Bərdə erməni terrorunun qurbanlarını anır: "Düşmən günahsız anamı məndən aldı"
15:09 27.10.2021 (Yenilənib: 16:03 27.10.2021)
© AP Photo / Aziz KarimovQarayusifli kəndində
© AP Photo / Aziz Karimov
Abunə olmaq
Bərdədə ermənilərin törətdikləri Qarayusifli terrorunda həlak olanların xatirəsi anılıb. Kənd sakinləri həmin məşum günün dəhşətlərini Sputnik Azərbaycan-ın müxbirinə anladıblar.
BAKI, 27 oktyabr — Sputnik. “Mən bilirdim ki, onu bir daha görə bilməyəcəyəm. Çünki həyat yoldaşım gözümün qabağında çox ağır yaralandı. Qəlpə böyründən girdi, onun qaraciyərin doğradı".
Bu sözləri 2020-ci il oktyabrın 27-də ermənilərin Bərdəyə raket hücumunun şahidlərindən olan və həmin hadisə zamanı aldığı qəlpə yarasından aylarla xəstəxanada yatan Aytən İsmayılova Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində deyib. O Aytən ki, həmin hadisədə övladı ilə birgə yaralanıb, həyat yoldaşını itirib.
44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törətdi - bir il əvvəl bu gün kəndi raket atəşinə tutdu. Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirdi, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.
© Sputnik / Emin AlisahibBərdənin Qarayusifli kəndində anım mərasimi
Bərdənin Qarayusifli kəndində anım mərasimi
© Sputnik / Emin Alisahib
Kənd sakini Ehtiram İsmayılovun ailəsi də düşmən tərəfindən atılan "Smerç” raketinin hədəfinə tuş gəldi. Ailə üzvlərindən evin xanımı, ailə başçısı və 16 yaşlı qızları yaralandılar. Ana ilə qızın həyatın xilas etmək mümkün olsa da, Ehtiram İsmayılov hadisə yerindəcə həlak oldu. Yevlax xəstəxanasında özünə gələn Aytən İsmayılova əvvəlcə övladını, sonra Ehtiramı axtardı. Amma ona bildirdilər ki, artıq həyat yoldaşı yoxdur. Aytən İsmayılova deyir ki, o, Ehtiramı bir daha görməyəcəyini bilirmiş.
© Sputnik / Emin AlisahibEhtiram İsmayılov
Ehtiram İsmayılov
© Sputnik / Emin Alisahib
“Mən bilirdim ki, onu bir daha görə bilməyəcəyəm. Çünki həyat yoldaşım gözümün qabağında çox ağır yaralandı. Qəlpə böyründən girdi, qaraciyərin doğradı. Bütün bunlar mənim gözlərimin qarşısında baş verdi. Mənə elə gəldi ki, o elə həmin dəqiqə dünyasını dəyişmişdi. Bircə onu xatırlayıram ki, qızım qaçıb gəldi yanımıza".
© Sputnik / Emin AlisahibXəlil İsmayılov - Ehtiram İsmayılovun atası
Xəlil İsmayılov - Ehtiram İsmayılovun atası
© Sputnik / Emin Alisahib
Bundan sonrasını xatırlamır müsahibimiz. Hadisənin sonrasını isə onun qızı 16 yaşlı Aysu İsmayılova nəql edir. Deyir ki, anası başından yaralanıb və hazırda kəllə sümüyünün bir hissəsi yoxdur.
