BAKI, 27 may — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın Suriyadakı Xmeymim aviabazasındakı nüvə silahı daşıya bilən Tu-22M3 uzunmənzilli raket daşıyıcı bombardmançıları ABŞ və NATO-nun Rusiya Federasiyasının qərb sərhədləri yaxınlığında keçirdikləri "Defender Europe 2021" genişmiqyaslı və təxribatçı təlimlərinə Moskvanın adekvat cavabıdır.
Rusiya Prezidenti Vladimir Putin mayın 25-də bəyan etdi: "Çətin beynəlxalq vəziyyət, Rusiyanın hərbi təhlükəsizliyinə potensial risklər və təhdidlər, o cümlədən, bilavasitə sərhədlərimizin yaxınlığında olan təhdidlər Rusiya Silahlı Qüvvələrindən davamlı və yüksək döyüş hazırlığı tələb edir".
Təsadüfi deyil ki, elə həmin gün üç ədəd səsdən sürətli Tu-22M3 raket daşıyan bombardmançı təyyarənin ilk dəfə Suriyanın Xmeymimdəki Rusiya aviabazasına çatdığı məlum oldu.
Bu təyyarələrin Suriyaya yerləşdirilməsi Rusiya Aerokosmik Qüvvələrinin dünyanın istənilən bölgəsində səmərəli fəaliyyət göstərməyə hazır olduğunu nümayiş etdirir. Hər bir raket daşıyan təyyarədə 24 tona qədər döyüş sursatı daşına bilər.
Tu-22M3-ün standart silahlanmasına uzunmənzilli X-32, X-101 (və ya nüvə başlığına malik X-102) qanadlı raketləri və hipersəsli "Kinjal" raketləri daxildir. Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi şəkillərdə 600 km-ə qədər mənzilli səsdən sürətli qanadlı gəmi əleyhinə raketləri görmək mümkündür və bu, cihadçıların mövqelərinin Suriya missiyasının prioritet hədəfləri olmadığını, Tu-22M3-ün əsas vəzifəsinin dəniz əməliyyatlar teatrına nəzarət etmək olduğunu göstərir.
Bu arada, NATO-nun iki təyyarə gəmisindən ibarət zərbə qrupu Avropa, Asiya və Afrikanı əhatə edən "Defender Europe 2021" qlobal təlimi çərçivəsində Suriya Ərəb Respublikasının sahillərində öz bacarıqlarını nümayiş etdirmək niyyətindədir.
Britaniya Hərbi Dəniz Qüvvələrinin iki eskadra-mina gəmisi, iki freqat və bir sualtı qayıqdan ibarət zərbə qrupu "Queen Elizabeth" təyyarə gəmisinin başçılığı altında Fransanın "Charles de Gaulle" təyyarədaşıyan gəmisi ilə birgə ilk dəfə təlimin keçirilməsinin planlaşdırıldığı Aralıq dənizinin şərq sahillərinə doğru hərəkət edir.
Britaniyanın heyətində F-35 qırıcıları da daxil olmaqla, 30-dan çox aviadaşıyıcı bazalı təyyarə var. Rusiya Suriyada üç Tu-22M3 raket daşıyıcısı yerləşdirməklə "ortaqları"nı qabaqlayaraq bölgədə hökm sürən manevr azadlığını məhdudlaşdırdı.
Sərt qarşıdurma
Böyük Britaniyanın təyyarə gəmisi qrupunun komandiri Stiv Murxaus "Queen Elizabeth"-in ilk yürüşündən əvvəl bəyan etdi: "Ən çətin şəraitdə belə döyüşməyə və qalib gəlməyə hazırıq".
Əslində, bu bəyanatın pafos dozası bir az artıqdır, çünki Yaxın Şərq terrorçularının nə gəmisi var, nə də təyyarəsi, London isə Aralıq dənizi ölkələrindən heç birinə müharibə elan etməyib. Rusiya Müdafiə Nazirliyinin şərhi daha ciddi və adekvat təsir bağışlayır: "Uzunmənzilli bombardmançı təyyarələrin heyətləri Aralıq dənizi üzərindəki hava məkanında uçuşlar zamanı yeni coğrafi ərazilərdə təlim tapşırıqlarını yerinə yetirmək üçün praktiki bacarıqlara yiyələnəcəklər". Amma hər bir halda texnoloji qarşıdurmada amerikalı, ingilis və fransız "ortaqlar" üçün "çətin şərait" təmin ediləcək.
Mayın 26-da Rusiyanın uzaqmənzilli raket daşıyıcı bombardmançıları, bütün Qərbi Avropanın asanlıqla "atəşə tutula biləcəyi" Aralıq dənizi üzərindəki hava məkanına patrul nəzarətini yerinə yetirməyə başladı. Qüdrətli Tu-22M3-lər hətta bəzən "təyyarə gəmisi qatilləri" də adlandırılır, çünki bir ədəd belə təyyarənin arsenalı potensial düşmənə bütöv bir təyyarə gəmisi zərbə qrupunu məhv etməyə qadirdir, özü də günün istənilən vaxtında və radioelektron əks-müqavimət şəraitində.
Nəticə etibarilə, üç təyyarə Rusiya Aerokosmik Qüvvələrinin Aralıq dənizi istiqamətində tam hökmranlığını təmin edir. Lazım gələrsə, uzaq mənzilli təyyarələr Su-30 qırıcıları və Xmeymim bazasında yerləşdirilən S-400 zenit raket kompleksləri ilə də əhatə olunacaq.
Qərb mütəxəssisləri belə hesab edirlər ki, Rusiya bombardmançı təyyarələrinin Aralıq dənizi üzərindəki aktiv uçuşları Şimali Atlantika Alyansını öz cənub ərazilərini qorumaq üçün daha çox vəsait xərcləməyə vadar edəcək. Amma nə Pentaqonun, nə də NATO-nun Tu-22M3-lərə qarşı effektli müdafiəsi yoxdur. Bu qırıcı-bombardmançılar qurudakı və dənizdəki strateji və taktiki hədəflərə yüksək həssas silahlarla hücum edə bilən dünyanın ən çoxyönlü təyyarələrdir.
Amerikanın "Drive" nəşri bir qədər bundan əvvəl Xmeymimdəki Rusiya raket daşıyıcı bombardmançılarının Avropadakı hədəfləri yeni, cənub istiqamətindən vura biləcəyinə diqqət çəkib. Nəşrin yazdığına görə, silahlı qarşıdurma olacağı təqdirdə, alyansın dəniz qüvvələri ilə mübarizə aparmaq, "Yaxın Şərq və Şimali Afrikadakı böhrana və gözlənilməz vəziyyətlərə daha təsirli cavab vermək" mümkündür.
"Military Watch" nəşri mənzərəni bir az da aydınlaşdırıb: "Rusiyanın Suriyadakı hava və dəniz əməliyyatları cihadçı qruplara qarşı mübarizə aparmaqdan daha çox şey etdi... Bununla yanaşı, ölkənin bölgə ilə bağlı tutduğu mövqe, NATO-nu cənubdan hücumlarını effektiv şəkildə dəf etməyə və yeni zərbə imkanları ilə bağlı bir sıra inqilabi yanaşmalar nümayiş etdirməyə imkan verirdi".
Həqiqətən də, Suriyadakı Xmeymim hava bazasının modernləşdirilməsi Rusiyanın Aralıq dənizindəki mövqeyini və hərbi-siyasi təsirini gücləndirdi. Hava bazasında ikinci uçuş-enmə zolağının yenidən qurulması örtük, işıq siqnalı və radio avadanlıqlarının tamamilə yenilənməsi ilə başa çatdırılıb.
Uzunluğu təxminən 3000 m olan uçuş-enmə zolağı ən müasir texnologiyalardan istifadə edilərək tikilib, strateji Tu-160M və An-124 də daxil olmaqla, hər növ təyyarələri qəbul etməyə imkan verir. Mütəxəssislər bazaya Tu-22M3 təyyarəsinin yerləşdirilməsini "Rusiya Federasiyasının bölgədəki mühüm geosiyasi və hərbi qələbəsi" kimi qiymətləndirirlər.
"Military Watch" vurğulayır: "Tu-22M3 təyyarəsinin bahalı bir aktiv kimi hərbi bazaya yerləşdirilməsi Suriyada vəziyyətinn sabitləşdiyinə olan inamı əks etdirir, çünki bu cür bahalı uzunmənzilli təyyarələr cəbhə xəttinə yaxın bazalarda nadir hallarda yerləşdirilir".
Döyüş radiusu
Dəyişən qanad forması ilə uzunmənzilli, çoxrejimli, səsdən sürətli raket daşıyıcısı Tu-22M3 xüsusi problemləri həll etmək üçün yaradılıb, dünyada analoqu yoxdur. Bu bombardmançı idarəolunan qanadlı raketlər X-32, Xh-101 (və ya nüvə başlığına malik X -102), hipersəsli X-47M2 "Xəncər" raketlərini, eləcə də, hava bombaları ilə müxtəlif hündürlüklərdən quru və dəniz hədəflərini vurmaq üçün hazırlanıb.
Tu-22M3-ün döyüş radiusu – tam döyüş yüklənməsində, yanacaq doldurma olmadan, müasir hava hücumundan müdafiə və elektron müharibə şəraitində 1000- 2300 km/s-ə qədər sürətdə təxminən 2000 km-ə bərabərdir.
Bu səbəbdən, Xmeymim hava bazasından istifadə potensial düşməni Rusiyaya və onun Avropa, Afrika və Orta Şərqdəki müttəfiqlərinə qarşı siyasi və hərbi-strateji xarakterli təcavüzkar hərəkətlərdən çəkindirmək üçün ciddi amildir.
Təyyarələr "suüstü vəziyyəti müəyyənləşdirmək" tapşırığı ilə Aralıq dənizi üzərindən uçur və heyətlərin gəmilər üzrə işi quru hədəfləri üzrə işdən xeyli fərqlənir. Bu, çox faydalı təcrübədir.
Tu-22M3 təyyarəsindəki raket silahı potensial düşmən üçün ölümcül təsirə malikdir. Altı raket gövdə bölmələrinə yerləşdirilə, daha dördü qanad və füzelyajın altından asıla bilər. Təyyarənin yüksək dəqiqliklə idarə olunan bombalarla silahlanması da təmin edilir. Məsələn, X-32 səsdən sürətli gəmi əleyhinə raket hədəfə doğru 5 Max sürətlə 40 km yüksəklikdə - 1000 km-ə qədər məsafədə uçur, yəni, Tu-22M3M bombardmançısı düşmənin hava hücumundan müdafiəsinin 700 kilometrlik hərəkət zonasına girmədən onun təyyarə gəmilərindən ibarət zərbə qrupunu məhv edə bilər. Onun sratosferdən vurduğu zərbə "Aegis" raket əleyhinə müdafiə sistemi tərəfindən qarşısıalınmazdır.
Rusiya dünyanı silah gücünə "idarə etməyə" çalışmır, Aralıq dənizi bölgəsində qanuni əsaslarla hərəkət edir, Suriya Ərəb Respublikasının legitim hakimiyyətinə terror elementlərinin qalıqlarını aradan qaldırmağa kömək edir və Suriyadaxili siyasi dialoqu təşviq edir. Xmeymim hava bazasının yeni uçuş-enmə zolağı da Rusiyanın ərəb respublikasının dinc gələcəyinə mühüm töhfəsidir. Gün gələcək, planetin bütün ölkələrindən mülki təyyarələr burada eniş edə biləcəklər.