BAKI, 29 may — Sputnik. "Rossutrudniçestvo"nun rəhbəri Yevgeni Primakovun Sputnik agentliyinə Rusiya ali məktəblərində pulsuz təhsil almaq imkanları, əcnəbi tələbələr üçün təqaüdlər və yaxın xaricdə "Rus ev"lərinin açılması ilə bağlı geniş müsahibəsi.
Artıq sadəcə brauzeri açmaq kifayətdir
Pandemiya keçmiş Sovet ölkələrindən olan gənclərin Rusiya universitetlərinə qəbuluna maneə olmadı. Yevgeni Primakovun sözlərinə görə, abituriyentin "internetdə Study In Russia saytına daxil olması, qeydiyyatdan keçərək lazımi sənədlər təqdim etməsi" kifayətdir.
"Əcnəbilər təhsil almaq üçün ərizəni sayt vasitəsilə verdiklərindən, pandemiyanın onlar üçün qorxusu yoxdur. Lakin əyani imtahanlardan tamamilə imtina etmək olmur. Biz başa düşürük ki, bəzi ölkələrdə, internet heç də bütün regionlarda yoxdur. Həm də, yaradıcılıqla bağlı elə ixtisaslar var ki, abituriyentin əyani olaraq iştirakı olmadan keçinmək mümkün deyil", - deyə o bildirib.
"Rossotrudniçestvo"nun pandemiya şəraitinə operativ uyğunlaşmasına baxmayaraq, təşkilata, yenə də, onunla bilavasitə bağlı olmayan çoxlu şikayətlər də daxil olub.
"Ötən il sərhədlər qapalı olduğundan uşaqlr imtahan verdilər, birinci kursa qəbul olundular. Amma heç də hamısı gələ bilmədi və məyus oldu. Təbii ki, biz onların ölkəyə gəlməsinə icazə verilməsi üçün Təhsil və elm nazirliyi ilə sıx əməkdaşlıq edirdik", - deyə qurum rəhbəri bildirib.
Rusiya yenə də Mərkəzi Asiyanın yanındadır
Primakovun sözlərinə görə, "Rossitrudniçestvo" tədricən işinin formasını dəyişir. Dəyişikliklərin əsas səbəbi isə Rusiyada təhsilin keyfiyyətinin yüksəlməsidir.
"Biz 90-cı illərdə təhsil sistemimizi tənqid edirdik, lakin çox şeylər düzəlib. Hazırda bizim yaxşı təhsil sistemimiz var. Bunu belə bir fakt təsdiq edir ki, təkcə rus dilinə deyil, başqa fənlərə də tələbat yaranır. Biz də, bir ölkə olaraq, belə bir maraqlı yanaşmanı həyata keçiririk: əgər əvvəllər ancaq rus dili müəllimlərini, məhz rus dili dərsliklərini göndərməli olurduqsa, indi artıq fənn müəllimlərinin də göndərilməsinə keçirik", - deyə Primakov qeyd edib.
Qurum rəhbərinin sözlrinə görə, belə bir tendensiya Özbəkistanda özünü büruzə verir.
"Mən Daşkənddə ezamiyyətdə olarkən bağ ilə gedirdim. Orada özbək uşaqlar bir-biri ilə rus dilində danışırdılar və görünürdü ki, onlar özlərini rahat hiss edirlər. Odur ki, Özbəkistanda rus dili daxili ünsiyyət dilidir", - deyə Primakov vurğulayıb.
"Rossutrudnuçestvo" rəhbəri bildirir ki, qurum qarşısında Özbəkistanda yalnız rus dilini tədris etmək kimi vəzifə dayanmır. Rusiya maarif nazirliyinin rusiyalı müəllimlərin Tacikistana göndərilməsi ilə bağlı proqramı ilə əməkdaşlıq da analoji xarakter daşıyır.
"Onlar bu məsələləri yaxşı idarə edirlər, onlara mane olmaq lazım deyil. Biz sadəcə işin təşkilinə kömək edirik. Maarif nazirliyinin Tacikistanda məktəblər inşa etmək planları var. Bizim üçün ilk növbədə maraqlı olan odur ki, əcnəbi tələbələr Rusiyada təhsil alaraq evlərinə qayıtsın və öz ölkələrinin iqtisadiyyatına, elminə kömək etsin. Əlbəttə, ən zəkalıların burada qalması bizim üçün daha sərfəli olardı. Lakin "Rossotrudniçestvo"nun qarşısında duran vəzifə - bu ölkələri gücləndrməkdir", - deyə Primakov bildirib.
