BAKI, 22 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan əsilli senator Sergey Məmmədovun və Natalya Trunovanın Hesablama Palatasına auditor təyin edilmələrini təklif edib.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Rusiya prezidentinin bu barədə Federasiya Şurasına göndərdiyi təqdimata qurumun sabah keçiriləcək plenar iclasında baxılacaq.
Qeyd edək ki, 2011-ci ildən Federasiya Şurasının üzvü olan Sergey Məmmədov məşhur azərbaycanlı, uzun illər SSRİ-nin Radio və Televiziya Yayımı üzrə Dövlət Komitəsinin sədr müavini olmuş Ənvər Məmmədovun nəvəsi, 1997-2003-cü illərdə Rusiyanın xarici işlər nazirinin müavini, 2003-2014-cü illərdə isə Rusiyanın Kanadadakı səfiri olmuş Georgi Məmmədovun ögey oğludur.