BAKI, 22 iyul — Sputnik. Sputnik beynəlxalq informasiya agentliyi və radiosu koronavirus pandemiyası ucbatından yaranan onlayn fasilədən sonra yenidən Bakıda SputnikPro maarifləndirmə proqramına start verir. İyulun 26-da, bazar ertəsi günü Sputnik Azərbaycan Multimedia Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV təmsilçiləri üçün ustad dərsləri seriyası başlayır.
Pandemiya əhalinin "çipləşdirilməsi", koronavirusla mübarizədə sarımsağın və arağın faydaları barədə söz-söhbətlə yanaşı, bir sıra konspiroloji nəzəriyyələrin də ortaya çıxmasına səbəb oldu. Hazırda isə sosial şəbəkələrdə ən geniş yayılmış mif və feyk xəbərlər vaksinasiya ilə bağlıdır.
Sputnik Azərbaycan media mərkəzində jurnalistlərə “feyk nyus”ların hansı şablonlar əsasında yaradıldığı, bir sıra məşhur feyklərin necə ortaya çıxdığı barədə məlumat veriləcək, eləcə də, çoxsaylı nümunələr əsasında xəbəri "şübhə testindən" necə keçirməyin, identifikasiya və ifşa etməyin yolları göstəriləcək.
““Feyk-nyus” barədə gözəl və maraqlı” mövzusunda ustad dərsini isə RİA Novostinin məşhur "İnanmıram!" antifeyk podkastının aparıcıları Natalya Şaşina və Artyom Buftyak keçəcəklər.
Nataliya Şaşina "Rossiya Seqodnya" media qrupunun İnnovativ Jurnalistika Mərkəzinin sədr müavinidir. 2012-ci ildən 2019-cu ilə kimi “Business FM” radiostansiyasının şərhçisi və aparıcısı olub. Buna qədər isə “Finam FM” radiosunda və "Moskovski Komsomolets" qəzetində işləyib.
Artyom Buftyak "İnanmıram!" və "Hamımız öləcəyik, ancaq bu dəqiq deyil" podkastlarının aparıcısıdır. O, həmçinin "Bu, rusca necə səslənir" və "İstoriya.DOC" podkastları üçün də ssenarilər yazır. "Rossiya Seqodnya" media qrupuna qədər isə energetika, IT və reklam sahəsində çalışıb.
"Müasir jurnalistika üçün fakt dəqiqləşdirmə texnologiyaları" mövzusunda keçiriləcək ustad dərsində spiker qismində Rusiya Jurnalistlər Birliyinin beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir çıxış edəcək. O, beynəlxalq mövzular üzrə ixtisaslaşmış jurnalist və politoloqdur. Bakıda anadan olub. 2019-cu ildə Beynəlxalq Jurnalistlər Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.
SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.
SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.
Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: