BAKI, 19 may - Sputnik. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.
Onlar Azərbaycan-Ermənistan sərhəddində yaranmış vəziyyəti müzakirə ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidmətinə istinadla RİA Novosti yayıb.
Paşinyan Ermənistanla Azərbaycan sərhəddində yaranmış cari vəziyyət barədə danışıb. O, Putinə Azərbaycandan şikayətlənərək "Azərbaycan qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq Ermənistan Respublikasının suveren ərazilərinə müdaxilə edib" - deyib.
Ermənistan hökumət başçısının səlahiyyətlərini icra edən şəxs Putinə Rusiyanın bu günlərdə regionda sülh və sabitliyin möhkəmlənməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib.
"Həmsöhbətlər vəziyyətin həlli yolları və metodları barədə razılığa gəliblər", - deyə məlumatda bildirilib.
Xatırladaq ki, bu gün Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev də Azərbaycan-Ermənistan sərhəddində baş verən insidenti müzakirə ediblər.