Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Lenini nə vaxt dəfn edəcək

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidMoskvada Qırmızı meydanda əlində Leninin portreti olan kişi, arxiv şəkli
Moskvada Qırmızı meydanda əlində Leninin portreti olan kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.01.2022
Abunə olmaq
Bu dəfə məsələni Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan vitse-spikeri Boris Çernışov qaldırıb.
Moskva, 6 yanvar - Sputnik. Ənənəvi Yeni il sonrası sakitliyi bu il Rusiyanın ölkədaxili siyasətində müntəzəm olaraq gündəmə gələn və coşqun ictimai müzakirələrə səbəb olan məsələ pozdu. Söhbət Qızıl Meydanda və Kreml divarındakı məzarların saxlanılmasından və ya əksinə, köçürülməsindən gedir.
Bu dəfə məsələni Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan vitse-spikeri Boris Çernışov qaldırıb. O, xatirə qəbiristanlığının ölkənin baş meydanından və Leninin nəşinin mavzoleydən köçürülməsinin lehinə fikir söyləyib.
Gözlənildiyi kimi, bu təşəbbüs sol cinahda qəzəbli reaksiya doğurub. RFKP-nin lideri Gennadi Zyuqanov bu ideyanı "axmaqlıq", "təxribat" və "sərsəmləmə" adlandırıb.
Tərəflərin bir-birini təhqir etməsi ironik təsir bağışlayır.
Status-kvonun saxlanması tərəfdarları üçün Qızıl Meydandan sovet məzarlarının çıxarılması təşəbbüsü milli yaddaşa təhqir və öz keçmişinə müharibə elan etmək deməkdir. Etiraf etmək lazımdır ki, öz tarixindən imtina etmək kimi kədərli təcrübəsi olan Rusiya üçün bu, çox ciddi arqumentdir. Rusiya tarixinin fəlakətləri və zəfərləri, faciələri və nailiyyətləri ilə birlikdə bütün olaraq qəbul edilməsi müasir Rusiya dövlətçiliyinin təməl daşlarından biri hesab olunur.
Hərçənd, opponentlərin dəlil-sübutları da kifayət qədər tutarlıdır. Bu barədə Boris Çernışov də danışıb. O qeyd edib ki, Qızıl Meydan "buz meydançasının, ticarət cərgələrinin olduğu, insanların Yeni ili qeyd etdiyi, gəzib-dolaşdığı, regionlardan üz tutub gəldiyi" ölkənin əsas əyləncə yerlərindən biridir. Bir sözlə, məzarlığın belə bir yerin yaxınlığında olması uğurlu qonşuluq sayıla bilməz.
Bundan başqa, əgər lap açıq danışsaq, mavzoleyi ziyarət etmək məşhur turistik əyləncəyə dönüb ki, bu da şəxsiyyətinə necə yanaşılmasından asılı olmayaraq orada uyuyan Vladimir İliç Leninə qarşı təhqiredici təsir bağışlayır.
Elə bu arqumentlərdən də görünür ki, Qızıl Meydandakı məzarların köçürülməsinin tərəfdarlarının da, əleyhdarlarının da mövqeyi bir-birinə zidd deyil, daha çox paraleldir. Memorialın müdafiəçilərinin bunu görməməzliyə vurması və opponentlərin mövqeyini istisnasız olaraq "sovet keçmişi ilə müharibə, abidələrin sökülməsi və məzarların təhqir edilməsi" formatında şərh etmək onlar üçün daha rahatdır.
Həqiqət isə ondan ibarətdir ki, SSRİ-dən nə qədər çox uzaqlaşırıqsa, insanlar ona daha az güclü hisslər bəsləyir. Bu hətta həmin dövrdə yaşayanlar üçün belə normal və qaçılmaz prosesdir – keçmiş şəxsi xatirələrin yüngül emosional dumanına bürünür. 1957-ci illə 1857-ci il arasında heç bir fərq görməyən daha gənc nəsil barədə isə heç danışmağa dəyməz. Onlar müəyyən zaman kəsimlərinə eyni yanaşırlar və bu barədə təsəvvürləri ikinci, üçüncü şəxslər vasitəsilə formalaşır.
