Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Qəzalı binaların sökülməsində qarşıdurma - Sakinləri tam köçürməmiş binanı dağıdırlar

© Sputnik / Pavel AntonovBakıda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli bina
Bakıda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli bina
 - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
“Bina istər pilot, istər də yerli icra orqanlarının razılığı ilə sökülsün bu zaman mülkiyyət sahibi ilə razılaşdırılmaldır. Əksər hallarda tikinti şirkətləri daha çox qazanmağa çalışırlar"
BAKI, 16 noyabr — Sputnik. Paytaxtın bəzi ərazilərində “xruşşovka” layihəli binaların sökülməsi sakinlərlə tikinti şirkətlərini üz-üzə qoyub. Bir neçə il öncə Bakıda ikimərtəbəli və “xruşşovka” layihəli qəzalı binaların sökülməsi pilot layihə ilə dövlət tərəfindən həyata keçirilirdisə, artıq bu binalar sakinlərlə tikinti şirkətləri arasında razılıq əsasında sökülür. Bu isə əksər hallarda tərəflər arasında böyük mübahisələrə səbəb olur. Bəzən sakinlər binanın sökülməsi üçün tikinti şirkətinin təklif etdiyi məbləğlə razılaşmırlar. Tikinti şirkətləri isə sakinləri onlardan real bazar qiymətlərindən dəfələrlə çox pul tələb etməkdə ittiham edir. Bu zaman tikinti şirkətləri razılaşdığı sakinləri binadan köçürdərək onların mənzillərini sökür. Bu gün Bakıda qapı-pəncərəsi olmayan, arakəsmələri belə sökülən binalar var ki, onların bir hissəsində söküntüyə rəğmən yaşayış var. Səbəb isə sakinlərin hamısı ilə razılaşdırılmamış binanın sökülməsidir.
Bəs görəsən, “xruşşovka” layihəli binaların sökülməsi zamanı tikinti şirkətləri ilə sakinlər arasında razılaşma necə aparılmalıdır? Bu söküntü işləri mənzil bazarına necə təsir edəcək?

Köhnə qərar ləğv edilib, təzə qərar isə...

Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2016-cı ilədək qəzalı yaşayış binaları pilot layihə əsasında sökülərək yenidən inşa edilirdi. Artıq 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərar ləğv edilib. Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələri mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə həyata keçirilir.
Həmin qərarla tikinti şirkətləri öz vəsaitləri hesabına inşa edəcək çoxmənzilli yaşayış binalarını sökərək ərazidən istifadə etmək üçün həmin mənzillərin sahiblərinin razılığını almalı, ya mənzilin dəyərini ödəməli, ya da həmin sahənin əvəzləşdirilməsinə şərait yaratmalıdır. Qanunvericiliyin tələbinə görə, qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinləri müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirməlidir. Bunun üçün lazımi maliyyə vəsaiti ödəməli, həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillər ayırmalıdır. Əgər ərazidə sosial təyinatlı obyektlər varsa , həmin obyektlərin yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri təmin edilməlidir. Görülmüş işlər barədə isə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verilməlidir.
© Sputnik / Pavel AntonovBakıda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli bina
Пятиэтажное здание на перекрестке улиц Аббаса Мирзы Шарифзаде и Исмаила Талыблы - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Bakıda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli bina

Kim haqlıdır?

Mənzil bazarı üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda istismar müddətini başa vurmuş binaların sökülməsi daha əvvəlki kimi pilot layihə üzərindən aparılmır. Onun sözlərinə görə, Bakıda 100-dən artıq qəzalı kimi qeydə alınmış bina var. Bu binalar sökülərək yerində yenisi inşa olunmalıdır: “İndi bu işi özəl şirkətlər həyata keçirir. Burada isə haqlı və haqsız narazılıqlar yaranır. Bəzən sakinlər bir kvadrat metrinə görə tikinti şirkətindən 3 min manat pul tələb edirlər. Köhnə binalar isə kvadratla satılmır. Əgər kvadrata bölünərsə, köhnə binaların kvadrat metri 1500-1600 manatdır.
Bu gün şəhərin mərkəzindəki köhnə binaların bir kvadrat metrinin qiyməti 3 min manat deyil. Vətəndaş da başa düşməlidir ki, onun yaşadığı bina istismar dövrünü başa vurub. Bu bina mütləq şəkildə sökülməlidir. Əks halda, uça bilər. Özəl şirkətlər vətəndaşın mənzilini söküb ona əvəzində yeni mənzil verir. Tutaq ki, sökülən ərazidə mənzilin dəyəri 75 min manatdır. Tikinti şirkəti sökdüyü mənzilə görə artıq sahə və təmirli mənzil verir. Bu zaman mənzilin bazar dəyəri 140 min manata çatır.
Həmçinin nəzərə almaq lazımdır ki, bina sökülərkən bina tam hazır olanadək sakinlərin kirayə haqqını da tikintini həyata keçirən şirkət ödəyir. Köçmə xərci də tikinti şirkətinin üzərinə düşür. Əgər sakinlərin bir qismi daha yüksək məbləğ tələb edirsə, bu, tikintini yubadır”.

