BAKI, 8 may — Sputnik. 30 ilə yaxın idi ki, mayın 8-ni kədərlə, ürək yanğısı ilə, təəssüflə, daha çox da xəcalətlə, utancla yada salırdıq. Şuşanın, bu cənnətməkan şəhərimizin ermənilərin əlində, tapdağı altında olmasını xatırlayanda uşaqlı-böyüklü bütün azərbaycanlıların bağrı dağlanırdı. 8 may 1992-ci il müasir Azərbaycan tarixinin ən utancverici səhifəsi idi. Bu 30 ildə elə bir bayram, şənlik, büsat olmurdu ki, növbəti dəfə Şuşada qeyd eləməyi, Cıdır düzündə toplaşmağı arzulamayaq. Ancaq etiraf etməliyik ki, zaman keçdikcə Şuşanı yenidən görəcəyimizə olan ümidimiz də öləziyirdi.
Nəhayət, 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri erməniləri Şuşadan qovub çıxartdı, Qarabağın ən qiymətli "inci"sini özümüzə qaytardı, bizə ömür boyu unuda bilməyəcəyimiz sevinc, qürur hissi yaşatdı, xəyallarımızı gerçəyə çevirdi, arzularımızı çin etdi.
Şuşanın təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri bu adla yanaşı, xanın şərəfinə Pənahabad da adlandırıblar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə də hamam, məscid və bulaq olub.
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm yaşayış məntəqələrindən birinə çevrilib. Onu həndəvərinə böyük və güclü sədd çəkilib, şəhərdə çoxsaylı sənətkar məhəllələri yaradılıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada "Pənahabadi" adlanan gümüş sikkə zərb edilirdi.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrildi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi", "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. Əvvəllər Azərbaycanda, o cümlədən, Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr tərəfindən ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək sistemləşdirilməyə və kütləviləşməyə başladı. O dövrdə əslən Şuşadan olan dahi bəstəkarımız Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində bu şəhərdə peşəkar musiqi təhsilinin bünövrəsi qoyuldu, mədəniyyətin və iqtisadiyyatın digər sahələri da uğurla inkişaf etdirildi.
Ta ki 1992-ci il may ayının 8-də şəhər erməni hərbi birləşmələri tərəfindən işğal edilənə kimi. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər də məlumat yoxdur.
Erməni vandalları Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini bu şəhərdən silmək məqsədilə 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən, Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeylərini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıb, buradakı nadir sənət incilərini talayaraq məhv ediblər. Şəhərin tarix muzeyinin 5 minədək eksponatı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək eksponatı, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox eksponat), müğənni Bülbülün (400-dək eksponat), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox eksponat) xatirə muzeylərinin fondları tamamilə qarət edilib.
Artıq Şuşadan erməni vandalizminin izlərini silmək, bu gözəl şəhərimizi yenidən cənnətməkana çevirmək üçün irimiqyaslı layihələrin icrasına başlanılıb.
Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirə salınmadan inventarizasiyası aparılıb. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də diqqət yetirilib. Prezidentin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilib.
Mayın 7-də isə Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Ölkə başçısı Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alıb ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.
Mayın 7-də Şuşa ilə bağlı daha bir sevindirici xəbər aldıq. Heydər Əliyev Fondundan verilən məlumata görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bu şəhərlə yanaşı, Vətən müharibəsinin də rəmzinə çevrilmiş gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı yenidən təşkil olunacaq. Qeyd edək ki, "Xarıbülbül" festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. Hazırda festivala son hazırlıq işləri görülür.
Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.