Bakının "Siqaret küçəsi"ndən reportaj - Müştərilərimiz məmurlardır
18:54 30.12.2021 (Yenilənib: 22:57 30.12.2021)
© Sputnik / Zulfiyya GuluyevaBakıda Hənifə Ələsgərov küçəsində qanunsuz siqaret satışı
© Sputnik / Zulfiyya Guluyeva
Abunə olmaq
Bu ünvanın "Siqaret küçəsi" adlandırılmasının tarixi 1995-ci ilə təsadüf edir. Bu küçədə nələr olub-bitir - Sputnik Azərbaycanın reportajında.
- Bu siqaretin qiyməti neçəyədir?
- Bir bloku 150 manata.
Çoxu paytaxtda küçədə siqaret satışının həyata keçirildiyindən, hətta Bakıda "Siqaret küçəsi" adlanan ərazinin olduğundan xəbərsiz olsa da, bu gün marketlərdə tapılmayan ən bahalı siqaretlər məhz Nəsimi rayonu, Hənifə Ələsgərov ünvanında satılır. Sputnik Azərbaycan Bakıda camaat arasında "Siqaret küçəsi" adlanan ünvandan hazırladığı reportajı təqdim edir...
Hənifə Ələsgərov (əvvəllər Mərdan Mərdanov) adlanan ünvanda küçə boyu qarşımıza qabaqlarına balaca daxıl qoyub əyləşən insanlar çıxır. Kənardan onların bu soyuq havada küçədə niyə əyləşdiyini anlamaq çətin olsa da, yaxınlaşdıqda onların bu səkidə istirahət üçün əyləşmədiyi aydın olur. Qarşısına daxıl qoyub səkidə əyləşənlərdən birinə yaxınlaşırıq. Siqaretin bir blokunun 150 manata satıldığını söyləyən satıcı məqsədimizin alış-veriş etmək olmadığını dərhal anlayır. Məqsədimizin bu küçədən, onların fəaliyyətindən yazmaq olduğunu söylədikdə əvvəlcə həmsöhbət olmaqdan imtina edir. Səbəbini isə satdıqları siqaretlərin aksiz markasının olmaması ilə izah edir.
Özünü Coşqun kimi təqdim edən satıcı bildirir ki, bu küçədə iki ilə qədərdir ki, siqaret satır. Daxılın içərisinə göz gəzdirdikdə anlaşılır ki, bu siqaretlərin hamısı xarici ölkə istehsalı olan tütün məhsullarıdır. Satıcı da bildirdi ki, satdıqları siqaretlərdən ən böyük marketlərdə belə tapmaq mümkün deyil. Aksiz markasının olmamasına rəğmən, qiymətinin çox baha olmasının səbəbi isə bu siqaretlərin keyfiyyətli və xaricdən qaçaqmal yolu ilə gətirilməsidir: "Burada satılan siqaretlərdən heç birini mağazada tapmaq mümkün deyil. Aksiz markası olmadığından mağazalara satışa verilmir".
Hər siqaret blokunun üstündə müəyyən qədər onlara pul qaldığını söyləyən satıcı malın onlara başqa şəxslər tərəfindən verildiyini söyləyir: "Bu siqaretlər bizim mal deyil. Bizim də müdirimiz var. O gətirib bizə verir, biz də satıb pulunu özünə qaytarırıq. Qazancımız hər blok siqaretin üzərində tutduğumuz məbləğdir. Elə siqaret var, bir blokundan 10 manat qalır, eləsi də var - 3 manat".
Burada olarkən onu da öyrəndik ki, küçə boyu siqaret satılan hər satış yerinə siqaretləri fərqli şəxslər gətirirlər. Axşam isə onlar gəlib satışdan əldə edilən gəliri götürərək gedirlər.
© Sputnik / Zulfiyya GuluyevaBakıda Hənifə Ələsgərov küçəsində qanunsuz siqaret satışı
Bakıda Hənifə Ələsgərov küçəsində qanunsuz siqaret satışı
© Sputnik / Zulfiyya Guluyeva
Satıcılar bildirdilər ki, küçədə satılmasına baxmayaraq, bu ünvanda onların müştəriləri paytaxtın ən varlı sakinləridir. Daha doğrusu, məmurları: "Burada ən ucuz siqaretin bir bloku 100 manatdan ucuz deyil. Belə bahalı siqaretləri isə nazirlik əməkdaşları, yüksək vəzifəli məmurlar, imkanlı insanlar alırlar. Çoxu siqareti almağa özü gəlmir. Əksər hallarda sürücüləri gəlib alırlar. Artıq burada hərənin öz müştərisi var. Maşınlar gələndə biz bilirik ki, gələn müştəri hansı siqareti alacaq".
