Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"KoviVak": Çumakov Mərkəzinin COVID-19 əleyhinə peyvəndinin xüsusiyyətləri

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçid "KoviVak" peyvəndinin hazırlanması
 KoviVak peyvəndinin hazırlanması - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
Prosedurdan əvvəl həkim müayinəsindən keçmək, hərarətin ölçülməsi, epidemioloji tarixçənin toplanması, saturasiyanın ölçülməsi vacibdir. Bu, vaksinasiyanın əks göstərişlərini istisna etmək üçün lazımdır.

BAKI, 5 iyul — Sputnik. COVID-19 əleyhinə "KoviVak" peyvəndi çoxalma və yoluxdurma qabiliyyəti olmayan, bununla belə, etibarlı şəkildə müdafiə yaradan "öldürülmüş" koronavirusdan hazırlanır. Bu onilliklər ərzində işlənmiş texnoloji platformadır. Onun köməyi ilə poliomielit əleyhinə peyvənd hazırlanıb. "KoviVak" bu ilin fevral ayında qeydiyyatdan keçirilib və milyon dozası dövriyyəyə buraxılıb.

Bu koronavirus əleyhinə vaksinin tərkibi necədir, hansı əks-göstərişləri var və yan effektləri nələrdir, onu necə əldə etmək olar – bu sualların cavabı RİA Novosti-nin növbəti materialında.

"KoviVak" peyvəndinin tərkibi

Keçən ilin mart-aprel aylarında Rusiya Elmlər Akademiyasının Çumakov Federal İmmunobioloji Preparatlar Mərkəzinin alimləri SARS-CoV-2 koronavirusunun RNT-sini ilk dəfə "Kommunarka" pasiyentlərinin biomaterialından təcrid etdilər.

Onun genomu həmin vaxta kimi artıq yaxşı bilinən Uhan virusunun nümunələri ilə müqayisə olundu və virusun təkamül prosesi izlənildi. Seçilmiş viruslar Vero hüceyrə xəttində kultivasiya edildi və AYDAR-1 ştammı əldə olundu. "KoviVak" peyvəndinin əsasını da məhz bu ştamm təşkil edir.

Peyvənd istehsalı – Vero hüceyrə xəttinin kultivasiyasından, ona AYDAR-1 ştammının yeridilməsindən, virusun qişasının kimyəvi yolla məhv edilməsindən, RNT-sinin inaktivasiyasından və ən kritik mərhələdə təmizlənməsindən ibarətdir. Nəticədə, yalnız aktiv olmayan bütöv virion hissəcikləri və virus zülalının fraqmentləri qalır. Müdafiəedici antitellərin meydana gəlməsi üçün lazım olan səthi zülal-çıxıntılarının qorunması da vacibdir.

"KoviVak"-ın aktiv maddəsi immun reaksiyanı artıran alüminium hidroksid də daxil olmaqla, köməkçi molekullarla birlikdə bir bufer məhlulunda yerləşir. Peyvəndin tərkibində antibiotik və konservant yoxdur.

Təsir mexanizmi və digər peyvəndlərdən fərqi

"KoviVak" dozası tətbiq olunanda immun hüceyrələri iynə vurulan yerə toplanır, öldürülmüş virus hissəciklərini düşmən kimi təsnif edir və onlarla mübarizə aparmağa başlayırlar. Kaskad proseslər nəticəsində qanda qoruyucu antitellər sintez olunur. Həqiqi bir koronavirus infeksiyası ilə qarşılaşdıqda bu antitellər dərhal onu məhv edirlər. "KoviVak" T-hüceyrə toxunulmazlığı da əmələ gətirir.

"Sputnik V" və "EpiVacCorona"-dan fərqli olaraq "KoviVak" koronavirusun bütöv hissəciklərindən hazırlanır. Beləliklə, orqanizm virusun təsirsiz hala gətirilmiş olsa da, kiçik bir dozası ilə "məşq” edir. Bu vəziyyətdə tam antitel reaksiyası meydana gəlir.

İstifadə qaydası

Peyvəndə hazırlıq

Vaksinasiyaya tamamilə sağlam vəziyyətdə, xroniki xəstəliklərin remissiyası dövründə getmək lazımdır.

"KoviVak" vaksini 18-60 yaşlı insanlarda COVID profilaktikası üçün istifadə olunur.

Səhiyyə Nazirliyinin yaddaş qeydinə görə, vaksindən əvvəl antitel analizi verməyə ehtiyac yoxdur. Bu, PZR analizinə də aiddir. Bu analizə yalnız simptomlar müşahidə olunarsa və ya həmin şəxs son iki həftə ərzində xəstəliyi təsdiq olunmuş insanla təmasda olduğu təqdirdə ehtiyac var.

Peyvəndin effektivliyini azaltmamaq üçün vaksinasiyadan bir ay əvvəl və sonra immunitet sisteminin fəaliyyətini zəiflədən dərmanlar qəbul etməkdən çəkinin.

"KoviVak" peyvəndi necə vurulmalıdır

Prosedurdan əvvəl həkim müayinəsindən keçmək, hərarətin ölçülməsi, epidemioloji tarixçənin toplanması, saturasiyanın ölçülməsi vacibdir. Bu, vaksinasiyanın əks göstərişlərini istisna etmək üçün lazımdır.

Səhiyyə işçisi peyvəndin mümkün yan təsirlərini izah edərək prosedur üçün tələb olunan könüllü razılıq formasını doldurmanıza kömək edir.

