BAKI, 18 may — Sputnik. Rusiya ABŞ-a qarşılıqlı surətdə qadağaları və xaricdəki idarələrin işindəki məhdudiyyətləri aradan qaldırmağı təklif edir. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Diplomat hələ ki, ölkələr arasında münasibətlərin yaxşılaşmasına dəlalət edən əlamətlərin olmadığını deyib və diplomatik missiyaların xidmətlərindən rahat istifadə edə bilməsi məsələsinin Vaşinqtonu narahat etmədiyinə əminliyini ifadə edib.
"Mən Amerika tərəfinə hər hansı məsləhətlər vermək niyyətində deyiləm, sadəcə olaraq qeyd edirəm: Vaşinqtonun bizim xarici idarələrimizə güclü təzyiq göstərmək cəhdlərinə rəğmən biz mümkün olduğu qədər konsulluq xidmətlərinin göstərilməsi səviyyəsini aşağı salmadan işləməyə davam edirik", — deyə XİN rəhbərinin müavini bildirib.
Söhbət Rusiyada yaşayan ABŞ vətəndaşlarına daimi konsulluq xidmətlərinin göstərilməsindən gedir. Həmin xidmətlər arasında pasportların yenidən çıxarılması və doğum haqqında şəhadətnamələrin verilməsi də var.
Xatırladaq ki, Rusiya ilə ABŞ arasında münasibətlər cari ilin mart ayında, prezident Co Baydenin rusiyalı həmkarı Vladimir Putinin ünvanına səsləndirdiyi kəskin bəyanatların fonunda və gərginliyin yaradılması barədə qarşılıqlı ittihamlardan sonra pisləşib. Bundan əlavə, aprelin 15-də Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
Buna cavab olaraq Rusiya XİN ABŞ-a qarşı sanksiyaların siyahısını açıqlayıb. Moskva 10 nəfər amerikalı diplomatı ölkədən çıxaracaq, Rusiya və üçüncü ölkə vətəndaşlarının ABŞ səfirliyi və ya baş konsulluqlarına muzdla işə qəbul olunmasının dayandırılmasına dair tədbirlər görəcək və amerikalı diplomatlara daimi olduğu yerlərdən kənara səyahət etməsinə qadağa qoyacaq. Bundan əlavə, ABŞ da Çexiya ilə birlikdə dost olmayan ölkələr siyahısına daxil edilib.