Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 8 may — Sputnik. Azad edilmiş ərazilərdə 313 tarixi abidənin monitorinqi keçirilib. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, indiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Nazirlik rəsmisinin sözlərinə görə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib: "Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətini işğalçılar tamamilə məhv ediblər. Həmin abidələrin dağıdıldığı, vandalizmə məruz qaldığı aşkarlanıb".
Qafarzadə əlavə edib ki, 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur: "Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur. Müəssisələrin hamısı, demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb".