QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qarabağın dağıdılmış kilsələri: Avropaya həqiqəti göstərdik - Video

© Photo : AZƏRTACXocavənd rayonunda məbəd
Xocavənd rayonunda məbəd - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Abunə olmaq
Vatikanda keçirilən mətbuat konfransında "Erməni separatçılarının Qarabağdakı kilsələrlə müharibəsi" adlı Azərbaycan filmi xarici jurnalistlərə təqdim olunub.
BAKI, 18 yanvar — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan dini qurumlarının nümayəndələrindən ibarət heyət Vatikanda keçirilən mətbuat konfransında "Erməni separatçılarının Qarabağdakı kilsələrlə müharibəsi" adlı Azərbaycan filmini xarici jurnalistlərə təqdim edib.
Xatırladaq ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 12-dən Vatikandadır. Azərbaycanın din xadimləri Vatikana Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağda məscid, kilsə və məbədlərin bərpası, yenidən qurulması məsələsini müzakirə etmək üçün yollanıblar. Nümayəndə heyətinin tərkibinə Azərbaycandakı dini icmaların nümayəndələri - Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksey Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildir.
Səfər çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransisklə Allahşükür Paşazadənin görüşü baş tutub.
Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə sözügedən film fransız dilinə tərcümə və dublyaj edilərək Fransa mediasına təqdim edilib.
Sputnik Azərbaycan filmin ssenari müəllifi, CBC telekanalının aparıcısı Anastasiya Lavrina ilə ekran əsərinin ərsəyə gəlməsi, eləcə də Qarabağın dini obyektlərinin gələcək taleyi barədə danışıb.
– Anastasiya, filmin ideyası necə yarandı, hər şey necə başladı? Sizin film ərsəyə gəldiyi vaxt gördüklərinizlə bağlı təəssüratlarınızı öyrənmək istərdik. Ssenarinin yaradılması, çəkilişlər və montaj vaxtı ən böyük çətinlik nədən ibarət idi?
– Döyüş meydanında müharibə aparmaq başqa şeydir, dini obyektlərlə müharibə isə əsl vandalizmdir. Artıq heç nəyi düzəldə bilməməkdən doğan qəzəb, inciklik və məyusluq – Azərbaycanın Xocavənd rayonunda erməni işğalı zamanı demək olar ki, tamamilə dağıdılmış pravoslav kilsəsinin şəkillərini ilk dəfə görəndə məhz bu hissləri keçirdim.
Özlərini Cənubi Qafqazda xristian irsinin qoruyucusu adlandıran və xristian dünyasını müsəlmanlarla mübarizədə köməyə çağıran erməni işğalçıları həm müsəlman məscidlərini, həm də pravoslav və alban kilsələrini yerlə-yeksan ediblər, "erməniləşdirə" bilmədiklərini isə sadəcə, dağıdıblar. On doqquzuncu əsrin sonlarında inşa olunmuş, dövrünün ən möhtəşəm binalarından birinin yerində yalnız daş yığını və xarabalıqlar qalıb. Mən özümə söz verdim ki, bunu bütün dünyaya çatdıracağam. Erməni mifini dağıtmaq, Azərbaycanın əleyhinə səsləndirilən əsassız ittihamlara hələ də inananların gözünü açmaq istəyirdim. Filmin ideyası belə yarandı. Filmin ssenarisinə ciddi hazırlıq gedirdi. Mənim üçün filmin faktlar və arqumentlər üzərində qurulması vacib idi. Bu həm arxiv materialları, həm də kitablar, din xadimləri və tarixçilərlə söhbətlər idi. Ən çətini də o yerlərə gedib çıxmaq idi, çünki işğal müddətində ermənilər hər yeri, hətta kilsənin içini belə minalamışdılar. Ərazinin minalardan təmizlənməsinə vaxt tələb olunurdu. Hava şəraitinin pis olması prosesi bir az da çətinləşdirirdi. İlk səfərimiz uğurlu olmadı, çəkilişləri təxirə salmalı olduq, yollar dağıdıldığı, hava da pis olduğuna görə minaya düşmək ehtimalı var idi.
Amma ikinci səfərimiz uğurlu oldu. Bununla belə, bölgədə minalardan təmizlənmə işinin hələ də davam etdirildiyini nəzərə alsaq, çox ehtiyatla hərəkət edirdik. Haradasa bir kilometr məsafəni əlimizdə aparatlarla piyada getməli olduq. Bütün komanda – rejissor, prodüser, operator, montajçılarımızın sayəsində biz bu işin öhdəsindən gəldik.
– Filmin premyerası harada və necə keçdi? Ekran işinin təqdimatından sonra tamaşaçıların təəssüratı necə idi?
– Filmin təqdimatı ötən il noyabrın 16-da CBC telekanalında baş tutdu və dərhal geniş ictimaiyyətin diqqətini cəlb etdi. Mənə gələn məlumatlarda filmin erməni təbliğatına qarşı güclü arqument kimi vacibliyi vurğulanırdı. Bu film çəkilənə kimi sözügedən pravoslav kilsəsi ilə bağlı informasiya çox deyildi. Filmdə Bakıdakı Jen Mironosits Kilsəsi ilə Xocavənddəki kilsənin müqayisəsi tamaşaçıların daha çox diqqətini cəlb etmişdi. Belə ki, hər iki kilsə XIX əsrin sonlarında inşa edilib və sovet dövründə onlardan təyinatı üzrə istifadə olunmayıb. Ancaq bir baxın, dəfələrlə restavrasiya olunmuş Bakıdakı kilsə nə vəziyyətdədir, 2020-ci ilin payızına kimi erməni işğalı altında olan Xocavənddəki kilsə nə gündədir?
