Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

"Dənizin içinə körpü salmaq ucuz başa gəlməyib" - Buzovnadan video-fotoreportaj

© Sputnik / Zulfiyya GuluyevaBuzovnada çimərliyi zəbt etmiş obyektlər sökülür
Buzovnada çimərliyi zəbt etmiş obyektlər sökülür - Sputnik Azərbaycan, 1920, 10.08.2021
Abunə olmaq
Qəsəbə sakinləri iyirmi ildir ki, ərazidə yerləşən obyektlərin, villaların insanları Buzovna çimərliyinə həsrət qoyduğunu deyirlər.
BAKI, 10 avqust — Sputnik. İyul ayının əvvəlindən başlayaraq ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakının Xəzər rayonunun Buzovna qəsəbəsi sahilində insanların çimərliklərə çıxışına mane olan hasarların, baryerlərin və şlaqbaumların, obyektlərin sökülməsinə başlanılıb.
Bu işlərin davamlı olacağı, ərazidə insanların çimərliyə getməsinə mane olan villaların da söküləcəyi bildirilirdi. Sputnik Azərbaycan Buzovna çimərliyində son vəziyyəti müşahidə edib.
Hələ ki, söküntü işləri dayandırılıb
Buzovna çimərliyində söküntü işlərinin dayandırıldığı kənardan görünürdü. Ərazidəki texnikalar söküntünün aparıldığı yerdə saxlanılsa da, hər hansı işlər aparılmırdı. Burada həmsöhbət olduğumuz sakinlər bir neçə gündür ki, texnikaların burada saxlanıldığını, işlərin hansısa səbəbdən dayandırıldığını bildirirlər.
Buzovna sakini Yunis Həsənov Sputnik Azərbaycan-a açıqlamasında düz 20 ildir ki, ərazidə yerləşən obyektlərin, villaların insanları Buzovna çimərliyinə həsrət qoyduğunu bildirib:
"Gördüyünüz bu ərazidə restorandan dənizin içərisinə yol salınmışdı. Hətta dənizin içərisində də terras yaratmışdılar. Buzovna camaatı çimərliyə demək olar ki, həsrət qalmışdı. Hər obyekt çimərliyə bir şlaqbaum qoymuşdu, hasar çəkmişdi. Sağ olsun prezidentimiz ki, göstəriş verdi, həmin hasarlar, terraslar, şlaqbaumlar söküldü".
Amma qəsəbə sakini deyir ki, bu, hələ Buzovna çimərliyinin tam azadlığa qovuşması demək deyil. Çünki, çimərlik ərazisində xeyli sayda villa var ki, öz həyətlərindən dənizə körpü salıblar:

"Biz bilmirik ki, illərdir çimərliyin zəbt olunmasına kim göz yumub? Amma sözsüz ki, bu qədər obyekt, villa burada özbaşına tikilməyib. Elə villa sahibləri də Buzovna camaatına deyib ki, dənizin içinə körpü salmaq onlara ucuz başa gəlməyib. Demək ki, buna rəvac verənlər var".

Buzovna çimərliklərini villalar zəbt edib
Sakinlərlə söhbət zamanı öyrəndik ki, çimərlik ərazisini, qayalıqları zəbt edən villaların sökülməsi işi dayandırılıb. Amma onlar Buzovna çimərliyinin tamamilə əvvəlki vəziyyətinə qayıdacağına inanırlar.
Vətəndaşlar bildirir ki, Buzovna qayalıqları öz görkəminə, unikallığına görə seçilir. Villalar, restoranlar çimərliyi zəbt etdikdən sonra sakinlər bu gözəllikdən məhrum olublar.
