BAKI, 16 iyun - Sputnik. Baydenlə görüş yaxşı keçdi.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenlə Cenevrədə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
"Düşmənçilik yox idi, ancaq görüş prinsipial məcrada keçdi. Bir çox məqamlarda bizim rəyimiz fərqlənir, ancaq mənim fikrimcə, hər iki tərəf bir-birini anlamaq və mövqelərin yaxınlaşdırılması istəyi nümayiş etdirdi. Danışıqlar konstruktiv oldu", - Putin bildirib.
Qarşılıqlı hədiyyələr
Dünya liderləri görüşə əliboş gəlməyiblər. Vladimir Putin amerikalı həmkarına xoxlomadan "Moskva" yazı dəsti, Co Bayden isə ona büllur heykəl və aviator eynəyi bağışlayıb.
Səfirlər qayıdırlar
Rusiya lideri qeyd edib ki, hər iki ölkənin səfirləri işlərinin başına dönəcəklər.
"Konkret nə vaxt - sabah, yoxsa birigün - bu, sırf texniki məsələdir", - V.Putin deyib.
Tərəflər məhkum olunmuş şəxslərin mübadiləsini də müzakirə ediblər.
"Rusiya Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamenti bu istiqamətdə işləyəcəklər", - Amerika həbsxanalarında cəza çəkən bəzi rusiyalıların qaytarılması barədə sualı cavablandırarkən Rusiya lideri deyib.
Ukrayna məsələsi
Danışıqlarda Ukrayna məsələsinə də toxunulub. V.Putin qeyd edib ki, Ukraynada vəziyyətin stabilləşdirilməsində əsas kimi Minsk razılaşmaları götürülməlidir və Bayden bununla razıdır.
"Strateji sabitlik üzrə idarələrarası səviyyədə müzakirələrin başlanması barədə Baydenlə razılığa gəldik", - Rusiya Prezidenti deyib.
Kiberhücumlar
Kiberhücumlara gəldikdə isə Putin qeyd edib ki, ABŞ Rusiyanın sorğularına etinasız yanaşır: Rusiya ABŞ-ın kiberhücumlar barədə sorğuları üzrə bütün məlumatı təqdim edir, ancaq özümüz heç bir cavab almırıq".
O, Rusiyanın kiberhücumlar edən dövlətlərin siyahısında yer almadığını qeyd edib: "Kimin üzrəinə hansı vəzifəni götürməsi barədə. Geniş publikaya məlum olmayan bəzi məlumatları çatdırmaq istəyirəm... Amerika mənbələrindən məlum olur ki, dünyada kiberhücumların ən böyük hissəsi ABŞ-dan edilir, ikinci yerdə Kanadadır. Sonra iki Latın Amerikası ölkəsi gəlir. Sonra Böyük Britaniya. Ərazilərindən böyük sayda kiberhücumlar həyata keçirilən dövlətlər sırasında Rusiya yoxdur".
Navalnı haqda
"Navalnı şüurlu şəkildə tutulmağa doğru gedirdi", - rusiyalı bloger və müxalifətçi Aleksey Navalnı barədə sualı cavablayan Putin deyib.
"Əvvəla, o adam qanunu pozduğunu bilirdi və bunu şuürlu şəkildə edirdi", - Rusiya prezidenti əlavə edib.
Düşmənçiliyin kökü
V.Putin bildirib ki, ABŞ Rusiyanı hələ 2017-ci ildən özünün rəqibi və düşməni elan edib.
"Birləşmiş Ştatlar Rusiyanı özlərinin düşməni, rəqibi elan etdi, konqres bunu 2017-ci ildə qəbul etdi. Birləşmiş Ştatların qanunvericiliyinə ABŞ-ın bizim ölkəmizdə demokratik idarəçiliyi və qanun-qaydanı, eləcə də siyasi təşkilatları dəstləkləməyə borclu olduğu barədə müddəalar daxil edilib", - Putin vurğulayıb.
"Qatil" sözünə görə cavab
Vladimir Putin deyib ki, ABŞ Prezidenti Co Baydenin onun ünvanına söylədiyi kəskin ifadələrə görə verdiyi izahatdan razı qalıb.
"Kəskin bəyanatlara dair: nə demək olar, hamımız onları eşitmişik. Ondan sonra Bayden mənə zəng vurdu, izahat verdi, bu izahat məni qane etdi, o da görüşməyi təklif etdi - bu, onun təşəbüsüdür, biz görüşdük", - Rusiya lideri söyləyib.