecikir. Bunu bir neçə gün öncə Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
O, bu prosesin başa çatdırılmalı olduğunu deyib: "Nazirlər Kabineti nümunəvi qəbiristanlıqların 3 aya bələdiyyələrə verilməsi barədə qərar qəbul etmişdi, bu günə qədər bu qərar icra olunmur".
S.Novruzov deyib ki, bu qərarın icrası təmin olunmalıdır.
Sputnik Azərbaycan məzarlıqların bələdiyyələrə verilməsinin niyə ləngidiyinin səbəblərini araşdırıb.
Boş yer qalmayan qəbiristanlıqlara yiyə duran yoxdur
Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (BƏVXT) baş mühəndisi Sabir Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti (NK) tərəfindən 2018-ci ilin dekabr ayında "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişiklik edilib.
O deyib ki, sabiq Baş Nazir Novruz Məmmədovun qərarı ilə qəbiristanlıqlar yerli bələdiyyələrin idarəçiliyinə verilib. Amma S.Həsənov qəbiristanlıqların təhvil-təslim prosesinin hələlik tam başa çatmadığını söyləyib:
"Bakıda 100-ə yaxın qəbiristanlıq var. Onlardan sadəcə 31-i bizim quruma tabedir. Artıq təhvil verməli olduğumuz 27 məzarlıqdan 22-si bələdiyyələrə təhvil verilib. Yerdə 5-6 qəbiristanlıq qalıb. Onlardan biri Nizami bələdiyyəsinə verilməlidir. Təhvil verilməyənlərin arasında 8-ci kilometr məzarlığı, 7-ci mikrorayon qəbiristanlığı da var.
Bu məzarlıqları bələdiyyələr təhvil götürmək istəmir. Məzarlıq ərazilərində bizim qurumun istehsalat sexləri var. Bələdiyyələr deyir ki, məzarlıqlarda boş yer qalmadığından həmin qəbiristanlıqları götürmək onlara sərf etmir. İstəyirlər ki, sexləri də onlara verək. Həmin sexləri isə mən bələdiyyələrə verə bilmərəm. Onlar bizim əmlakımızdır. Bələdiyyələrə dörd dəfə getmişəm, qəbiristanlıqları təhvil götürmək istəmirlər".
Bələdiyyələr niyə susur?
Nizami rayon bələdiyyəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, bununla bağlı ancaq sədr cavab verə bilər. O, isə xəstə olduğundan işə çıxmır.
Keşlə bələdiyyəsindən isə onların ərazisində ümumiyyətlə məzarlıq olmadığını bildirdilər.
Bələdiyyələrin məzarlıq xidmətləri gecikir
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının Hümbət Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, məzarlıqların mütləq əksəriyyəti bələdiyyələrə verilib. Artıq bələdiyyələrə verilən məzarlıqlarda yerli özünüidarətmə qurumları tərəfindən xidmətlər də göstərilir. Amma bu proses tam yekunlaşmayıb.
H.Hüseynov bildirir ki, məzarlıqların bələdiyyələrə verilməsi sosial baxımdan atılan addımdır. Bələdiyyələr vətəndaşlara məzarlıqlarla bağlı sosial xidmətlər göstərməlidir. Buraya məzar yerinin qazılması, dəfn işinin təşkili sairə daxildir. Hətta qəsəbədə kimin maddi imkanı yoxdursa onun dəfni pulsuz həyata keçirilməlidir. Bütün bunlar Nazirlər Kabineti (NK) tərəfindən 2018-ci ilin dekabr ayında "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişiklikdə öz əksini tapıb".
On nəfərlik boş məzar yeri satmaq qadağandır
Assossasiya rəhbəri qeyd edir ki, məzarlıqların bələdiyyələrə verilməsi ilə bir şəxsə on-onbeş nəfərlik məzar yerinin satılmasına da son qoyulmalı idi. Bundan əlavə məzarlıqlarda məzar yerlərinin satılması ilə bağlı rüsumlar var. Məzar yerinə görə əlavə vəsaitin alınmasına da son qoyulmalı idi".
Qəbir yerləri ilə bağlı tələblər
Xatırladaq ki, son qərarla Azərbaycanda qəbir yerlərinin ölçüləri müəyyənləşdirilib. "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na görə, dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.
Ölmüş şəxsin dini qaydalara, yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.
Qəbir yeri qazıldıqda, qəbrin dibi qrunt sularının axın səviyyəsindən 0,5 metrdən az olmayan hündürlükdə olmalıdır. Azərbaycan Respublikası vətəndaşının xarici ölkədən gətirilmiş ya bu Qaydalara uyğun olaraq kremasiya olunmuş meyitinin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün hüzn divarında (kolumbaridə) ölmüş şəxsin soyadı, adı, atasının adı, doğum, ölüm tarixlərini bildirən lövhə vurulmaqla, uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,4 metr ölçüdə oyuqlar, ya ümumi torpaq sahəsi 2 kvadratmetr olmaqla uzunluğu 0,75 metr, eni 0,6 metr və dərinliyi 0,8 metr ölçüdə qəbir yeri nəzərdə tutulur.
Kremasiya olunmuş meyitin külü saxlanılan urnanın daxili həcmi ölmüş şəxsin çəkisindən asılı olaraq, külün miqdarına görə 4 litrə qədər olmalıdır. Formasından asılı olmayaraq urnanın divarının qalınlığı 0,02 metr olmalı, onun oyuğa rahat yerləşdirilməsi üçün hündürlüyü 0,35 metrə qədər olmaqla, təbii daş yaxud metaldan hazırlanır.
Dəfndən sonra qəbrin üzərinə 0,5 metr hündürlükdə torpaq tökülür. Qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri, dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılır. Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri, dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum, ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur.
Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr, hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə, eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı, qəbrin ətrafı hasara alınmamalıdır.
Qaydaları pozanlar cərimələnəcək
İnzibati Xətalar Məcəlləsinin — 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinə görə, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə, vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.
Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.
Bundan başqa, qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.
Rüsum 63 manat, real qiymətlər isə...
Məlumat üçün bildirək ki, Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir. Rüsuma tikinti materialının qiyməti daxil deyil.
Amma paytaxtdakı qəbiristanlıqlarda məzar yeri qiymətləri bundan dəfələrlə yüksəkdir. Hazırda paytaxtın şəhər qəbiristanlıqlarında qiymətlər 9-15 min manat arasında dəyişir. Qəsəbələrdə isə bu qiymət 3-6 min manat arasındadır.
Xəbər lenti
0