Esmira Muradova adlı qəsəbə sakini uşaqlığının Buzovna çimərliyində keçdiyini söyləyir. Həmsöhbətimiz deyir ki, indi onun nəvələri xalqın bu sərvətindən məmurların özbaşınalığı nəticəsində məhrum olublar:
"Biz Buzovna çimərliyinin qumlu sahilində böyümüşük. Amma uşaqlarımız, nəvələrimiz xalqa məxsus olan bu sərvətdən istifadə etməkdən məhrum olublar. Bir ay əvvələ qədər buraya gəlsəydiniz sahilə yol tapa bilməzdiniz. Gördüyünüz yerlərin hamısı hasar, şlaqbaum idi. Sağ olsun prezidentimiz ki, bizim səsimizi eşitdi, məmur özbaşınalığına son qoydu. Hasarları, şlaqbaumları sökdülər. Amma hələ də çimərlik ərazisi tam azadlığına qovuşmayıb. Gördüyünüz villaların sahibləri öz həyətindən dənizə yol, körpü salıb. Dənizin sahilini də özəlləşdiriblər. Bizim tələbimiz odur ki, həmin villalar, yollar da sökülsün. Buzovna çimərliyi əvvəlki vəziyyətinə qaytarılsın. Bir-iki restoranı sökməklə işi saxlamaq olmaz!".
Məşhur "Şerloks" restoranı da sökülüb
Vaxtıilə romantik cütlüklərin axışdığı Buzovna çimərliyində yerləşən məşhur "Şerloks" restoranından da əsər-əlamət yoxdur. Sakinlər sözügedən restoranın son vaxtlar işdən çıxarılan məmurlardan birinə məxsus olduğunu söyləyirlər.
Buzovnanın məşhur qayalıqları dağıdılıb
Qəsəbə sakinlərinin sözlərinə görə, çimərlikdə obyeklər, hasarlar sökülsə də, təəssüf ki, unikallığı ilə seçilən Buzovna qayalıqlarını əvvəlki vəziyyətinə gətirmək mümkün olmayacaq. Çünki, tikinti işləri aparılarkən qayalıqların bir hissəsi dağıdılıb, kəsilib.
Sakinlər bildirirlər ki, söküntü işləri zamanı da qayalıqlar zərər görüb. Bəzi yerlərdə qayalıqlar parçalanıb. Uzun illərdir Buzovnada yaşayan Etiram Quliyev bildirir ki, iyirmi il əvvəl insanların istirahət yeri olan qayalıqlar indi müxtəlif şəxslərin mülkünə çevrilib:
"Buzovnada dəniz sahilini zəbt edən tikililərin sökülməsi işi dayandırılıb. Lakin bəzi sahələrdə sökülməli tikililər, azad edilməli qayalar hələ də qalıb. Biz istərdik ki, həmin qayalıqların hamısı tikililərdən təmizlənsin. Bizə dedilər ki, qayalıqlar parçalandığı üçün söküntü dayandırılıb".
Türkan çimərliyində də anoloji vəziyyətdir
Burada olarkən həmsöhbət olduğumuz Fərqanə Məmmədova bildirdi ki, Buzovna ilə yanaşı Türkan çimərliyində də anoloji vəziyyət hökm sürür. Qəsəbədə yaşayan F.Məmmədova villaların dənizə birbaşa pilləkən, körpü çəkdiklərini, sakinlərin sahilə yaxınlaşa bilmədiyini söylədi:
"Hasarlanan təkcə Buzovna çimərliyi deyil. Türkan çimərliyində də vəziyyət belədir. Elə villa sahibi var ki, evindən birbaşa dənizin içinə körpü salıb. Camaat çimərlikdə dincələ bilmir. Villalar, restoranlar, pullu çimərliklər sahili zəbt edib. İmkan olduqda gəlib Türkan çimərliyindəki vəziyyəti də çəkin. Bizdə də vəziyyət Buzovna çimərliyindəki kimidir. Buradan fərqli olaraq heç bir obyekt, villanın hasarı sökülmür".
