BAKI, 6 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putin iyulun 7-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə RİA Novostiyə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Sabah Paşinyan Moskvaya rəsmi səfər gəlir və o, Putinlə danışıqlar aparacaq", – deyə Peskov bildirib.
"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxılması planlaşdırılır. Döyüş əməliyyatlarından zərər çəkmiş ərazilərin əhalisinə yardım, bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi diqqət yetiriləcək", – deyə o vurğulayıb.
Bundan başqa, tərəflər ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektlərini, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etməyi də planlaşdırırlar.
Üçtərəfli bəyanat
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 9-dan 10-a keçən gecə imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar.
İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.