Cənubi Qafqazda aparılan iş barədə
Primakovun sözlərinə görə, "Rossutrudniçesvo" Azərbaycan hakimiyyəti ilə Gəncə şəhərində mərkəzin açılması məsələsi ilə bağlı müzakirələr aparır. Lakin bunun nə vaxt baş verəcəyini demək çətindir.
"Əgər biz qeyri-hökumət təşkilatı olsaydıq, bu, daha asan olardı. Lakin biz hər zaman hökumətlərarası sazişə əsaslanırıq, biz XİN-ə tabe olan təşkilatıq. Harada istəsək "səfirlik" aça bilmərik axı", - deyə o bildirib.
"Buna baxmayaraq, Azərbaycanda yerli QHT-lərin köməyi ilə yeni "Rus evi"nin açılışını sürətləndirmək üçün variant var. Mən bizim mövcud olduğumuz ölkələrdə bu barədə düşünməyi təklif edirəm. Axı hansısa QHT-nin "Rus evi"ni açmasına kim mane olur ki? Allah xətrinə... Biz dəstəkləyərik", - deyə Primakov qeyd edib.
Qurum rəhbəri hesab edir ki, yerli birliklərlə kooperasiya agentliyin güclü tərəflərindən biridir və bunu nümunə gətirir: agentliyin saytının və sosial şəbəkələrdə səhifələrinin əsas dili rus dilidir. Lakin dərc olunandan sonra bütün məlumatlar dərhal agentliyin filiallarının olduğu ölkələrin rəsmi dillərinə tərcümə olunur.
"Yerevanda "Rossotrudniçestvo"nun səhifəsində bir çox xəbərlər erməni dilində çıxır və bu düzgündür. Belə də olmalıdır. Axı bizim auditoriyamız təkcə rus dilində danışanlar deyil, həm də sadəcə olaraq Rusiya lə maraqlananlardıq", - deyə qurum rəhbəri vurğulayıb.
"Gürcüstanla bağlı vəziyyət daha çətindir. Çünki bu ölkənin Rusiya ilə diplomatik münasibətləri yoxdur. Kiminlə danışıq aparmaq lazım olduğu aydın deyil. İstənilən hərəkət ağrılı qarşılanır, hətta söhbət siyasətdən getməsə belə. Mədəni və elmi əlaqələri inkişaf etdirmək istəyən, adekvat, susqun bir çoxluq var, bizim kitablarla kömək etdiyimiz bir neçə məktəb və QHT var. Lakin birbaşa danışıqlar aparmaq imkanımız yoxdur", - deyə Primakov bildirib.
Fəaliyyət lazımdır
Qurum rəhbəri onu da qeyd edir ki, "Rossotrudniçestvo" üçün daha bir problemli region Baltikyanı ölkələrdir.
"Hələ ki onlar aqressiv rusofob xətt yürüdürlər. Lakin biz çoxlu mövzular tapmağa hazırıq. Bura həmçinin jurnalistlərin hüquq müdafiəsi məsələsi də aiddir. Bir tərəfdən agentlik özü də boşluqlara yol verib. Bu, bizim köhnə formatlara həddən artıq aludə olmağımızla bağlıdır. Elə kommunikasiya üsulları tapmaq lazımdır ki, onları qadağan etmək çətin olsun: saytlar, telegram-kanallar.
"Rossotrudniçestvo" rəhbəri hesab edir ki, əcnəbi tələbələr üçün yol və tibbi sığorta xərclərinin ödənilməsi də vacibdir.
"Biz bütün sistemi dəyişmək istəyirik. Hazırda bizim həmvətənlərimiz və əcnəbilər pulsuz təhsil almaq hüququ əldə edirlər. (RF ali məktəblərində - red.). Və biz xaricdəki həmkarlarımızın necə işlədiyini də görürük, onlar həm yol, həm yataqxana, həm də yemək xərclərini ödəyirlər. Bax, burada biz hələ ki, geridəyik. Elə ailələr var ki, onlar bütün bu xərcləri ödəməyə qadir deyil. Belə çıxır ki, hansısa istedadlı gənc, gələcəyin yaxşı İT mütəxəssisi və ya fiziki bizə gəlir və sadə bir seçim qarşısında qalır: ya təhsil alaraq ac qalmaq, ya da özünü dolandırmaq. O da gedib taksi sürür. Biz bundan yaxa qurtarmalıyıq. Biz qeyri-verbal dildə danışmağa, fəaliyyət dilinə keçirik", - deyə Yevgeni Primakov fikrini tamamlayıb.
Həmçinin oxuyun:
Ekspert: “Gənclər Rusiya ali məktəblərində təhsil almaqda maraqlıdır”
Rusiya ali məktəblərinə daxil olmaq istəyirsinizsə...