Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı niyə yağış sularına təslim olur? Araşdırma

© Sputnik / Murad OrujovBakıda yağışdan sonra su basmış yol, arxiv şəkli
Bakıda yağışdan sonra su basmış yol, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
BAKI, 28 sentyabr — Sputnik. Bu gün paytaxta yağan yağış Bakıda həm nəqliyyatın, həm də piyadaların hərəkətini iflic vəziyyətə salıb. Yağış suları paytaxt yollarını keçilməz edib. Bu səbəbdən avtomobillər, avtobuslar saatlala tıxacda qalıb. Səhər saat 8:00 radələrindən intensivləşən yağış yarım saat ərzində, demək olar ki, paytaxtın kanalizasiya problemini üzə çıxardıb. Beləcə, yağan bir saatlıq yağışla Bakının nəinki qışa, heç payıza da hazır olmadığı məlum olub.

Bakı küçələri "Venesiya"ya döndü...

Qeyd edək ki, analoji problem paytaxtda hər il müşahidə olunur. Yağış yağan kimi paytaxt yolları "Venesiya"nı xatırladır. Sputnik Azərbaycan-ın payxtaxtın müxtəlif ərazilərində apardığı müşahidələr də bunu təsdiqləyir. Belə ki, bu gün Binəqədi şosesi yağış suları nəticəsində gölə çevrilib. Binəqədi şosesi ilə "Baksol yolu"nun kəsişməsində yağışın yaratdığı göl avtomobillərin hərəkətini çətinləşdirib.
Nizami rayonu, Mehdi Abbasov küçəsində də yağış suları küçəni öz ağuşuna almışdı. Yağış suları dayanacağa hərəkəti də çətinləşdirmişdi. Sərnişinlər dayanacaqdan kənarda, yağışın altında dayanıb avtobus gözləyirdilər.

"Nəinki qışa, heç payıza da hazır deyillər"

Qaradağ rayonu ərazisində, Sədərək ərazisində isə vəziyyət daha acınacaqlı idi. Sakinlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, Xətai rayonu, Zığ yolunda, Sabunçu rayonu Zabrat ərazisində də yağan yağış yolları keçilməz edib. Övladlarını məktəbı aparan valideynlər saatlarla tıxacda qalıb. Onlar su basmış yollardan keçərkən yarızarafat, yarıgerçək qayığa ehtiyac olduğunu bildiriblər. Bakı sakini Sədi Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağan yağış nəticəsində iki saata qədər Heydər Əliyev prospektindən üzü şəhər istiqamətində tıxacda qalıb. Yaşadığı Zabrat qəsəbəsində isə küçələri basan yağış suları onun paltarının balağını isladıb:
"Özünüz də görürsünüz ki, ayaqqablarımın içi su ilə dolub. Biz hər il göydən iki damcı yağış düşən kimi bu problemlə üzləşirik. Bakı yağış sularına təslim olur. Məmurlarımız ağızdolusu qışa hazır olduqlarını desələr də, məlum olur ki, sən demə, heç payıza da hazır deyilmişlər..."

Ayrıca yağış xətləri yoxdur

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün yağış yağacağı barədə onlara Hidrometeoroloji Xidmətdən xəbərdarlıq daxil olub. Qurum sözçüsü deyir ki, avqust ayından başlayaraq qışa hazırlıq çərçivəsində kananalizasiya kollektorlarının, xətlərinin, baxış quyularının, yağış barmaqcıqlarının yuyulub təmizlənməsi işləri həyata keçirilib. A.Cəbrayıllı bildirir ki, subasma halları bu gün Bakıda əsasən Binəqədi şosesində baş verib. Həddindən artıq yağışın yağması və kanalizasiya kollektorlarının eyni anda bu həcmdə suyu daşıya bilməməsi səbəbindən yolu su basıb. Yağış səngiyəndən sonra həmin ərazidən su çəkilib.
Mətbuat katibi deyir ki, yağış yağan kimi küçələri su basmasının səbəbi, yağış sularının axıdılması üçün ayrıca sistemin olmamasıdır.
"Bu gün bizim kanalizasiya kimi istifadə etdiyimiz xətlər həm də yağış sularının axıdılması üçün istifadə olunur. Bu kanalizasiya kollektorlarının böyük əksəriyyəti isə 1970-1980-cı illərdə Böyük Bakının kanalizasiya layihəsi çərçivəsində inşa olunub. Ondan sonra Bakı inkişaf edib, paytaxtın mərkəzində çoxlu sayda göydələnlər inşa olunub. Həmin binaların da hamısının tullantı, təsərrüfat suları bu xəttə axıdılır. İntensiv yağıntılar zamanı isə bu xətt eyni anda həm kanalizasiya, həmçinin də yağış sularını daşımaq iqtidarında olmur. Bu gün Bakı şəhərində yaranan subasmanın da əsas səbəbi budur".
Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı - Sputnik Azərbaycan
Anar Cəbrayıllı
"Azərsu" ASC-nin mətbuat katibi
Qurum səlahiyyətlisi yağışla əlaqədar briqadaların xəbərdarlıqdan sonra iş başında olduğunu söyləyib.
Qanunla yağış sularının kanalizasiyaya axıdılması qadağandır...
Həmsöhbətimiz bildirir ki, bu gün yağış sularının idarəolunması barədə "Azərsu" ASC-nin nizamnaməsində və xidmət göstərdiyi sferada bir kəlmə belə qeyd yoxdur. Onun sözlərinə görə, "Azərsu" ASC yağış sularının axıdılmasına məsul qurum deyil:
"Düzdür, şəhəri yağış suyu basan kimi hamı bizim qurumu günahkar görür. Amma yağış sularının idarəolunması bizim qurumun səlahiyyətində deyil. Bizim kanalizasiya kollektorları hansı həcmdə su götürə bilirsə, biz o qədər suyun daşınmasını təmin edirik. "Su təchizatı və tullantı suları haqqında" qanunun 39-cu maddəsində "Kanalizasiya sisteminə axıdılmanın (atılmanın) qadağan edilməsi" barədə bənd var. Bu maddədə ümumi istifadədə olan kanalizasiya sistemlərinə istehlakçılar tərəfindən nələrin axıdılmasının (atılması) qadağan olduğu qeyd olunub. Həmin bəndlərdən biri də yağış sularıdır. Qanunda da göstərilir ki, yağış sularının kanalizasiyaya axıdılması qadağandır. Amma bu gün paytaxtda ayrıca yağış xətləri olmadığından, yağış suları da kanalizasiya xətlərinə axıdılır".