© Sputnik / Emin AlisahibEhtiram İsmayilovun ailə üzvləri
Ehtiram İsmayilovun ailə üzvləri
© Sputnik / Emin Alisahib
"Bombaların biri evin arxasına, biri qapının qabağına düşdü. Həmin vaxt mən evin arxasındaydım. Gəldi düşdü mənim yanıma. Həmin dəqiqə yaralansam da, hiss eləməmişdim. Evin qabağına qaçdım, ata-anamın yanına. Onlara çatanda həyətə bir bomba da düşdü. Evin bir tərəfini dağıtdı. Baxdım ki, atamla anam qan içində yerdə yatırlar. İstədim onlara kömək edim. O qədər kəskin ağrı gəldi ki qoluma... Atamın yanına çatanda isə başladı əlim yığılmağa. Sol əlimin üstündən, sol qolumdan, bir də sağ qolumdan qəlpə yarası almışdım. Çox pis ağrıyırdı. Qollarım uyuşmuşdu. Sonra ağrıdan huşumu itirdim", - Aysun xatırlayır.
Qarayusifli kəndinə atılan "Smerç" raketinin öldürdüyü beş mülki şəxsdən biri də Almaz Əliyeva idi. O, öz evində əl-üzünü yuyarkən həlak olub. Mərhumun oğlu Əlövsət Zeynalov deyir ki, həmin gün əgər evdə olsaydı, anası ilə bərabər o da həyatını itirəcəkmiş. Müsahibimiz hadisəni belə xatırlayır: "Axşamüstü saat 5 radələri idi. Kəndimizin qarşısında mağaza var. Çıxmışdım onun qarşısına. Həmin an güclü partlayış səsi gəldi. Göydə nəsə açıldı və başladı səpələnməyə. Hər tərəfi tüstü-duman bürüdü. Anam evdə olduğu üçün tez qaça-qaça evimizə gəldim. Gördüm ki, evimizin üstünə kasetli bombalar tökülüb. Qonşunun həyətinə düşüb. Baxdım ki, anam əl-üz yuyulan yerin qarşısında yaralanıb. Kənd camaatı da gəldi, anamı maşına qoyub, apardıq Bərdə Mərkəzi rayon Xəstəxanasına. Anam ağır yaralanmışdı. Orada bir gecə qaldı, sabahı dünyasını dəyişdi”.
Qarayusifli kəndinə yağan kasetli bombalar İsa Cəfərovun da anasını onların əlindən alır. Cəfərov danışır ki, hadisə günü anası Ofeliya Cəfərova evdə tək imiş. Baş verənlərdən xəbər tutan oğul evlərinə tərəf qaçır. Evə çatanda gördüyü mənzərədən şoka düşür, günlərlə anlaqsız vəziyyətdə qalır:
“Güclü partlayış səsi gəldi. İlk yadıma düşən anam oldu. Qaçdım gəldim, gördüm qapımızda millət var. Anam yerdə, qan içindəydi. Cəmi 50 yaşı vardı. İki qardaşıq evdə. Qardaşım da o günlərdə Suqovuşan istiqamətində döyüşlərdə idi. Həmin vaxt qardaşımın kəfənini, elə bil, anam geyindi. Allah düşmənə lənət eləsin! Günahsız anamı məndən aldı”.
© Sputnik / Emin AlisahibOfeliya Cəfərova
Ofeliya Cəfərova
© Sputnik / Emin Alisahib
Günahsız qurbanlardan biri Aybəniz Əhmədovanın oğlu Elvin Xəlilov üçün həmin anları xatırlamaq əzab verir: “Mən o günü xatırlamaq istəmirəm. Ağır bir gün idi. Anam həyətyanı sahəmizdə təsərrüfat işləri görürdü. Gözlənilmədən partlayış səsi eşidildi. Hamımız evdə idik. Təkcə anam çöldə idi. Anamın ətrafına yeddi ədəd kasetli bomba düşmüşdü, ikisi lap yaxınına düşdüyünə görə elə yerindəcə dünyasını dəyişmişdi. Bir dəqiqədə hər şey dəyişdi. Az öncə yanımızda olan anam artıq yox idi. Qan içində olan anamın üzü heç vaxt yadımdan çıxmayacaq. Bu, erməni vəhşiliyinin daha bir göstəricisi idi. Birinci yox, saysız-hesabsız erməni vəhşiliyinin daha bir nümunəsi. Dinc sakinə əl qaldırdılar yenə. Anamın heç bir günahı yox idi...”