Ərazidə olarkən "Siqaret küçəsi"nə siqaret almaq üçün gələnlərin mütləq əksəriyyətinin bahalı avtomobilləri olduğu da diqqətimizdən yayınmadı.
Satıcıların sözlərinə görə, belə siqaretlər keyfiyyətli olduğundan, imkanlı şəxslər baha olsa da, siqareti gəlib bu ünvandan alırlar.
Satış məntəqələrində divar boyu asılan lampalar da diqqətimizi cəlb etdi. Satıcılar bildirdilər ki, onlar küçədə satışı gecə saat 03:00-a qədər davam etdirirlər: "Biz bəzən səhərə qədər siqaret satırıq. Ona görə işıq çəkmişik ki, qaranlıq olmasın".
Onlar gecə bahalı siqaret satmağın onlara elə də asan başa gəlmədiyini bildirdilər. Dediklərinə görə, bir neçə dəfə müştəri kimi yaxınlaşan şəxslər siqaret blokunu alaraq qaçıblar. Belə halda satıcılar hüquq-mühafizə orqanlarına şikayət edə də bilmirlər. Çünki satdıqları siqaretin çoxunun aksiz markası yoxdur...
© Sputnik / Zulfiyya GuluyevaBakıda Hənifə Ələsgərov küçəsində qanunsuz siqaret satışı
Bakıda Hənifə Ələsgərov küçəsində qanunsuz siqaret satışı
© Sputnik / Zulfiyya Guluyeva
Bəs görəsən, necə olur ki, aksiz markası olmayan siqaret küçədə açıq şəkildə satılır? Bu sual bizi də düşündürdüyündən satıcılara ünvanladıq. Onlar isə "birtəhər satırıq" deyə sualdan yayındılar. Bildirdilər ki, siqaretin ölkəmizə hansı yollarla gəlməsi, satışına necə icazə verilməsi barədə heç bir məlumatları yoxdur: "Bizə gətirib verirlər, biz də satırıq".
Onlarla söhbət zamanı öyrəndik ki, bu ünvanın "Siqaret küçəsi" adlandırılmasının tarixi 1995-ci ilə təsadüf edir. Həmin vaxtlardan Bakıda qaçaqmal, aksiz markasız siqaretlər bu ünvanda satılır...
Satıcılar bir günə küçədə siqaret satışından ən yaxşı halda 100, ən pis halda isə 50 manat qazanc əldə etdiklərini söylədilər. Onların dediyinə görə, satışda ən bahalı siqaret "Parlament" markası ilə satılan siqaretdir. Onun içərisində 10 ədəd siqaret olan bir bloku 150 manatdır. "Marlboro" siqaretinin bir bloku isə 130 manata satılır.
Onların sözlərinə görə, satışda olan siqaretlərin qiymətini sahibkar müəyyən edir. Onlar isə hər siqaretin hər blokunun üzərinə çox cüzi qiymət qoyurlar. Dediklərinə görə, dayandıqları satış məntəqəsi bir stul, bir daxıldan ibarət olsa da, günə 50 manat yer pulu verilir. Səkidə siqaret satmağa görə yer haqqının kimə ödənildiyini isə açıqlamadılar.
© Sputnik / Zulfiyya GuluyevaBakıda Hənifə Ələsgərov küçəsində qanunsuz siqaret satışı
Bakıda Hənifə Ələsgərov küçəsində qanunsuz siqaret satışı
© Sputnik / Zulfiyya Guluyeva
Satışda olan siqaretlərin gətirildiyi ölkələr isə fərqlidir. İsveçrə, Gürcüstan, Rusiya və sair ölkələr. Satışdakı siqaretlərin isə heç birinin üzərində Azərbaycan dilində məlumat və aksiz markası yox idi.
O ki qaldı bu siqaretlərin ölkəmizə necə gətirilməsinə, Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətindən bildirdilər ki, siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınır.
Məlumat üçün bildirək ki, Dövlət Gömrük Komitəsi tərəfindən, demək olar ki, hər gün qaçaqmalçılıqla ölkəyə gətirilməsinə cəhd edilən tütün məmulatlarının müsadirə edilməsi haqqında xəbərlər yayılır. Gündəlik olaraq sərhəddən ölkəyə gətirilməsinə cəhd edilən qanunsuz məhsulların aşkarlanmasına baxmayaraq, aksiz markası olmayan tütün məmulatları ölkədə satılır.