Suspenziya formasında olan "KoviVak" preparatı birdozalı ampulalarda və 0,5 mililitrlik flakonlarda, eləcə də beş dozalı flakonlarda qablaşdırılır. Soyuducuda 2-6 dərəcəlik temperaturda saxlanılır, buna görə də əritməyə ehtiyac qalmır. İynə çiynin xarici səthinin yuxarı hissəsinə vurulur.

Peyvənddən sonra nə etmək olmaz

Vaksin olunduqdan sonra peyvənd kabinetinin yanında ən az yarım saat oturub gözləmək lazımdır. Bu bütün vaksinasiya prosedurları üçün ümumi qaydadır. Rusiya Səhiyyə Nazirliyinin tövsiyəsinə əsasən, peyvənddən sonrakı üç gün ərzində hamama, saunaya getmək, alkoqollu içki qəbul etmək, idmanla məşğul olmaq məsləhət görülmür. Peyvəndin yerinə su vurub-vurmamağa gəlincə, bu məsələdə fikirlər haçalanır. Məsələn, həkim Aleksandr Myasnikov belə hesab edir ki, bu tələb artıq köhnəlib.

"KoviVak"-la peyvənd olunandan sonra özünütəcridə də ehtiyac yoxdur, çünki preparatın tərkibində canlı virus mövcud deyil. Narahat olmayın, peyvənddən sonra ətrafdakıları yoluxdurmayacaqsınız.

İki doza arasındakı interval

"KoviVak" preparatı iki dəfəyə, 14 günlük intervalla tətbiq olunur. Hər ikisinin tərkibi və dozası eynidir. Peyvəndin istehsalçıları gələcəkdə bu intervalın 14 günə kimi uzadılmasını istisna etmirlər.

Koronavirusa qarşı antitel nə vaxt yaranır

Çumakov Mərkəzinin Ümumi Virusologiya şöbəsinin müdiri Georgi İqnatiyev 29 iyun tarixində Rusiya Elmlər Akademiyası Rəyasət Heyətində çıxış edərkən "KoviVak"-ın effektivliyi və təhlükəsizliyi barədə məlumat verdi. Ancaq siçanlarda və primatlarda kliniki mərhələyə kimi immun reaksiyası müşahidə edilib.

Peyvəndin immunoloji effektivliyi I-II mərhələ klinik sınaqlar zamanı bir neçə tibb mərkəzində öyrənilib. Yeddinci gündə könüllülərdə virus neytrallaşdırıcı antitellər müəyyən olunub, ilk dozanın vurulmasından 42 gün sonra "KoviVak" peyvəndi ilə vaksinasiya olunanların 85,7 faizində immunitet reaksiyası meydana gəlib.

"KoviVak" peyvəndinin yan təsirləri

Canlılar üzərində aparılan klinik mərhələyə qədərki sınaqlar göstərdi ki, "KoviVak" toksiki preparat deyil və təhlükəsizdir. Preparat nə yerli, nə də sistem reaksiyası törədir, mənfi nevroloji effekti də yoxdur.

Preparatın təlimat vərəqində yazılanlara əsasən, vaksinasiyadan sonra yan reaksiyalar üç sutka ərzində davam edə bilər. Daha çox ağrı, iynə vurulan yerdə bərkimə, eləcə də baş ağrısı, hərarətin yüksəlməsi müşahidə oluna bilər. Allergik reaksiyalar, limfa düyünlərinin böyüməsi də istisna deyil.

Təsir müddəti

"KoviVak"-ın hansı müddətdə COVID-dən müdafiə etdiyi məlum deyil. Bunu 30 min könüllü üzərində aparılan klinik sınaqların üçüncü mərhələsində öyrənmək mümkündür. Çumakov mərkəzinin baş direktoru Aydar İşmuxametov isə bildirib ki, 8 ay müddətində immunitet qalır.

Vaksinasiya üçün əks-göstəriş

"KoviVak" peyvəndi 18 yaşdan aşağı və 60 yaşdan yuxarı şəxslərə, hamilə və uşaq əmizdirən qadınlara vurulmur. Eləcə də əks-göstərişi olanlar arasında onkoloji patologiyalardan, xroniki obstruktiv ağciyər xəstəliklərindən, allergiyadan əziyyət çəkənlər də var.

Bundan başqa, əvvəllər anafilaktik şok, Kvinke övrəsi, digər peyvəndlərə kəskin allergik reaksiya keçirmiş şəxslərə də "KoviVak" vurdurmaq olmaz.

Hərarət, infeksion xəstəliklər, xroniki xəstəliklərin ağırlaşması vaxt peyvənd prosedurası təxirə salınmalıdır.

Eləcə də, bir sıra digər ağır xəstəliklər zamanı vaksinə ehtiyatla yanaşmaq, həkimlə məsləhətləşmək tələb olunur.

"KoviVak"-la peyvənd olunanların rəyləri

Keçən ilin dekabr ayının sonlarında keçmiş Baş sanitar həkim, akademik Gennadi Onişenko "KoviVak"-la peyvənd olunduğunu bəyan etdi. O öz seçimini bu zaman immunitet sisteminin bütövlükdə koronavirusa qarşı antitel ifraz etməsi ilə açıqladı.

"Telegram"da "KoviVak"-la bağlı rəylərin yer aldığı xüsusi çat da yaradılıb. On mindən çox iştirakçısı var. Həmin rəylərə əsasən, peyvənddən sonra insanlar zəiflik, başgicəllənməsi, qaşınma, inyeksiya yerində ağrı, bədənin hərarətinin qısa müddətli yüksəlməsi və yüngül narahatlıq hiss edirlər.

Xəbər lenti
0