© Photo : Facebook / Anastasia V. LavrinaAnastasiya Lavrina
Анастасия Лаврина  - Sputnik Azərbaycan, 1920, 18.01.2022
Anastasiya Lavrina
– Filmin müxtəlif dillərə tərcümə olunması ideyası necə yarandı? Ekran işi hansı ölkələrdə nümayiş etdirilib və xarici tamaşaçılar tərəfindən necə qəbul olunub?
– Mənim üçün bu filmin yalnız Azərbaycanda deyil, ölkəmizin sərhədlərindən kənarda da geniş tamaşaçı kütləsinə çatdırılması vacib idi. Təəssüf ki, bəzi ölkələrdə bizim regionla bağlı aktiv şəkildə dezinformasiya yayılır. Film işıq üzü görəndə müxtəlif ölkələrdən olan və rus dilini bilməyən dost-tanışlarım xahiş etdilər ki, bir-iki cümlə ilə də olsa, filmdə danışılanları onlara tərcümə edim. Beləliklə, filmin başqa dillərə tərcüməsi ideyası yarandı. Bizim müxtəlif ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarımıza təkliflərimizə cavab verdikləri üçün təşəkkür etmək istəyirəm. Azərbaycanın Yunanıstandakı və Fransadakı səfirliklərinin dəstəyi ilə film artıq yunan və fransız dillərinə tərcümə olunub və həmin ölkələrdə böyük maraqla qarşılanıb. Hətta erməni diasporunun nümayəndələri tərəfindən də. Aydın məsələdir ki, qara yaxmaq istəyənlər də var və onlar ağızlarına gələni yazırlar, amma bütün bunlar boş sözdən başqa bir şey deyil. Ortaya bir dənə də olsun əks-arqument qoya bilməyiblər, çünki həqiqəti pərdələmək mümkün deyil.
– Film başqa hansı dillərə tərcümə olunacaq, ekran işinin başqa ölkələrdə göstərilməsi də planlaşdırılırmı?
– İndi hələlik filmin Fransada təbliğatı ilə bağlı fəal iş gedir. Məncə, bu ölkədə daha çox insanın, o cümlədən, Azərbaycana qərəzli münasibət bəsləyən siyasətçilərin həmin filmə tamaşa etməsi xüsusilə vacibdir. Necə deyərlər, arqumentlə mübarizə aparmaq olmaz, bu filmdəki bütün məlumatların isə güclü arqumentləri var. Gələcəkdə filmin bir sıra Avropa ölkələrində, təbii ki, həm də Rusiya və ABŞ-da təqdim olunması planlaşdırılır. Mən filmin italyan, polyak, alman və ingilis dillərinə tərcümə olunmasını da istərdim.
– Rus Pravoslav Kilsəsi və Azərbaycanın hökumət nümayəndələri ilə görüşdə Xocavənddəki kilsənin yaxın vaxtlarda bərpası məsələsi müzakirə olunubmu? Bu dini məbədin gələcək taleyi necə olacaq?
– Hazırda qarşıda duran bir nömrəli məsələ bütün ətraf ərazilərin minalardan təmizlənməsidir. Fikrimcə, bundan sonra binaya dəymiş ziyanın müəyyən olunması və restavrasiya imkanları üzrə müvafiq iş aparılacaq. Filmdəki kadrlardan da göründüyü kimi kilsəyə işğal illərində böyük ziyan dəyib. Bina hədəf olub, bunu onun fasadındakı iriçaplı silahların açdığı dəliklər də sübut edir. Qeyri-qanuni erməni silahlı birləşmələri kilsədən cəmi bir neçə metr aralıda poliqon tikiblər ki, bununla da binaya böyük ziyan vurublar. Bu iki məqam həllini tapandan sonra binanın gələcək taleyi ilə bağlı məsələ qaldırılacaq.
– Siz məhz bu kilsə ilə bağlı məsələni izləməyə davam edəcəksinizmi?
– Mən ümumilikdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hadisələrin gedişatını izləyirəm. Azərbaycanın Rus İcmasının sədr müavini olsam da, məni Qarabağdakı bütün dini obyektlərin taleyi maraqlandırır. Xocavənd rayonundakı bu kilsə də istisna təşkil etmir. Şübhə etmirəm ki, Azərbaycandakı multikulturalizm modeli işğaldan azad olunmuş ərazilərdə də tətbiq olunacaq və ümid edirəm ki, keçmiş məcburi köçkünlər ən yaxın zamanda ora qayıtmağa başlayacaqlar. Onların arasında müxtəlif etnik qrupların nümayəndələri də var. Azərbaycan sözdə deyil, əməldə bütün dini abidələrə hörmət etmək və qorumağın nə demək olduğunu dünyaya göstərir. Respublikada bütün etnik qrupların sülh və əmin-amanlıq içində yaşamasının səbəblərindən biri də budur. Məscidlərlə yanaşı, kilsələr və alban məbədləri də bərpa olunur. İş çoxdur və müntəzəm şəkildə gedir. Xocavənd rayonunun Hünərli kəndində alban kilsəsinin restavrasiya olunması buna bir nümunədir. Belə hesab edirəm ki, dövlətimizin gördüyü işlərə bütün dünyada yüksək qiymət verilməlidir. Çünki biz ermənilərin dağıtmaq və dəyişdirmək istədikləri bütün dini abidələrin ilkin görünüşünü özünə qaytarırıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Allahşükür Paşazadə Roma Papası ilə görüşüb
Balakəndə min illik tarix üzə çıxdı: Qafqaz Albaniyasının daha bir izi
Bakıda katolik kilsəsində bərpa işləri başa çatıb
Xəbər lenti
0