Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Amerikalı hərbçilər Rusiyaya daha yaxın yerlərə köçməyə hazırlaşırlar

© AP Photo / Mindaugas KulbisСолдаты НАТО, фото из архива
Солдаты НАТО, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
İraqda 2,5 min nəfər amerikalı əsgər qalıb. Ölkədə olan yeganə hərbi baza Bağdaddan 160 km Şimalda yerləşən Ayan əl-Əsəd bazasıdır

BAKI, 28 iyul — Sputnik. Birləşmiş Ştatlar Yaxın Şərqdən getdikcə daha çox uzaqlaşırlar. Ölkənin Əfqanıstandakı hərbi kontingenti çıxarılıb, İraqdakı hərbi missiya başa çatır. Rəsmi şəxslər terrorçuluq üzərində qələbə çalındığını bildirirlər. Lakin bu sözlər ancaq siyasi pərdə də ola bilər. Bəs amerikalı hərbçilər indi hara yollanacaqlar və iraqlılar bundan sonra dinc həyat sürə biləcəklərmi? Bu barədə RİA Novosti-nin materialında.

İkinci gediş

"ABŞ üçün İraq Yaxın Şərqdə vacib ölkədir və mənim bütün karyeram ərzində biz onun işlərinə dərindən cəlb olunmuşuq", — deyə Co Bayden Ağ Evdə İraqın baş naziri Mustafa əl-Kazemi ilə görüşünün əvvəlində bildirib. Qeyd edək ki, 2003-cü ildə amerikalılar İraqa soxularkən ABŞ-ın hazırkı prezidenti senator olub.

Ağ Ev ilk dəfə İraqda döyüş əməliyyatlarının başa çatdığını 2010-cu ildə bəyan edib. O zaman Bayden vise-prezident idi. Lakin bundan dörd il sonra İslam dövlətinə* qarşı "Sarsılmaz qətiyyət" əməliyyatı başlanıb. İndi isə Co Bayden bu ölkədə missiyanın başa çatdığını rəsmən bəyan edib.

"Bizim İraqda bundan sonra rolumuz əlçatan olmaqdan, tədrisi davam etdirməkdən, İraq təhlükəsizlik qüvvələrinə köməkdən ibarət olacaq", — deyə prezident izahat verib.

Lakin prezident bundan başqa heç bir izahat verməyib. Bayden hətta jurnalistlərin dekabra qədər İraqda məhz hansı qoşunların qalacağı barədə sualına da cavab verməyib.

"Bu, həmin vaxta qədər mövcud olacaq konkret situasiyadan asılı olacaq", — deyə Ağ Evin spikeri Cen Psaki dəqiqləşdirib.

Pentaqondan bildiriblər ki, Birləşmiş Ştatlar "yaxın Şərqin problemlərinə göz yummaq yox, onların həllinə bir qədər fərqli yanaşmalıdırlar". Ölkədə az sayda hərbçi saxlanacaq. Bundan sonra bütün diqqət "Çin və Rusiyadan gələn təhlükəyə" yönəldiləcək.

Son məlumatlara görə, İraqda 2,5 min nəfər amerikalı əsgər qalıb. Ötən ilin sonunda prezident Donald Tramp artıq hərbi kontingenti azaltmışdı. Ölkədə olan yeganə hərbi baza Bağdaddan 160 km Şimalda yerləşən Ayan əl-Əsəd bazasıdır.

Qalıq risklər

2017-ci ildə İD* üzərində qələbənin elan olunmasına rəğmən terror aktları davam edir. Ötən həftə islamçılar Bağdadın bazarlarından birinin yaxınlığında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüblər. hadisə nəticəsində ən azı 30 nəfər həlak olub.

İran tərəfindən dəstəklənən yaraqlı dəstələri amerikalılara hücum edirlər. Mart ayında Ayn əl-Əsəd raketlərdən atəşə tutulub, nəticədə bir nəfər həyatını itirib. May ayında isə bazaya göyərtəsində partlayıcı maddə olan pilotsuz uçuş aparatı (PUA) hücum edib, iyulda – yenidən raketlər və üç nəfər yaralı.

Mustafa əl-Kazemi Vaşinqton üçün dost baş-nazir hesab olunur. O, İranla əlaqədə olan qruplaşmaların qarşısını almağa çalışıb. Lakin eyni zamanda o, ABŞ aviasiyasının Suriya sərhədi boyunca iranmeylli birləşmələrə endirdiyi zərbənin İraqın suverenliyini pozduğunu bildirərək pisləyib.

ABŞ-da isə öz növbəsində ölkənin bərpa edilməsində baş nazirin uğurlarını qeyd edirdilər. İyunda İordaniya kralı II Abdulla və Misir prezidenti Abdel Fəttah əl-Sisi Bağdada səfər ediblər. Bu, 1990-cı illərdən bəri İraqı ziyarət edən ilk Misir lideridir.

Birləşmiş Ştatlar həmçinin COVAX beynəlxalq proqramı çərçivəsində İraqa 500 min doza Pfizer peyvəndi çatdırmağı da öhdəsinə götürüblər. Baydenin sözlərinə görə, preparat yaxın iki həftə ərzində bu ölkəyə çatdırılacaq. Bölgədə xəstəlik sayı artıb, bundan əlavə xəstəxanalarda yanğın halları da artıb.

