CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Niyə yaşa görə pensiya alanların içərisində qadınlar çoxluq təşkil edirlər?

© © Sputnik / Elvin AhmadYaşlı qadın, arxiv şəkli
Yaşlı qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Yaşa görə pensiya alanların 39,6%-ni kişilər, 60,4%-ni isə qadınlar təşkil edib. Dövlət Sosial Müdafiə Fondunun rəsmisi məsələyə aydınlıq gətirib
BAKI, 4 oktyabr — Sputnik. 2021-ci ilin avqust ayında Azərbaycanda yaşa görə pensiya alanların ümumi sayı 710 min nəfərdən çox olub. Onların 39,6%-ni kişilər, 60,4%-ni isə qadınlar təşkil edib.
Bəs maraqlıdır, niyə yaşa görə pensiya alanların içərisində qadınlar çoxluq təşkil edirlər? Qadınlar kişilərə nisbətən daha çox yaşayırlar?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Sputnik Azərbaycan-a bildirib ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, qadınların yaşa görə əmək pensiyası hüququ kişilərə nisbətən daha tez yaranır: "Hazırda qanunvericiliyə görə, kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı isə 62,6 müəyyən edilib. Bundan başqa, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var. Qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququ 55, kişilərin isə 60 yaşında yaranır. Statistikaya görə, qadınların orta ömür müddəti kişilərin orta ömür müddətindən daha çoxdur. Bütün bu sadalanan faktlara əsasən, yaşa görə pensiya alanların ümumi sayında qadınlar çoxluq təşkil edir".

Ölkədə sosial təminat haqqında

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir. Onların 58,8 faizi yaşa, 29,5 faizi əlilliyə, 11,7 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz, cari ilin əvvəli ilə müqayisədə isə 8,8 faiz artaraq 328,8 manat təşkil edib və orta aylıq əmək haqqının 45,4 faizinə bərabər olub.
Ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli 2491 nömrəli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2021-ci ilin iyulun 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 109,2 min (ötən ilin iyulun 1-i vəziyyətinə 98,7 min) nəfər, əlilliyə görə - 158,5 min (müvafiq olaraq 183,2 min) nəfər, ailə başçısını itirməyə görə - 48,8 min (48,3 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 54,4 min (63,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 23,7 min (29,1 min) nəfər olub.
2021-ci il iyulun 1-i vəziyyətinə 62 min aztəminatlı ailənin 264,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 60,06 manat təşkil edib.
Xəbər lenti
0