QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Dövlət Xidməti İşğal muzeyi ilə bağlı təkliflər verib

© Official website of President of Azerbaijan RepublicBTR
BTR - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Abunə olmaq
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları bir neçə layihə hazırlayıblar.
BAKI, 9 yanvar — Sputnik. Ağdam, Cəbrayıl, Füzuli rayonlarında Zəfər muzeyi, həmçinin açıq hava altında təşkil ediləcək İşğal muzeyi ilə bağlı konsepsiya sənədlərinin hazırlanması üçün Dövlət Xidmətinin əməkdaşları müvafiq orqanlarla birlikdə əraziyə baxış keçiriblər. İşğal muzeyinin yaradılacağı ərazi ilə bağlı müvafiq təkliflər təqdim edilib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu sözləri Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qurumun 2021-ci ildəki fəaliyyətinə və 2022-ci il üzrə nəzərdə tutulmuş planlara dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dövlət Xidməti tərəfindən Ağdam şəhərində Üzərliktəpə arxeoloji abidəsinin, Cümə məscidinin, İmarət abidələr kompleksinin, Qiyaslı kənd məscidinin bərpası ilə bağlı konseptlər, layihələr hazırlanıb.
Həmçinin Üzərliktəpə yaşayış yerində arxeoloji qazıntıların aparılması təşkil olunub: "Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında işğaldan azad olunmuş Şuşa, Ağdam, Füzuli rayonlarının Baş Planı - Ərazilərin bərpası, yenidən qurulması üzrə dayanıqlı inkişafa dair Şəhərsalma Konsepsiyası ilə bağlı müvafiq rəy Dövlət Xidməti tərəfindən hazırlanıb və aidiyyəti üzrə göndərilib".
Bundan başqa, "Xocavənd rayonunda “Azıx-Tağlar mağara düşərgələri” Dövlət Tarix-Arxeoloji Qoruğunun təsis edilməsi məsələsi geniş müzakirə edilib.
Qeyd edək ki, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsindən sonra Qarabağ işğaldan azad edildi. Bu zaman işğal dövründə Qarabağdakı mədəni abidələrin, binaların erməni vandalizminə məruz qalmasının miqyası bəlli oldu.
Xəbər lenti
0