Hər şeydən əlavə, Vaşinqton bir neçə dəfə təxirə salındıqdan sonra oktyabrda keçiriləcək parlament seçkilərində BMT-nin müşahidə missiyasına da 5,2 milyon dollar vəsait ayıracaq. Ekspertlərin qənaətinə görə, əl-Kazeminin seçkilərdə qələbə şansları heç də pis deyil.

"Siyasi pərdə"

Lakin, RİA Novosti-nin ekspertləri hesab edirlər ki, ABŞ-ın İraqdan tamamilə çıxıb getməsindən söhbət getmir.

Politoloq, Rusiya beynəlxalq məsələlər üzrə şurasının eksperti Yelena Suponina bildirib ki, Vaşinqton bu vacib strateji yer uğrunda uzun müddət mübarizə aparıb. Onun fikrincə, qoşunların çıxarılması barədə deyilənlər "siyasi pərdə"dir, çünki amerikalı seçicilərə verilmiş vədləri yerinə yetirmək lazımdır.

İraqda ictimai rəy də vacibdir. "Yerli siyasətçilər Mustafa əl-Kazemiyə təzyiq göstərirlər. Ölkədə siyasi vəziyyət qəlizdir, baş nazirin mövqeyi möhkəm deyil", — deyə ekspert bildirib.

Şərqşünas və publisist Aleksey Ontikov hesab edir ki, yeddi il əvvəl, Birləşmiş Ştatlar İraqa qayıdarkən terrorçuluqla mübarizə bir reallıq idi.

"Amerikalılar İD* üzərində qələbədə böyük rol oynadı. Əlbəttə, onların məsələn, Mosulda istifadə etdiyi metodlara dair bir sıra suallar var – şəhər demək olar ki, tamamilə dağıdılmışdı", - deyə Ontikov bildirib.

Hazırda isə İraq hakimiyyəti özü amerikalılardan çıxıb getməyi xahiş edib.

"Donald Tramp İraqdakı bazaya gələrkən ABŞ səfiri az qala İraq baş nazirinə ora gedərək prezidentlə görüşməyi əmr etmişdi. O isə öz növbəsində imtina etmişdi. Bu hadisə KİV-lərdə yayıldı, böyük qalmaqal baş verdi. Bundan sonra amerikalılar Bağdad hava limanına zərbə endirərək Süleymanini qətlə yetirdilər. yenidən ABŞ qoşunlarının çıxarılması zərurətindən danışmağa başladılar", — deyə RİA Novosti-nin müsahibi bildirib.

Şərqşünaslıq tədqiqatları mərkəzinin elmi işçisi Danila Krılov hesab edir ki, ABŞ hərbi qulluqçuları çətin ki dərhal evlərinə qayıtsınlar.

"Çox güman ki, bir ərəb ölkəsindən digərinə keçidlə bağlı ənənəvi hoqqabazlıq olacaq — bu dəfə Suriyaya. Rusiyanın müdafiə nazirliyi dəfələrlə amerikalı hərbçilərin İraqdan Suriyadakı bazalara köçməsi ilə bağlı məlumatlar yayıb", — deyə ekspert hesab edir.

Böyük ehtimal ki, İraqdakı kəşfiyyat məlumatlarının toplanması qərargahları, mərkəzləri hərbi blokdan diplomatik bloka keçiriləcək.

"Amerikalıların kəşfiyyat və digər xüsusi xidmətlər üçün diplomatik toxunulmazlıqdan istifadə etdiyi çoxdan məlumdur", — deyə Krılov bildirib.

Diqqət - Çinə doğru

Bir çox amerikalılar hesab edirlər ki, onlar terrorçularla mübarizə apardığı və digər bölgələrə diqqət yetirmədikləri dövr ərzində Uzaq Şərqdə Çin xeyli güclənib.

İndi isə bu, ABŞ üçün əsas təhlükədir və bütün gücü ora yönəltmək lazımdır. Xeyli vaxtdır ki, prioritet artıq Mərkəzi deyil sakit okean komandanlığındadır.

MDBMİ-nin perspektiv Amerika tədqiqatları mərkəzinin direktoru maksim Suçkov hesab edir ki, Çin ilə nəhəng dövlətlər arası qarşıdurmanın məntiqi ABŞ-ı məqsədlərin əhəmiyyətini yenidən qiymətləndirməyə və vurğuları dəyişməyə məcbur edir.

"Qarşıdurma uzun sürə bilər. Deməli, resursların istifadəsinə daha seçkili yanaşmaq lazımdır. Yaxın Şərq xeyli vaxt idi ki, ABŞ-a yük idi. Lakin Trampın ABŞ-ın orada hərbi varlığını necəsə optimallaşdırmaq cəhdləri Pentaqon tərəfindən müqavimətlə qarşılanırdı", — deyə o bildirib.

Lakin əgər baş verənləri ümumiləşdirsək, yekunlar o qədər də yaxşı deyil: amerikalılar İraqda müstəqil fəaliyyət göstərə bilən, müdafiə qabiliyyətli sistem qura bilmədilər. Onların ölkədən getməsi ilə burada sülh və əmin-amanlıq bərqərar olmayacaq, terror təhlükəsi yox olmayıb. Amerikalı təlimatçı və müşavirlərin yeni şəraitdə necə işləyəcəklərini zaman göstərəcək.

*Rusiyada qadağan olunmuş terrorçu və ekstremist təşkilatlar.

Xəbər lenti
0