© Sputnik / Emin AlisahibAybəniz Əhmədova
Aybəniz Əhmədova
© Sputnik / Emin Alisahib
Qarayusifli kəndində doğmalarını itirən şəxslər indi torpaqlarımızın işğaldan azad edilməsi ilə təskinlik tapdıqlarını deyirlər. Əlövsət Zeynalov deyir ki, Qələbə onların az da olsa, acılarını dindirə bilib: “Biz doğmalarımızı itirmişik. Acımız böyükdür. Amma bir gözümüz ağlasa da, bir gözümüz sevindi ki, xalqımızın əziyyəti hədər getmədi. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah Ordumuzu qorusun! Allah Ali Baş Komandanımızın canını sağ eləsin. Torpaqlarımız işğaldan azad olundu. İndi biz azad ölkənin vətəndaşlarıyıq. Mənim anam azadlıq uğrunda şəhid olub. Bununla təskinlik tapıram”.
Hazırda kənd ərazisində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün abidə kompleksi qurulub. Sözügedən abidə həm də erməni terrorunun sübutudur.
İsa Cəfərov deyir ki, illər, əsrlər keçəcək, bu tarix, ermənilərin bu vandallığı unudulmayacaq. Xalqımız da, dövlətimiz də bunu unutdurmayacaq: "Hamımız prezidentimizin yanında olduq. O, başqa-başqa ölkələrdən gələn jurnalistlərin haqsızlığını susdurmağı bacardı. Ermənipərəst jurnalistlərin hamısının cavabını verdi. Və ölkəmizə hər tərəfdən olan hücumları dəf edərək, bizə qələbə qazandırdı. Bizi qalib xalqın vətəndaşları etdi. Şəhidlərimizin qisası alındı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
© Sputnik / Emin AlisahibOfeliya Cəfərovanın oğlu- İsa Cəfərov
Ofeliya Cəfərovanın oğlu- İsa Cəfərov
© Sputnik / Emin Alisahib
“Ermənilər Bərdəni raketlə vurmaqda dinc sakinləri qorxutmaq istəyirdilər. Yaralananlar, həlak olanlar vardı, amma kimsə ev-eşiyini tərk etmədi. Biz indi onunla təskinlik tapırıq ki, itki vermişiksə də ordumuz qələbə çaldı”, - oğlu şəhid olan Qarayusifli sakini Xəlil İsmayılov deyib.
"Ötən ilin bu gün ən dəhşətli günlərdən biri idi. Həmin gün mən də yaralandım. Beş şəhidimiz oldu. Onların arasında hamımızın çox istədiyi 7 yaşlı balaca Aysumuz da var. Çox şükür olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Bizim qisasımız ermənilərdən alındı. Torpaqlarımızın hamısı işğaldan azad edildi. İndi biz başıdik gəzirik. Axı biz qalib ölkənin qalib vətəndaşlarıyıq“, - kənd sakini Zərqələm Tağıyeva bildirib.
© Sputnik / Emin AlisahibBərdənin Qarayusifli kəndində anım mərasimi
Bərdənin Qarayusifli kəndində anım mərasimi
© Sputnik / Emin Alisahib
Qeyd edək ki, 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketləri atıb. Nəticədə 5 nəfər dinc sakin – Əliyeva Almaz Salah qızı, Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu və 7 yaşlı İsgəndərova Aysu Rövşən qızı həyatını itirib, 14 nəfər isə xəsarət alıb. Xatırladaq ki, Bərdə rayonu və şəhər mərkəzi 44 günlük Vətən müharibəsi dövründə ümumilikdə 5 dəfə (5, 8, 27, 28 oktyabr və 7 noyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər həlak olub, 108 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.