© Sputnik / Zulfiyya GuluyevaBuzovnada çimərliyi zəbt etmiş obyektlər sökülür
Buzovnada çimərliyi zəbt etmiş obyektlər sökülür - Sputnik Azərbaycan, 1920, 29.07.2022
Buzovnada çimərliyi zəbt etmiş obyektlər sökülür
Söküntü davam etdiriləcək
Bakı Şəhər İcra Hakimiyyətindən isə hələ ki, Buzovna sahilindəki qanunsuz hasar və tikililərin söküldüyünü bildiriblər. O da bildirilib ki, dəniz sahili ərazilərdəki vəziyyətlə bağlı Buzovna sakinlərinin müraciətləri ilə əlaqədar bu ərazilərdə aparılan inventarizasiya zamanı müəyyən edilib ki, vaxtilə, 10-15 il əvvəl burada bəzi insanlar tərəfindən dəniz kənarlarının hasarlanıb, sahilə keçidlərin bağlanıb, həmçinin qədim qayalıqların zibillənməsi hallarına yol verilib. Bu da haqlı narazılıqlara səbəb olur.
Bəzi yerlərdə sakinlər qanunsuz olaraq əlavə torpaq sahələrini zəbt edərək öz həyətlərinə birləşdiriblər. Həm də dənizin geri çəkilməsi ilə əlaqədar sahilyanı ərazilər genişlənib.
Qeyd olunan qanunsuzluqların aradan qaldırılması, eləcə də ölkə başçısı İlham Əliyevin Xəzər dənizinin sahilboyu ərazilərinin qanunvericiliyin tələblərinə uyğun olaraq bərpa edilməsi və insanların dəniz sahilinə sərbəst giriş-çıxışı təmin edilməsi ilə bağlı müvafiq Sərəncamının icrası məqsədi ilə səhər saatlarından etibarən Bakı şəhər və Xəzər rayon icra hakimiyyətlərinin, kommunal qurumların texnikaları və işçiləri tərəfindən Buzovna qəsəbəsində sahilyanı ərazilərdəki qanunsuzluqların aradan qaldırılmasına başlanılıb.
Zəbt edilən torpaq sahələrinin hasarları, ərazidə bəzi sənədsiz tikililər, çimərlik ərazisinə daxil olmağa mane olan sədlər sökülür. Həmçinin kommunal xidmətlərin işçiləri tərəfindən qayalıq ərazilərinin müxtəlif tullantılardan təmizlənməsinə başlanılıb.
Bildirilib ki, təmizlənən torpaq sahələri çimərlik ərazilərinə birləşdiriləcək və əraziyə nəzarət artırılacaq. Eyni zamanda neqativ hallara yol verilməsinin, ərazinin zibillənməməsinin qarşısının alınması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və pozuntulara yol verənlərin qanunamüvafiq qaydada cəzalandırılması nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyev Buzovna qayalarının qanunsuz zəbt edilməsi məsələsinin araşdırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısına göstəriş verib.
Qanunla dənizin 20-50 metr sahili tutula bilməz!
Xatırladaq ki, hələ 2003-cü il yanvarın 13-də mərhum Prezident Heydər Əliyev tərəfindən məsələ ilə bağlı sərəncam imzalanıb.
Sənəddə deyilirdi ki, əhalinin çoxsaylı şikayətlərini, Xəzər dənizinin xalqa məxsus olduğunu əsas götürərək, dənizin 130 metrlik sahil sahəsində tikilmiş, fiziki və ya hüquqi şəxslərə qanunsuz olaraq verilmiş sahələr ya inzibati, ya məhkəmə qaydasında alınsın və insanların dəniz çimərliklərinə sərbəst giriş-çıxışı təmin edilsin.
Bundan sonra qəbul edilmiş qanunvericiliyə görə isə, dənizin 20-50 metr sahili tutula bilməz və İnzibati Xətalar Məcəlləsi də dəniz kənarının hasarlanmasını qadağan edir.
Məlumat üçün onu da qeyd edək ki, sahilboyu ərazilərin zəbt olunmasının, hasarlanmasının qarşısını almaq rayon icra hakimiyyətlərinin üzərinə düşür.
İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.07.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezidentdən xəbərdarlıq: "Əl çəkin bundan! Cəzalandırılacaqsınız"
Xəbər lenti
0