BAKI, 18 may — Sputnik, Nikolay Protopopov. Ən yeni "Zirkon" gəmi əleyhinə raketin sınaqları sona çatmaq üzrədir - Şimal Donanmasının "Admiral Qorşkov" freqatı son test buraxılışına hazırlaşır. Əldə olunan məlumatlara görə, bu hadisə yay fəslinin sonuna təsadüf edəcək, sonra raket sistemi sualtı qayıqlarda inkişaf etdiriləcək. Bəs "Zirkon" raketləri Rusiya Donanması üçün hansı məna kəsb edir – sualın cavabı RİA Novosti-nin materialında.
İlk daşıyıcı
Son sınaqların dəqiq başlama tarixi hələ məlum deyil, lakin Rusiya müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, raket ilin sonunadək tam sınaqdan keçiriləcək. Prezident Vladimir Putin Federal Məclisə apreldəki müraciətində silahın tezliklə hazır vəziyyətə gətiriləcəyini bildirmişdi. Raketin Silahlı Qüvvələrə çatdırılması isə gələn ilə planlaşdırılır.
"Zirkon" raketi 22350 layihəsinin "Admiral Qorşkov" əsas freqatından ilk dəfə təlim məqsədi ilə atılıb. Donanmaya isə 2018-ci ilin yayında qəbul edilib. Göyərtəsindəki inkişaf etmiş elektron sistemlər və yüksək dərəcədə avtomatlaşdırma sayəsində bu gəmiyə "üzən kompüter" deyilir. Üstəlik, bir çox texnologiyalardan ilk dəfə məhz bu gəmidə istifadə olunub.
Freqatların əsas silahları 16 şaquli buraxılış sisteminə malik "Kalibr" qanadlı raketləridir. Artilleriya dəqiqədə 30 atışı yerinə yetirə bilən və 23 kilometr məsafəyə malik universal 130 millimetrlik silahlardan ibarətdir. Səmaya "Poliment-Redut" zenit raket sistemi tərəfindən nəzarət olunur. Sualtı qayıqlar əleyhinə dörd "Paket-NK" torpedo aparatı var.
"Admiral Qorşkov" seriyasının əsas vımpelinin bünövrəsi 2006-cı ildə qoyulub – bu, Sovet dövründən bəri ilk yeni böyük suüstü gəmidir. Freqat bır sıra texnoloji yeniliklər, müxtəlif silah sistemləri, hava hücumundan müdafiə sistemləri və elektron avadanlıqlar üçün sınaq meydanı rolunu oynayıb. Buna görə də platformanı eksperimental "Zirkon" raketi ilə təchiz etmək qərarı olduqca məntiqlidir.
"Qorşkov"-un ilk sınaqları 2019-cu ilin dekabrında yerinə yetirilib. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, üç buraxılış baş tutub: ikisi dəniz, üçüncüsü yerdəki hədəf üzrə.
Prioritet – Şimal Donanmasıdır
Yeni dəniz və quru bazalı hipersəsli kompleksin inkişaf etdirilməsinə 2010-cu illərdə başlanıb; Prezident Vladimir Putin ilk dəfə 2018-ci ildə layihənin uğurla həyata keçirildiyini bəyan edib.
Dəniz versiyasının 1980-ci illərin ortalarından bəri Donanmada istismar olunan "Qranit" gəmi əleyhinə raketlərini əvəz edəcəyi gözlənilir.
Müasir və modernləşdirilmiş gəmilər ilk növbədə, 22350 layihəsinin freqatları, "Admiral Naximov" kreyseri, "Lider" perspektivli eskadra-mina gəmiləri "Zirkon" raketləri ilə təchiz olunacaq. Bundan başqa, 971, 949A və 885 çoxməqsədli nüvə sualtı qayıqları "hipersəsli" raketlərlə silahlandırılacaq.
Prioritet – Şimal Donanmasıdır. Və bu heç də təsadüf deyil.
"Zirkon" uzaqmənzilli raketdir və istismar prosesində döyüş hazırlığı çərçivəsində yoxlama atışları vacibdir" – bunu Şimal donanmasının keçmiş komandiri, admiral Vyaçeslav Popov RİA Novosti-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Arktika zonası bütün Rusiya üçün raket baxımından ən təhlükəli ərazidir.
