BAKI, 14 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ABŞ-da RF-Birləşmiş Ştatlar münasibətləri son illər kəskin daxili siyasi mübarizəyə qurban verilib. Bu barədə o, NBC telekanalına müsahibəsində deyib.
"Fikrimcə, Birləşmiş Ştatlarda son illər görülən iş ancaq bu olub ‒ Rusiya-Amerika münasibətləri ABŞ-ın özündə daima kəskin daxili siyasi mübarizəyə qurban verilib", - dövlət başçısı bildirib.
NATO-da söz sahibi kimdir
Müsahibə zamanı NATO ilə bağlı suala cavab verən Rusiya lideri alyansda formal olaraq kollektiv qərar qəbul olunmalı halda, Vaşinqtonun fikrinin prioritet kəsb etdiyini deyib.
"NATO soyuq müharibə dövründə meydana gəlib, lakin bu gün o niyə mövcuddur, çox da aydın deyil... Biz ondan çıxış edirik ki, bu hərbi təşkilatdır, lakin onlar Birləşmiş Ştatların müttəfiqləridir, yəqin ki, vaxtaşırı müttəfiqlərlə görüşmək lazımdır. Lakin mən orada necə bir diskussiya getdiyini təsəvvür edirəm. Aydındır ki, hər şey konsensusla həll olunur, lakin yenə də bir düzgün fikir var, digərləri isə belə desək, çox da düzgün deyillər", - prezident vurğulayıb.
Suriya böhranından çıxış üçün atılacaq addımlar
Putin bəyan edib ki, Suriya üzrə bütün fəaliyyət oradakı vəziyyətin sabitləşdirilməsinə yönəldilməlidir və humanitar yardım təşkil olunmalıdır.
"Bütün bizim məcmu hərəkətlərimiz vəziyyəti sabitləşdirməyə, onu normal məcraya istiqamətləndirməyə yönəldilməlidir. Rusiyanın dəstəyilə Suriya hakimiyyəti ölkə ərazisinin 90 faizdən çoxunda nəzarəti bərpa edib. İndi sadəcə heç bir siyasi kontekstdən asılı olmayaraq insanlara humanitar yardımı təşkil etmək lazımdır", - dövlət başçısı qeyd edib.
Afroamerikalıların hüquqları və ekstremizm
Rusiya prezidenti ölkəsinin afroamerikalıların öz hüquqları uğrunda mübarizəsini dəstəklədiyini, lakin indi müşahidə olunan istənilən növ ekstremizmə qarşı olduğunu bildirib.
"Biz həmişə afroamerikalıların öz hüquqları uğrunda mübarizəsinə anlayışla yanaşmışıq və bunun müəyyən kökləri, əsasları var. Lakin eyni zamanda, kiminsə hər hansı xeyirxah məqsədlərdən çıxış etməsinə baxmayaraq, əgər bu hansısa əndazəni aşırsa, ekstremizm elementləri alırsa, biz, əlbəttə ki, bunu alqışlaya bilmərik. Və burada bizim buna çox sadə yanaşmamız var: biz afroamerikalıların öz hüquqları uğrunda mübarizəsini dəstəkləyirik, lakin biz indi hərdən təəssüf ki, müşahidə etdiyimiz istənilən ekstremizm növlərinə qarşıyıq", - Putin vurğulayıb.
Müsahibənin geniş mətni ilə Kremlin saytında tanış olmaq mümkündür.