AZAL "Dreamliner" almaq istəyir, "Boeing" isə həmin təyyarədə qüsur tapıb

© Photo : Facebook / Azerbaijan Airlines - AZAL Şuşanın adını daşıyan "Boeing 787 Dreamliner" təyyarəsi
Şuşanın adını daşıyan Boeing 787 Dreamliner təyyarəsi - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarəsi istismar edən ilk aviaşirkətdir. Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki "Boeing 787-8 Dreamliner" təyyarəsini istismar edir
BAKI, 14 oktyabr — Sputnik. Oktyabrın 14-də Bakı şəhərində "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb. Görüşdə, həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak edib.
AZAL-ın mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, görüş çərçivəsində "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün yeni "Boeing 787 Dreamliner" təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib. Tərəflər "Boeing" korporasiyası tərəfindən 9 genişfüzelyajlı "Dreamliner" təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud "Boeing 757", "Boeing 767" və "Airbus A340" təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.
Müvafiq təklif hazırlandıqdan sonra "Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
Qeyd edək ki, dünyanın ən böyük aviasiya, kosmik və hərbi texnika istehsalçılarından biri olan Amerikanın Boeing Co. konserni 787 Dreamliner təyyarəsində yeni qüsurlar aşkar edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, problem ondadır ki, son üç ildə inşa edilən bu model təyyarənin titan hissələrindən bəziləri lazım olduğundan daha zəifdir. Bu hissələrdəki problemlər Dreamliner-in ilk qüsurları deyil.
İyul ayında ABŞ Federal Aviasiya İdarəsi hələ xidmətə girməyən 787 Dreamliner təyyarəsində problemlərin olduğunu bildirmişdi. Boeing sözçüsü şirkətin istehsalın təkmilləşdirilməsi və öz standartlarının yüksəldilməsi istiqamətində irəliləyiş əldə etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, yeni qüsur Boeing tərəfindən davam edən yoxlama çərçivəsində müəyyən edilib.
Onu da qeyd edək ki, hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki "Boeing 787-8 Dreamliner" təyyarəsini istismar edir. AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarəsi istismar edən ilk aviaşirkətdir.
Xəbər lenti
0