Yağış sularının idarəolunması məsələsi havada qalıb

Azad İstehlakçılar Birliyinin (AİB) Kommunal Məsələlər şöbəsindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, bu gün paytaxtda yağış sularının idarəolunması ilə məşğul olan bir qurum yoxdur. Kommunal şöbədən bildirdilər ki, bu gün AİB-ə Sabunçu, Binəqədi rayonu ərazisində yağış sularının küçələri basması ilə bağlı iki şikayət daxil olub:
"Bu gün paytaxtda yağış yağan kimi küçələrin gölə çevrilməsinin bir səbəbi də şəhərsalmada yaranan boşluqlardan irəli gəlir. Dövlət orqanları sıx koodinasiyalı şəkildə işləmirlər. Bakıda binaların inşasına icazə verilərkən ərazidə kanalizasiya tutumu araşdırılmır. Bakının böyüməsi, yeni binaların inşası yağış sularına qərq edən amillərdəndir. Əvvəllər həmin göydələnlərin yerində yerləşən yaşıllıqlar və torpaq yağış sularını udurdusa, bu binaların inşası nəticəsində yolların genişlənməsi yağış suyu axınını artırır. Yağış suları üçün ayrıca xətlər olmadığından yağış suyu kanalizasiya vasitəsilə daşınır. Nəticədə yollar suya qərq olur. Bu gün yağış sularının idarəolunmasında bələdiyyələrin rolu artırılmalıdır. Amma Bakıda bələdiyyələr bu problemlə məşğul olmurlar. Yağış sularının idarəolunması bələdiyyələrin idarəetməsinə verilə bilər. Üstəlik yağış sularından texniki su kimi istifadə oluna bilər. Bu içməli sudan səmərəsiz istifadəni azaldar. Çox təəssüf ki, bu məsələ havada qalıb".
Azərbaycan Memarlar İttifaqının sədri, Bakının keçmiş baş memarı Elbəy Qasımzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Böyük Bakının kanalizasiya layihəsi hazırlanarkən bu günki göydələnlərin yerində ikimərtəbəli binalar olub. Həmin binalarda yaşayanların sayı isə indikindən dəfələrlə az olub:
"Bu gün həmin binaların yerində 16-18 mərtəbəli binalar ucaldılıb. Əhali sayı isə mənzil sayına görə avtomatik olaraq artıb. Nəticədə sudan, kanalizasiyadan istifadə artıb. Ona görə də, həmin binalar inşa olunarkən kanalizasiya tutumu nəzərə alınmalıdır. Binaların inşası zamanı "Azərsu" ASC-nin rəyi öyrənilərkən mütləq şəkildə həmin binaları inşa edənlərin boynuna kanalizasiya sistemini yeniləmək tələbi qoyulmalıdır. Köhnə borular sökülüb daha böyük diametrli borularla əvəzlənməlidir ki, kanalizasiya tutumu artsın. Amma təəssüf ki, yeni inşa olunan binalar əksər hallarda köhnə kanalizasiya xətlərinə qoşulur. Yağış yağanda isə yüklənmə daha da artır. Mövcud kanalizaiya xətləri bu həcmdə suyu ötürə bilmir. Nəticədə su küçələrə axır".

Təbiət də Bakıya acımır...

Apardığımız araşdırma zamanı məlum oldu ki, yağış yağarkən paytaxt yollarının sulara qərq olmasının qarşısını almaq üçün yeni yağış xətləri inşa olunmalı, mövcud kanalizasiya sistemi yenilənməlidir. Bu isə bir günün, yaxud da bir ayın işi deyil. Sabaha isə hidrometeoroloqlar yenidən yağış yağacağını proqnozlaşdırıblar. Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 15-17, gündüz 19-21 dərəcə olacaq. Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 17-22, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə olacaq.
Xəbər lenti
0