Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda maşınları harada saxlamalı? Parkinqlər və EDM-lər yaradılacaq

© AP Photo / David ZalubowskiElektrokar
Elektrokar - Sputnik Azərbaycan, 1920, 16.01.2022
Abunə olmaq
İyunun 1-dək parklanma yerlərində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrinin yaradılması, elektrik mühərrikli avtomobillərin parklanma yerlərindən güzəştli istifadəsi ilə bağlı təkliflər təqdim olunacaq.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda elektrik mühərrikli avtonəqliyyat vasitələrindən istifadə üzrə infrastruktur genişləndiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"ndə əks olunub.
Belə ki, bu ilin iyun ayının 1-dək, parklanma yerlərində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrinin (EDM) yaradılması, elektrik mühərrikli avtomobillərin parklanma yerlərindən güzəştli istifadəsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunacaq.
Müvafiq təkliflərin hazırlanması Bakı Nəqliyyat Agentliyinə, Daxili İşlər Nazirliyinə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Energetika Nazirliyinə, "Azərişıq" ASC-yə, Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunub.
Ölkəmizdə, xüsusilə paytaxtda illərlə parklanma yerləri ilə bağlı xaosun hökm sürməsi, hələdə parklanma tariflərinin müəyyən edilməməsi EDM yaradılması ilə bağlı qərarın necə icra olunacağı sualı yaradır. Çünki hələdə parklanma yerlərinə nəzarətin hansı qurumun səlahiyyətində olması bəlli deyil.
Qanunla bu işə nəqliyyat qurumları məsul olsa da, vaxtıilə Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan parklanma yerlərində qanunsuzluq hökm sürür. Bu parklanma yerlərinin pulsuz olduğu bildirilsə də, avtomobil sahiblərindən pul tələb olunur. Bəs görəsən belə parklanma yerlərində EDM-lərin yaradılması necə təmin ediləcək?
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, EDM yaradılması respublika üzrə nəzərdə tutulur:
"Ölkə üzrə parklanma yerlərində, insanların kütləvi axın etdiyi yerlərdə, eləcə də alış-veriş mərkəzlərində EDM yaradılması həyata keçiriləcək. "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"ndə də bu nəzərdə tutulub. Yol Xəritəsinin icrası ilə bağlı yaradılan Alt Qrupun ötən ildə bu məsələ ilə əlaqədar iclası olub".
İclasda müvafiq təkliflər verilib və onların bir qismi qəbul edilib.
"Mən düşünmürəm ki, paytaxtda parklanma ilə bağlı problemlər üzündən ləngiyə bilər. Bu bir lokamativ kimi artıq işə düşüb. "Yol Xəritəsi"nə əsasən bu işlər mərhələli şəkildə həll ediləcək", - deyən Cəfərov əlavə edib ki, paytaxtda parklanma ilə bağlı tariflər müəyyən edilməsə belə, dövlətin balansında olan parklanma yerləri ilə bağlı məlumatlar var.
Lazımi yerlərə EDM-lər quraşdırılacaq. Bu məsələlər EDM-lərin quraşdırılmasına heç bir halda əngəl ola bilməz.
Ekspertin fikrincə, EDM-lərin quraşdırılması dövlət-özəl sektor birgə əməkdaşlığı ilə həyata keçiriləcək. O, hazırda EDM-lərin sayının ölkə üzrə çox az olduğunu söyləyir. Onların çoxu Bakı və Abşeron rayonları ərazisində cəmləşib. EDM-lərin sayının artırılması Alt Qrupun müzakirələrində də qeyd olunub.
Cəfərov qeyd edib ki, Azərbaycanda EDM-lərin sayı elektromobil avtomobillərin sayı ilə mütənasibdir. Ölkəmizdə nə qədər elektromobil varsa, bir o qədər də EDM var.
Cəfərovun bildirdiyinə görə, ötən il ölkəmizə elektromobillərin idxalı azalıb: "Ölkəmizə əsasən hibrid avtomobillərin idxalı artır. Amma biz gözləyirik ki, gələn illərdə elektomobillərin sayı iki-üç faiz artacaq. Qarşıdan gələn beş ildə elektromobillərin sayı əhəmiyyətli dərəcədə artacaq".
Qeyd edək ki, oktyabrın 1-dək elektrik enerjisi təchizatçısı tərəfindən EDM-lərə elektrik enerjisinin satışı qiymətlərinin tənzimlənməsi, o cümlədən gecə-gündüz tariflərinin tətbiq edilməsi məsələsi nəzərdən keçiriləcək.
EDM-lərin şəbəkəyə qoşulması üzrə texniki şərtin verilməsi və müvafiq qoşulmanın təmin edilməsi prosesinin sadələşdirilməsi və bu sahədə qoşulma haqqının aşağı salınması imkanlarının araşdırılmasına dair iyunun 1-dək təkliflər hazırlanacaq.
Dekabrın 1-dək isə EDM-lər haqqında məlumatları interaktiv xəritə üzərində əks etdirən internet informasiya ehtiyatı (mobil əlavə də daxil olmaqla) yaradılacaq. Bununla yanaşı noyabrın 1-dək bu tipli nəqliyyat vasitələrinin ödənişli yollardan ödənişsiz (və ya diskontlu ödəniş) əsasda istifadə imkanları araşdırılaraq təkliflər hazırlanacaq.
Xatırladaq ki, 2015-ci ildə qəbul edilən Paris BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında elektriklə çalışan bütün növ avtomobillərin istifadəsinin genişləndirilməsi ən mühüm məsələlərdən biri kimi qarşıya qoyulub. Sazişin bu sahədə qarşıya qoyduğu başlıca məqsəd dünya üzrə elektriklə çalışan 4-təkərli avtomobillərin sayının 2030-cu ilədək 100 milyona çatdırılmasıdır.
Xəbər lenti
0