BAKI, 27 iyul — Sputnik. Bu gün Azərbaycan diasporunun nümayəndələri Şuşaya səfər ediblər. Səfərdə 24 ölkədən 72 soydaşımız iştirak edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər Azərbaycan diaspor tarixinin ən mühüm tədbirlərindən biridir. Xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın mədəniyyət paytaxtına səfərini Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edib.
Şuşaya gəldim, sevindim, ağladım
İsveçdə Qarabağ dərnəyinin sədri Ülviyyə Nəcəfova bildirib ki, səfərin əsas məqsədi 30 illik həsrətə son qoymaqdır:
“Qarabağı yenidən görmək, Şuşaya gəlmək mənim üçün möcüzə idi. Mən uşaq vaxtı Şuşada olmuşam. Özüm Xocavənd rayonunun Axullu kəndində anadan olmuşam. Gəldim, sevindim, ağladım. Bu, sevinc göz yaşları idi. Şükür ki, bu günü gördük. Başda Ali Baş Komandan olmaqla şəhidlərimizə, qazilərimizə borcluyuq. Onların qarşısında baş əyirik. Allah şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə cansağlığı, xalqımıza bundan sonra da firavan, gözəl günlər arzulayıram”.
Burada xatirələrim var
Əməkdar incəsənət xadimi Cavanşir Quliyev bildirib ki, Şuşaya səfər edən bütün şəxslər xaricdə yaşayan azərbaycanlılardır.
“Bura gələn insanların hamısı xarici ölkələrdə yaşayan soydaşlarımızdır. Bildiyim qədər, biz bu gün bura “Zəfər yolu” ilə gəlmişik. Axırıncı dəfə mən Şuşada 1987-ci ildə olmuşdum. Xankəndində işləyirdik, axşam Şuşada qalmağa gəlirdik. Ondan sonra Şuşaya gəlməmişəm. Burada xeyli xatirələrim var. Ömrümün çox hissəsi Şuşada keçib. Şuşanın qayıtması çox önəmli bir hadisə idi. Biz Şuşanı qorumalıyıq, düzəltməliyik. Mədəniyyət paytaxtımız olacaq. Fürsətdən istifadə edib, Şuşanı azad edən əsgərlərimizə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət ediblər.
Xarabalıqların içindən boylanan azadlıq
Rusiya Federasiyasının “Arxangelsk vilayətinin Azərbaycan diasporu” ictimai təşkilatının idarə heyətinin sədri Tərlan Qasımov bu günün onun üçün özəl olduğunu qeyd edib və Şuşada keçirdiyi qürur hissindən danışıb:
“Ömrümün 47-ci ilini yaşayıram. Biz işğaldan azad olan torpaqlardan keçdikcə düşünürəm ki, mənim üçün ömrümün ən kədərli günü də, ən sevincli günü də budur. Yurdumuzu xarabazar gördük. Amma bu xarabazarlıqdan bir azadlıq boylanırdı. Hər bir çiçəyin, yarpağın, ağacın öz vətəndaşı ilə dialoqunu gördük. Əhəmiyyətli olan odur ki, bu gün bu torpağın əsl sahibi bura ayaq basır. Qarabağ Azərbaycandır! Növbəti dayanacaq da Zəngəzurdur”.
İndi Şuşada durmuşam, özümü xoşbəxt hiss edirəm
Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə soydaşlarımıza geniş məlumat verilib. Moskva Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev müsahibəsində həyəcanını gizlədə bilməyib:
“O qədər həyəcanlıyam ki, bunu sözlə ifadə etmək çox çətindir. Mənim xüsusi arzum vardı ki, Şuşaya gəlim. 30 il gözlədik bunu. 2015-ci ildə Rusiyada 9 maya hazırlıq gedirdi. Orda ermənilərin bir nəfər nümayəndəsi yüzlərlə adamın arasında dedi ki, ermənilər üçün 9 may xüsusi bayramdır. Çünki onlar bu gün Şuşanı alıblar. Onda fikirləşirdim ki, Allahım bizə ömür ver, imkan ver, gedib Şuşada onlara göstərək ki, baxın biz Azərbaycan bayrağını Şuşada necə qaldırırıq.
İndi Şuşada durmuşam, özümü xoşbəxt hiss edirəm. Mənim həyatımda bu gün özəl günlərdən birincisidir. Çünki bu gün mənim oğlumun da ad günüdür. Həyat elə gətirdi ki, bu gün mən Şuşadan zəng edib oğlumu təbrik edəcəm. Mən Azərbaycan xalqına, Azərbaycan dövlətinin rəhbərinə, Azərbaycan ordusuna, Azərbaycan əsgərinə öz təşəkkürümü bildirirəm. Biz gələndə baxdıq. Görün onlar o sıldırım qayaları onlar necə qalxıblar. Onlar silahsız, yumruq gücünə Şuşanı azad ediblər. Çünki Şuşanı qorumaq lazım idi. Yaşasın Azərbaycan! Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!”.
Qeyd edək ki, diaspor nümayəndələrinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana qələbə sevinci yaşadan rəşadətli ordumuzun əsgərləri ilə görüşləri də planlaşdırılır.