"Şimal donanması Arktikaya cavabdehdir. Əlaqələrin gücləndirilməsi yalnız bu günün deyil, həm də gələcəyin məsələsidir. Arktika həm nəqliyyat baxımından, həm də ölkənin müdafiəsini təmin etmək baxımından çox əhəmiyyətli bölgədir. "Zirkon" raketi kifayət qədər universaldır, silahlı qüvvələrin inkişafının müəyyən bir mərhələsində bütövlükdə Hərbi Dəniz Donanmasında aparıcı raket silahına çevriləcək və Rusiyanın təhlükəsizliyini pozan qərarlar qəbul edərkən digər ölkələr üçün güclü çəkindirici faktor rolunu oynayacaq", – deyə admiral izah edir.
Nəzarət vasitəsi
Sınaqlar zamanı "Zirkon" 450 kilometrə qədər həm quru, həm də dəniz hədəflərini vurub. Bəyan edilən atəş məsafəsi min kilometrdir. Maksimum uçuş sürəti 9 Max və ya saatda təxminən 11 min kilometrdir. Bu, raketi istənilən müasir və perspektivli müdafiə sistemləri üçün toxunulmaz edir.
Təəccüblü deyil ki, ABŞ da daxil olmaqla, Qərb ölkələri "Zirkon"a dərhal reaksiya veriblər. Hipersəsli silahlar sahəsində Rusiyadan əhəmiyyətli dərəcədə geri qaldığını etiraf edən Pentaqon bu raketlərin hər buraxılışını diqqətlə izləyir. Amerikalı mütəxəssislər bu kompleksi ABŞ Donanmasının əsas zərbə qüvvəsi olan təyyarə gəmiləri üçün ciddi təhlükə hesab edirlər.
Ümum-Rusiya Donanmasına Dəstək Hərəkatının (DPF) sədri, 1-ci dərəcəli kapitan Mixail Nenaşevin sözlərinə görə, "Zirkon" da daxil olmaqla, ordu və donanma üçün bütün texnoloji yeniliklər Qərbin təcavüzkar ssenarilərinə bir cavabdır.
"Aydın məsələdir ki, Qərb ölkələri Fransa və ABŞ hərbçilərinin son bəyanatları fonunda Rusiyanı təhlükəli düşmən kimi təqdim etməyə çalışır. Ssenarilər çoxdan işlənib hazırlanıb. Qərbin siyasi sinfi Rusiya əleyhinə kurs formalaşdırır. Odur ki bütün imkanlarımızı inandırıcı şəkildə nümayiş etdirməliyik", – deyə o bildirir.
Ekspert belə hesab edir ki, "Zirkon"la silahlanmış on sualtı və səth gəmisi nüvə hücum və müdafiə silahları ilə birlikdə şimal donanmaçılarına ölkənin müdafiəsi ilə bağlı istənilən geosiyasi tapşırığın öhdəsindən gəlməyə imkan verər.
"Bu raket elə xüsusiyyətlərə malikdir ki, bütün proqnozlara görə, amerikalılar təcili tədbirlər görmədən on ilə belə onun kimi bir raket yarada bilməyəcəklər. "Zirkon"un bazasında strateji cəhətdən effektli müdafiə sistemi inşa etmək mümkündür. Özü də Strateji Hücüm Silahları-1 və Strateji Hücüm Silahları-2 müqavilələri dövrünə nisbətən daha az vəsait hesabına. On gəmi Arktikanı qoruyacaq və Şimal dəniz yolunun təhlükəsizliyini təmin edəcək. "Zirkon"lar quru hədəflərini vura, Norveçdəki və ya Alyaskadakı NATO obyektlərini məhv edə bilər. Bundan başqa, raket daşıyan aviasiya üçün "Zirkon" versiyasının yaradılması məsələsi də müzakirə olunur", – deyə Nenaşev izah edir.
Diqqətəlayiq haldır ki, "Zirkon" raketləri hələ istismara verilmədən artıq siyasətə təsir göstərə bilib. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun sözlərinə görə, kompleksin uğurlu sınaqları rusiyalı diplomatlara silah nəzarətinə dair amerikalılarla danışıqlar prosesində inam verir.