Sakinlərə zəmanət verilməlidir

Amma E.Fərzəliyev deyir ki, burada mənzil sahiblərinin də haqlı tələbləri var. Ekspert bildirir ki, bu gün mənzil sahiblərinə heç bir rəsmi qurum sökülən evinin yenidən müəyyən vaxta tikilib təhvil veriləcəyinə zəmanət vermir. Hər hansı səbəbdən bina tikən şirkətin binanı təhvil verə bilməməsi zamanı sakinlərin taleyinin necə olacağına zəmanət verən yoxdur.
Ekspert deyir ki, buna görə müəyyən məsələlərdə dövriyyəyə dövlət orqanları girməlidir: “Çünki bu gün Bakıda sakinlərin bir hissəsi köçürülmüş, digər hissəsi mənzilindən çıxmayan binalar var. Bu isə tikinti şirkətlərini artıq xərcə salmaqla yanaşı, tikinti işlərini yubadır”.
© Sputnik / Pavel AntonovBakıda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli bina
Пятиэтажное здание на перекрестке улиц Аббаса Мирзы Шарифзаде и Исмаила Талыблы - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Bakıda A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli bina

Mənzil bazarında qiymətlər bahalaşacaq

E.Fərzəliyevin sözlərinə görə, bu gün tikinti şirkətləri bina tikmək üçün boş torpaq sahəsi tapa bilmir. Ona görə də qəzalı binaları söküb yerində yenisini inşa etmək məcburiyyətində qalır. Bu isə binaya çəkilmiş xərci artırır. Nəticədə qəzalı binaların sökülməsi mənzil bazarında qiymətlərin artmasına təsir edir. Eyni zamanda kirayə mənzil bazarına tələbat artdığı üçün bu sahədə də qiymət artımı baş verir: “Bakıda “xruşşovka”ların kütləvi söküntüsü kirayə mənzil bazarında tələbatı artıracaq. Tikinti işləri ən azı iki il çəkdiyi üçün evləri sökülən vətəndaşlar iki il kirayədə qalmalı olurlar. Bu zaman kirayə mənzil bazarında təklif olunan evlərin sayı azalır. Həmçinin “xruşşovka”ların sökülməsi ilə ucuz kirayə mənzillər bazardan çıxır. Yeni tikililərdə kirayə qiymətləri daha baha olur”.

Tikinti şirkətləri sakinləri bezdirir ki...

Hüquq müdafiəçisi Çingiz Qənizadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istismar müddəti bitmiş binalar sökülməli olsa da, burada vətəndaşın mülkiyyət hüququ pozulmamalıdır: “Bina istər pilot, istər də yerli icra orqanlarının razılığı ilə sökülsün, bu zaman mülkiyyət sahibi ilə razılaşdırılmaldır. Əksər hallarda tikinti şirkətləri daha çox qazanmağa çalışırlar. Binada yaşayanların müəyyən hissəsinin razılığı alındıqda razılaşmayanlara qarşı qanunazidd hərəkətlər edilir. Sahibkarların söküntüyə təyin etdiyi məsul şəxs digər sakinlərin müqaviləyə imza atması üçün onun mülkiyyətinə qarşı qanunsuz hərəkətlər edirlər. Bu təkcə binalar üçün deyil, kiçik həyət evlərində yaşayanlara qarşı da törədilir. Söküntü apararkən ekskavatorla onların əmlakını zədələyirlər. Məndə olan məlumata görə, bu cür hallara görə MTK-lara qarşı iddialar qaldırılır”.

Sakinlər yaşaya-yaşaya binanı sökmək yolverilməzdir

Ç.Qənizadə deyir ki, vətəndaşla sahibkar arasında razılaşma və məhkəmə qərarları olmadan ona məxsus olan hər hansı predmetin başqa yerə qoyulması qadağandır. Belə halda MTK-lar vətəndaşlara qarşı qanunsuzluq etmiş olurlar. Bununla belə, hüquq müdafiəçisi deyir ki, bəzi vətəndaşlar var ki, tikinti şirkətindən əmlakının dəyərindən daha yüksək məbləğ tələb edir: "Belə hallarda isə məsələ sivil şəkildə həll olunmalıdır. Sahibkarlarla vətəndaş arasında məhkəmə çəkişməsi olmalı, buna məhkəmə qərar verməlidir. Hər vətəndaşın mülkiyyətinin toxunulmazlıq hüququ var. MTK-lar heç bir halda onların bu hüququnu pozaraq razılaşdıqları sakinlərin mənzillərini binada yaşayış olarkən sökə bilməzlər. Bu, dünyada da qəbulolunmaz haldır.
Ç.Qənizadə deyir ki, bu kimi məsələlərdə indiyədək hüquq mühafizə orqanlarında tikinti şirkətlərinə qarşı loyallıq olub. Amma hazırda baş prokuror bu məsələni xüsusi nəzarətdə saxlayır.
Qeyd edək ki, Yasamalda “xruşşovka”ların sökülməsi zamanı sakinlərlə tikinti şirkəti arasında problem yaranıb. Bina sakinlərinin hamısı köçürülməsə də, artıq binadakı mənzillərin bir hissəsinin arakəsmələri belə, sökülüb.
Eləcə də oxuyun:
* İpoteka ilə bağlı nazirdən şad xəbər
* Bakıda "xruşşovka" qalmaqalı - Şirkət sakinləri razı salmamış binanı sökür
* Ev tikənlərlə dana saxlayanlara qoyulan fərq: tikinti bazarı da "od tutub"
Xəbər lenti
0