Ölkədə ildən-ilə "məşum sovet keçmişi" ilə güzəştsiz mübarizə aparanların sayı da azalır.
Rusiya ictimaiyyəti sovet keçmişinə güclü hisslər bəsləməsə də, ümumilikdə həmin dövrü işıqlı, xoş, müsbət illər kimi qəbul edir. Bunu bir qədər əvvəl, SSRİ-nin süqutunun 30 illiyi münasibətilə keçirilən rəy sorğuları da təsdiqləyib.
Bununla belə, məhv olmuş dövlətə xoş hisslər bəsləyən cəmiyyətin böyük bir hissəsi məzarların Kremldən köçürülməsini dəstəkləyir. Düzdür, burada rəqəmlər bir qədər fərqlənir. Ölkənin iri sosioloji xidmətləri axırıncı dəfə rusiyalıların bu mövzudakı rəyini 2017-ci ildə öyrənib.
"Levada-mərkəz"in* həmin vaxt fikri ikiyə bölünmüşdü: Leninin nəşinin mavzoleydən çıxarılmasının tərəfdarları da, əleyhdarları da 41 faiz təşkil etmişdi. Rəyi soruşulanların 18 faizi isə mövqelərini müəyyənləşdirə bilməmişdilər.
Ümum-Rusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin nəticəsi fərqli idi: köçürülmənin lehinə də, əleyhinə də respondentlərin təxminən üçdə biri səs vermişdi. Elə bir bu qədər də respondent köçürülmə ideyasını bir şərtlə dəstəkləyirdi: bu, "indi deyil, Lenini əvvəlki kimi özlərinə əziz adam hesab edən nəsil gedəndən sonra" baş tutmalıdır.
"Superjob" portalı da 2020-ci ildə Mərkəzin nəticələrinə yaxın rəqəmlər əldə etdi. Sorğuda iştirak edənlərin 40 faizi dünya proletariatının rəhbərinin nəşinin basdırılması ideyasını dəstəklədi və daha 17 faiz bu işi bir qədər sonraya saxlamağa səs verdi.
Bir sözlə, Rusiya cəmiyyətinin üçdə ikisindən çoxu Kreml məzarlarının köçürülməsini dəstəkləyir. Ancaq əleyhdarların üçdə bir nisbətində olması belə bu məsələni sürətləndirmək və nəticədə milli parçalanmanın sağalan yaralarına yenidən bıçaq soxmaq üçün böyük rəqəmdir.
Bundan başqa, məsələnin hərc-mərclik yaradacaq tərs üzü də var. Mavzoleydə və Kreml divarında nəhəng ictimai-siyasi xadimlər, dövlət rəhbərləri yalnız formal - protokol əsasında dəfn olunublar. Bir daha təkrarlamaq lazımdır ki, köçürülmə nə vaxtsa baş tutsa belə, bu, heç bir halda onların xatirəsinə təhqir hesab olunmayacaq.
Məsələn, rəhbərliyi altında ölkənin Böyük Vətən Müharibəsində qələbə qazandığı İosif Stalin üçün Ali Baş Komandan kimi "Vətən Müdafiəçiləri Panteonu" federal müharibə memorialında yeni dəfn yeri nəzərdən keçirilə bilər. Ancaq şübhə yoxdur ki, onda da kiçik, bununla belə, səsi kifayət qədər yüksək çıxan azlıq dərhal səsini qaldıracaq ki, "əliqanlı tirana" bu cür hörmət yolverilməzdir.
Nəticədə belə çıxır ki, öz keçmişinə nifrət hissi duymayan, tarixi yaralarını sağaltmağı bacaran Rusiya cəmiyyəti siyasi spektrin əks tərəflərində dayanaraq, çox vaxt vicdansızcasına, aktual tarixi mövzuları öz maraqları üçün istismar edən azsaylı, ancaq qorxunc ictimai-siyasi qüvvələrin əlində qalıb.
Beləliklə, məsələni müəyyən vaxta kimi təxirə salmaq ən doğru qərar sayıla bilər. Tələsmək lazım deyil. Hələ vaxt var.
Xəbər lenti
0